|
6-10 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda Mədən və Metal İxracatçı Birliyi Ümumi Katibliyinin təşkilatçılığı altında “ CeBIT İnformasiya Avroaziya Beynəlxalq Məlumat və Ünsiyyət Texnologiyaları” Sərgisi çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.
|
|
10-14 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda Orta Anadolu İxracatçı Birliyi Ümumi Katibliyinin təşkilatçılığı altında “TATEF 13-cü Beynəlxalq Metal İşləmə və Texnologiyaları” Sərgisi çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.
|
|
Macarıstanın “İnnovaSter” şirkəti ölkəmizin Macarıstandakı Səfirliyinə müraciət edərək kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq etmək üçün tərəfdaşların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir.
|
|
2 dekebr 2010-cu il tarixdə Yunanıstanın Saloniki şəhərində Qara dəniz bölgəsində sahibkarlığın və yaşıl inkişafın təşviq edilməsi üzrə Biznes Forum keçiriləcək.
|
|
6-10 oktyabr 2010-cu il tarixləri arasında İstanbulda “14-cü Beynəlxalq İş Forumu (IBF) Konqresi” və “13-cü MÜSİAD Beynəlxalq Ticarət Sərgisi” çərçivəsində Alış Heyəti proqramı təşkil olunacaq.
|
|
27-29 avqust 2010-cu il tarixlərində Çinin Vencou (Wenzhou) şəhərində 15-ci Beynəlxalq Dəri, Ayaqqabı malları və Ayaqqabı istehsalı maşınları Sərgisi keçiriləcək.
|
|
İstanbulda Hindistan-Türkiyə-MDB Biznes Forumu keçiriləcək. 24-25 avqust 2010-cu il tarixlərində keçiriləcək tədbirdə əsas diqqət MDB ölkələrinə, eləcə də tərəfdaş ölkə kimi Azərbaycana ayrılacaq. İki günlük üçtərəfli Biznes Forumda müxtəlif mövzulara dair maraqlı müzakirələr aparılacaq.
|
|
4-5 sentyabr 2010-cu il tarixində Rusiya Federasiyasının Muçirinski şəhərində Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi və Tambov vilayətinin rəhbərliyi ilə “Bağçılıq günü-2010” Ümumrusiya sərgisi keçiriləcək.
|
|
8-11 sentyabr 2010-cu tarixlərində Çinin Fyizyan vilayətinin Syamen şəhərində 14-cü Beynəlxalq İqtisadi-Ticarət və İnvestisiya yarmarkası və 2-ci Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
|
|
1-3 noyabr 2010-cu il tarixində Moskva şəhərinin “Krokus Ekspo” sərgi mərkəzində 2-ci xüsusiləşdirilmiş tikinti materialları “Строительный сезон – 2010” adlı sərgisinin keçirilməsi nəzərdə tutulur.
|
|
Azərbaycan Bank Tədris Mərkəzi, “Beynəlxalq Diplomlu Peşəkar Mühasib“ (CIPA-Certified International Professional Accountant) beynəlxalq diplomunu almaq üçün tədris kurslarına dəvət edir.
|
|
Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə və keçirdiyi kotirovka sorğusunun nəticəsində əldə olunan Milli Muhasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun avtomatlaşdırılması üçün xüsusi proqram təminatı “LINK&A” MMC tərəfindən işlənib hazırlanmışdır.
|
|
Nəzərinizə çatdırırıq ki, 07-10 Oktyabr 2010-cu il tarixlərdə Koreyanın Gvangju şəhərində qida sahələrinə həsr edilmiş iri miqyaslı “Gwangju Fond 2010” sərgisi və aparıcı Koreya şirkətləri ilə biznes-danışıqlar təşkil olunacaq.
|
|
İstanbul Tekstil ve Hazır Geyim İxracatçıları Birlikləri Baş Katibliyinin (İTKİB) təşkilatçılığı ilə, 24-29 Avqust 2010 tarixləri arasında İstanbulda “İstanbul Fashion Week” çərçivəsində, bir Alış Heyəti proqramının keçirilməsi planlaşdırılır.
|
|
Bu günlərdə ASK-nın fəal üzvlərindən olan “ MətanətA” şirkətinin yaradılmasının 10 illik yubileyi tamam olur. Bu münasibətlə kollektivi təbrik edir, yeni uğurlar arzu edirik.
|
|
ASK-nın üzvləri olan sahibkarlar və iş adamları 195-2 nömrəsinə zəng edərək Konfederasiya, onun fəaliyyət və yeniliklər barədə geniş məlumat və göstərdiyi xidmətlər haqda məlumatları əldə edə bilərlər.
|
|
Isveçrənin Beynəlxalq səviyyədə tanınmış "Swecando AB" şirkəti Azərbaycandə tərəf müqabilləri axtarır. Şirkət bir sıra Avropa və BMT ölkələrinin şirkətləri ilə sıx əməkdaşlıq edir.
|
|
|
Azərbaycan-Türkiyə biznes forumu keçirilib
 29 iyul 2010-cu il tarixdə Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyə Xarici Ticarət Müstəşarlığının təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, ticarət, turizm, qida sənayesi, maliyyə, neft, qaz, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.
Forumda iştirak edən iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxışına Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı ilə başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ixrac imkanlarının genişləndiyini bildirib. Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan Ş.Mustafayev türk iş adamlarını ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa və Azərbaycanlı həmkarları ilə əlaqələrini daha da genişləndirməyə dəvət edib.
Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər Cağlayan Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün real imkanların olduğunu, əməkdaşlığın inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkənin investisiya imkanları, Azərbaycan və Türkiyə arasındakı iqtisadi-ticari əlaqələri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Novruzov isə Muxtar Respublikanın investisiya imkanları barədə təqdimatlarla çıxış ediblər.
Biznes forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin İxracatçılar Məclisinin direktorunun müavini Bülent Aymen və Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Cengiz Gül çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələr barədə məlumat verərək işgüzar əməkdaşlığın daha da genişlənməsində özəl bölmənin xüsusi əhəmiyyətini qeyd ediblər.
Tədbirdə həmçinin, Azərbaycan haqqında film nümayiş olunub və yerli şirkətlər tərəfindən Azərbaycanda potensial investisiya layihələrinin təqdimatı keçirilib.
Biznes forum iş adamları arasında işgüzar görüşlərlə davam etdirilib.

|
|
ASK-nın nümayəndəsi III Astana İqtisadi Forumunda iştirak edib
1-2 iyul 2010-cu il tarixdə Qazaxıstanda III Astana İqtisadi Forumu keçirilib. 2008-ci ildən başlayaraq hər il keçirilən toplantı bu dəfə “Böhrandan sonrakı dövrdə dayanıqlı iqtisadi artım” məsələlərinə həsr olunub. Forumda 70-dən artıq ölkədən iqtisadi və işgüzar dairələrin ekspertləri, siyasi və ictimai xadimlər daxil olmaqla, 2500-dən çox nümayəndə iştirak edib. İki gün davam edən forum çərçivəsində 17 iclas keçirilərək bir sıra sənədlər imzalanıb. Forumda böhrandan sonrakı dövrdə iqtisadi artım və insan amilindən istifadə məsələləri, iqtisadi potensialın artırılmasında dövlətin rolu, böhranın aradan qaldırılmasında beynəlxalq təcrübə, MDB ölkələrində böhrandan sonrakı inkişaf məsələləri, qlobal enerji-ekoloji strategiyanın formalaşdırılması, iqtisadi inteqrasiya və digər mövzularda müzakirələr aparılıb. Aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edərək ölkəmizin iqtisadiyyatı, aparılan islahatlar və əldə olunan uğurlar barədə iştirakçıları məlumatlandırıb.
III Astana İqtisadi Forumu çərçivəsində Qazaxıstanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi və Qazaxıstanın Milli İqtisadi Palatası olan “Atamekan Union” tərəfindən Avropa və Asiyanın 34 ölkəsindən 95 təşkilatı təmsil edən 600-dən çox nümayəndənin iştirak etdiyi Sənayeçilərin və Sahibkarların İşgüzar forumu təşkil edilib. İşgüzar forum çərçivəsində bir çox sənəd imzalanıb. Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən ASK-nın vitse-prezidenti Zakir Əzimov 19 təşkilatın daxil olduğu Avrasiya Biznes Konqresinin Beynəlxalq Təşkilati Komitəsinin yaradılması ilə bağlı razılaşma sənədinə imza atıb.
Qeyd edək ki, bu sənədin imzalanmasının məqsədi dayanıqlı və effektiv iqtisadi əlaqələrin inkişaf etdirilməsi, dövlətlərin iqtisadi siyasətinin yaradılmasında fəal iştirak etmək məqsədilə biznes dairəsinin cəhdlərini bir araya gətirilməsi, dövlət və işgüzar dairələr arasında sistematik dialoqun yaradılması, Avropa və Asiya ölkələrinin hərtərəfli biznes əməkdaşlığını genişləndirilməsi və müxtəlif ölkələrin işgüzar təşkilatlarının birliyinin təmin edilməsidir.
 |
|
“Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir keçirilib
10 iyul 2010-cu il tarixdə İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Zaqatala rayonunda “Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, heykəli önünə əklil qoymuşlar. Sonra “Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına böyük önəm verdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, ölkəmizdə böyük inamla davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq, 2010-cu ilin yanvar-may ayları ərzində ÜDM 4,3% artaraq 16,5 mlrd. manat təşkil etmişdir. Bu dövrdə qeyri-neft sektorunda 4,9%-lik artıma nail olunmuşdur.
Tədbirin keçirilməsində əsas məqsədin də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, eləcə də qeyri-neft məhsullarının istehsalı və ixracı imkanlarının artırılması məsələlərinin müzakirəsi olduğu qeyd olunmuşdur.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Həmzə Süleymanov son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Zaqatalanın da sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibi Məhəmmədəli Əfəndiyev ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini qeyd etmiş, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermişlər.
Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalının təqdimatı keçirilmiş, www.b2b.az portalın biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilmişdir.
Tədbir iştirakçıları həmçinin, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən ixrac qabiliyyətli müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar.
|
|
ASK-nın prezidenti Koreya səfiri ilə görüş keçirib
ASK-nın prezidenti cənab Məmməd Musayev Koreyanın Azərbaycandakı səfiri ilə görüş keçirib. İlk öncə cənab Li Yi-Hanı Azərbaycana yeni səfir təyin olunması münasibəti ilə təbrik edən cənab Musayev ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Musayev ASK haqqında ətraflı məlumat verərək Koreyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi ilə mövcud əlaqələrdən danışıb və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Cənab Li Yi-Ha öz növbəsində Koreya Respublikasının Azərbaycanda həyata keçirəcək layihələri barədə məlumat verərək bildirib ki, bu layihələr əsasən dövlətlərarası razılaşma əsasında yerinə yetiriləcək. Səfir daha sonra hər iki ölkənin özəl şirkətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi məsələsinə toxunub. ASK-nın prezidenti Azərbaycan iqtisadiyyatının prioritet sahələri haqqında məlumat verərək, əsasən qeyri-neft sektorunun inkişafı istiqamətində əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıb.
Cənab səfir belə görüşlərin mütəmadi olaraq keçirilməsini, daha öncə nəzərdə tutulan Azərbaycan iş adamlarının Koreyaya səfərinin bu ilin payız aylarında reallaşdırılmasını təklif edib. Məmməd Musayev bu səfərə ciddi hazırlığın lazım olduğunu, iki ölkənin şirkətləri arasında əvvəlcədən əməkdaşlığın yaradılması və bu istiqamətdə müəyyən işlərin görülməsinin lazım olduğunu bildirib.
|
Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı mövzusunda tədbir keçirilib
6 iyul 2010-cu il tarixdə İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Avropa İttifaqının Azərbaycan Nümayəndə Heyətinin təşkilatçılığı ilə “Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda seminar-müşavirə keçirilib.
Gəncə şəhərində baş tutan tədbiri Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov açıq elan edərək Azərbaycanda əlverişli biznes mühitinin formalaşması, sahibkarlığa dövlət dəstəyinin daha da gücləndirilməsi və ölkəmizin iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsindən söhbət açıb.
Tədbirdə iştirak edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Manfredas Limantas, “İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi”nin eksperti Edil Kalaşev, Avropa Komissiyasının Ticarət Departamentinin nümayəndəsi Marise Koutsourdais ixraca yardım sistemi, “GSP+” proqramı və ondan istifadə imkanları barədə sahibkarların suallarını cavablandıraraq mövzu ətrafında müzakirələr aparıblar. Azərbaycan regionlarında sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, regionların sahibkarları üçün potensial ixrac bazarları və həmin bazarlara çıxış imkanlarının araşdırılması mövzusuna həsr olunmuş tədbirdə iştirak edən Marise Koutsourdais Avropa İttifaqına ixrac imkanları barədə ətraflı məlumat verərək İxraca Yardım saytının təqdimatını keçirib.
ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, regionun sahibkarları üçün potensial ixrac bazarları və bu bazarlara çıxış imkanlarından, sahibkarların maarifləndirilməsi kimi prioritet sayılan məsələlərdən danışaraq sahibkarlığın inkişafında qeyri-hökumət təşkilatlarının rolunun böyük əhəmiyyət kəsb etdiyini bildirib.
ASK-nın üzvü olan FİNRE Konsaltinq MMC-nin direktoru F.Abbasov Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin “İstehsalçı və istehlakçılar arasında elektron ticarət portalının” (E-trade) təqdimatını edib. İqtisadi inkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə yaradılan elektron ticarət portalı sahibkarlığın inkişafına dövlət dəstəyinin nümunəsi kimi sahibkarlara biznes əlaqələrinin qurulmasında etibarlı köməkçi, dünya bazarına daha rahat çıxmağa imkan yaradan vasitədir. Portaldan istifadə iş adamlarına istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə məlumatların potensial alıcılara çatdırılmasına, biznes əlaqələrinin genişləndirilməsinə, bazarlara sərbəst çıxışın təmin olunmasına, alıcıların bu məhsul və xidmətlərə tələbatı barədə informasiya əldə etməsinə imkan yaradır.
Sonda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən ixrac qabiliyyətli Gəncə Şərab 2 ASC, Jardin Royal və Neon şirkətlərinin fəaliyyətinə baxış keçirilib.

|
|
ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının
tamhüquqlu üzvü oldu
Beynəlxalq İşəgötürənlər Təşkilatının İdarə Heyətinin mart ayında keçirilən iclasında Azərbaycan Sahibkarlar Konfederasiyasının tamhüquqlu üzv seçilməsi barədə qəbul etdiyi qərar 1 iyun 2010-cu il tarixdə Ümumi Şuranın sessiyasında yekdilliklə təsdiq edilib. Bu münasibətlə, BİT-in Baş Katibi cənab Antonio Penalosa təşkilatın bütün kollektivi adından ASK-nın prezidenti cənab Məmməd Musayevə təbrik məktubu göndərərək Azərbaycanda biznesin təşviqində onlara göstərdiyi köməkliyə görə minnətdarlığını bildirib.
|
|
Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin iclası
30 iyun 2010-cu il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Rəyasət Heyətinin iclası keçirilib. ASK-nın prezidenti cənab Məmməd Musayev iclası açıq elan edərək hesabat dövrü ərzində ASK-nın fəaliyyəti və sahibkarlığın inkişafı sahəsində gördüyü işlər barədə məlumat verib. Tədbirdə iştirak edən İqtisadi İnkişaf nazirinin müavini cənab Niyazi Səfərov Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətindən, sahibkarlığın inkişafı istiqamətində atılan addımlardan, bu işdə Azərbaycan Sahibkarlıq Konfederasiyası ilə İqtisadi İnkişaf Nazirliyinin birgə fəaliyyətindən və 21 iyun 2010-cu ildə tərəflər arasında imzalanmış anlaşma memorandumunun məqsədlərindən danışaraq sahibkarlığın inkişafında ASK-nın oynadığı rolun əhəmiyyətini qeyd edib.
İclasda ASK-nın üzvü olan FİNRE Konsaltinq MMC-nin direktoru F.Abbasov Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin “İstehsalçı və istehlakçılar arasında elektron ticarət portalının” (E-trade) təqdimatını edib. İqtisadi inkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə yaradılan elektron ticarət portalı sahibkarlığın inkişafına dövlət dəstəyinin nümunəsi kimi sahibkarlara biznes əlaqələrinin qurulmasında etibarlı köməkçi, dünya bazarına daha rahat çıxmağa imkan yaradan vasitədir. Portaldan istifadə iş adamlarına istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə məlumatların potensial alıcılara çatdırılmasına, biznes əlaqələrinin genişləndirilməsinə, bazarlara sərbəst çıxışın təmin olunmasına, alıcıların bu məhsul və xidmətlərə təlabatı barədə informasiya əldə etməsinə imkan yaradır.
Rəyasət Heyətinin iclasında ASK-nın fəaliyyətinin 2010-cu ilin I yarımilinin yekunlarına dair hesabatı təqdim olunub. İclasda ASK-nın baş katibi və müvafiq şöbə müdirləri çıxış edərək hesabat dövrü ərzində ASK-nın beynəlxalq əlaqələrin yaxşılaşdırılması sahəsində gördüyü işlər, Almaniyanın Bildungswerk Der Wirtshaft Meklenburq-Vorpommern e.V təşkilatı ilə “Sosial Dialoq Sahəsində Əməkdaşlıq” müqaviləsinin yerinə yetirilməsi, üzvlük haqqlarının yığılması, üzvlüyə qəbul və cari məsələlər haqqında ətraflı məlumat veriblər.
ASK-nın cari ilin birinci yarımilində fəaliyyəti haqqında hesabatında bildirilir ki, konfederasiya fəaliyyətini Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş əsas istiqamətlərə uyğun olaraq planlaşdırılmış qaydada və ardıcıllıqla həyata keçirir. İclasda ASK-nın sahibkarlar, dövlət orqanları, yerli qurumlarla birgə fəaliyyəti və respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiya və təşkilatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı gücləndirməsi və Beynəlxalq İşəgötürənlər Təşkilatında, Ümumdünya QHT Assosiasiyasında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü ləyaqətlə davam etdirməsi barədə məlumat öz əksini tapıb.
İclasda üzvlüyə qəbul məsələləri müzakirə edilərək bildirilib ki, 19 fevral 2010-cu ildən 25 iyun 2010-cu il tarixədək 100 nəfərdən çox hüquqi və fiziki şəxs olan sahibkarlıq subyekti Konfederasiyanın üzvlüyünə daxil olmaq üçün ərizə ilə müraciət edərək ASK-nın prezidenti tərəfindən üzvlüyə qəbul olunub.
Rəyasət Heyəti iclasında bunlarla yanaşı digər cari məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
 |
|
İqtisadi İnkişaf Nazirliyi ilə ASK arasında Anlaşma Memorandumu imzalanmışdır.
İyunun 21-22-də İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısı çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının təşkilatçılığı ilə “Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları” mövzusunda Konfrans keçirilib.
Tədbirdə Azərbaycan, MDB və digər ölkələrdən dövlət rəsmiləri ilə yanaşı, İslam İnkişaf Bankı Qrupu və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, maliyyə və bankçılıq, loqistika, səhiyyə, sənaye, tikinti, enerji və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli və xarici iş adamı iştirak edib.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın vəziyyəti haqda, aparılan islahatlar və əldə olunmuş uğurlar, eləcə də ölkəmizin investisiya imkanları barədə ətraflı məlumat verib.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək Konfransın ölkələr arasında əlaqələrin inkişafında vacibliyini vurğulayıb.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid əl-Abudi isə çıxışında təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermiş, iş adamlarını əməkdaşlığa dəvət edib.
Tədbirdə Azərbaycanın və bəzi MDB ölkələrinin səlahiyyətli şəxsləri tərəfindən biznes və investisiya imkanları barədə iştirakçılara geniş məlumat verilib. Konfransda AZPROMO Azərbaycanın təqdimatı, Azərbaycan İnvestisiya Şirkəti və Xəzər Beynəlxalq İnvestisiya Şirkəti təmsil etdikləri qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi isə Muxtar Respublikanın investisiya imkanları barədə təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İqtisadi İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənədi İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev və Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıblar. Memorandumun məqsədi Tərəflər arasında Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirlər planını, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərinin müəyyən edilməsidir.
Konfrans zamanı həmçinin, Azərbaycan İnvestisiya Şirkəti, “Azərtoxum” MMC və “Azəraqro” MMC arasında birgə investisiya qoyuluşuna dair müqavilə, Azərbaycan Beynəlxalq Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında “Azərbaycan Beynəlxalq Bankı üçün təklif olunan maliyyələşdirmə xəttinin şərtləri üzrə saziş” imzalanıb.
Qeyd edək ki, İslam İnkişaf Bankı 1975-ci ildən fəaliyyət göstərir. Bankın 56 üzvü var. İslam İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısı üç ildən bir Səudiyyə Ərəbistanın Ciddə şəhərində olmaqla, hər il üzv ölkələrin birində keçirilir. Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir iqtisadi inkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.
 |
|
ASK Prezidentinin rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının növbəti 99-cu Sessiyasında iştirak etmişdir.
ASK-nın Prezidenti cənab Məmməd Musayevinin rəhbərliyi ilə ASK-nın nümayəndə heyəti sosial tərəfdaşlar olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndələri ilə birlikdə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının növbəti 99-cu Sessiyasında iştirak etmişdir.
İyun ayının 14-də Beynəlxalq Əmək Konfransının 99-Sessiyasında keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyəti adından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Müavini cənab Natiq Məmmədov çıxış edərək Sessiya iştirakçılarını Azərbaycan Hökumətinin əhalinin sosial müdafiəsi sahəsində göstərdiyi fəaliyyətdən və əhalinin sosial müdafiəsinin beynəlxalq tələbatlara uyğun təkmilləşdirilməsi üzrə hökumətin həyata keçirdiyi səy və tədbirlərlə məlumatlandırdı.
Beynəlxalq Əmək Təşkilatının fəal sosial tərəfdaşlarından olan Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti cənab M. Musayev Sessiya çərçivəsində, plenar iclasdan sonra müvafiq təşkilatların bir-sıra nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirmişdir. Rusiya, Ukrayna Litva, Qazaxıstan, Türkiyə, İran, Macarıstan, Malta, İtaliya, Fransa işəgötürənlər təşkilatlarının nümayəndə heyətləri ilə keçirilən ikitərəfli görüşlərdə müvafiq təşkilatlar arasında işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişləndirilməsi yönümündə məhsuldar müzakirələr aparılmışdır.
İyun ayının 15-də, ASK-nın prezidenti cənab M. Musayev Beynəlxalq İşəgötürənlər Təşkilatının Baş Katibi cənab Antonio Penasola ilə görüşərək Sessiya çərçivəsində cənab Toşio Suzukinin Asiya üzrə regional vitse-prezidenti seçilməsi və İdarə heyətinin təyin olunması üzrə məsələləri müzakirə etmişdir. Səmimi və işgüzar məcrada keçirilən görüşdə, cənab Penalosa cənab M. Musayevin Konfederasiyaya prezident seçilməsindən sonra beynəlxalq təşkilatlarla əlaqələrinin daha da intensivləşməsini və səmərəliliyini qeyd etmişdir. Belə bir səmərəli fəaliyyət nəticəsində, bu ilin mart ayında BİT-in İdarə Heyətinin iclasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası BİT-in daimi üzvlüyünə seçilməsi barədə qərar qəbul olunmuşdur. ASK-nın daimi üzv seçilməsi onun inkişafı və təkmilləşməsi üçün böyük təkan olacaqdır. Bu münasibətlə, cənab Penasola ASK-nın prezidentini təbrik edərək ona səmərəli fəaliyyətində uğurlar diləmişdir. Bununla yanaşı, keçən ilin oktyabr ayında Riqada keçirilən BİT-nin Avropadan olan üzv dövlətlərinin illik toplantısında cənab Musayevin belə bir toplantının 2011-ci il üçün Bakıda keçirilməsi təklifinin irəli sürülməsi bir daha vurğulanmışdır. Cənab Antonio Penasola bu təklifi yüksək qiymətləndirdiyini bildirərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycandakı sürətli və hərtərəfli iqtisadi inkişaf və infrastruktur təkmilləşmələri belə bir mötəbər səviyyəli tədbirin Bakıda keçirilməsi üçün zəmin yaradır. Müzakirələrdən sonra, belə bir mötəbər tədbirin 2011-ci ilin payızında Bakıda keçirilməsi üzrə ilkin razılıq əldə edilmişdir. Bu barədə yekun qərarın çıxarılması bu ilin sentyabr ayında Maltada keçiriləcək Avropa dövlətləri işəgötürənlər təşkilatlarının növbəti toplantısında nəzərdə tutulması bir daha bəyan edildi. Cənab Penasola belə bir tədbirin Bakıda keçirilməsinin əhəmiyyətindən danışaraq onun Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının inkişafına təkan verəcəyini qeyd etmişdir. Öz növbəsində, cənab Musayev belə bir mötəbər tədbirin Bakıda keçirilməsi üçün lazım olan bütün təminatların yerinə yetiriləcəyini bəyan edərək, onun keçirilməsi üzrə fəaliyyətin Azərbaycanın müvafiq nazirlik və təşkilatları ilə koordinasiya olunacağını bildirmişdir.
İyun ayının 16-da ASK-nın nümayəndə heyəti Sessiya çərçivəsində BƏT-nin Sosial Müdafiə Sektorunun“Sosial Müdafiə təşəbbüsləri və Ətraf Mühitin Qorunması” üzrə keçirilən komissiyanın iclasında iştirak etmişdir.
Səfər çərçivəsində qərara alınmışdır ki, BƏT-in müxtəlif komissiyalarında daha fəal iştirak etmək üçün daha intensiv səylər göstərilsin və müvafiq hesabatlar hazırlansın.
 |
|
ASK Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak etdi
17-ci “Xəzər Neft və Qaz” sərgisi keçirildi. 1-4 iyun tarixləri arasında davam edən sərginin açılışı yeni istifadəyə verilmiş “Bakı Expo” sərgi kompleksində olub.
Sərginin açılışında iştirak edən prezident İlham Əliyev ölkənin iqtisadi inkişafından danışaraq Azərbaycanın neft-qaz sektorundakı nailiyyətlərindən, ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmindən söhbət açıb. Prezident “Xəzər Neft və Qaz” sərgisinin “Bakı Expo” sərgi kompleksinin açılışı ilə eyni günə təsadüf etməsinin mühüm hadisə olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sərgini dəstəkləyir. Ənənəvi olaraq bütün dünyanın neft sənayesi liderlərini bir araya gətirən sərgidə ASK-nın prezidenti cənab Məmməd Musayev və nümayəndə heyəti iştirak edib. 4 gün ardıcıl keçirilən sərgidə iştirak edəcək nümayəndə heyəti ziyarətçiləri ASK-nın fəaliyyəti, göstərdiyi xidmətlər, beynəlxalq təşkilatlarla əlaqələri haqqında məlumatlandıraraq onlara müxtəlif broşuralar, bülleten və digər maarifləndirici nəşrlər təqdim edib.
Böyük Britaniyanın “İTE Group Plc” şirkəti tərəfindən təşkil olunan sərgi Azərbaycanın Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ARDNŞ tərəfindən tam dəstəklənir. Sərgidə 26 ölkədən 280 şirkət iştirak edir. Bu şirkətlər arasında BP, “Statoil”, “Inpex”, “Petkim”, OMV, RWE, TPAO, “BOTAŞ” və s. bu kimi tanınmış şirkətlərin adlarını çəkmək olar.

|
|
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) türkiyəli həmkarlarla işgüzar əlaqələri genişləndirir
ASK-nın prezidenti cənab Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. Ötən həftə baş tutan səfər zamanı Türkiyənin qabaqcıl biznes qurumları ilə əlaqələrin yaradılması, iki ölkənin iş adamları arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə İnvestisiya Dəstək və Təşviqat Agentliyi (TYDTA), Türkiyə Sənayeçilər və İş Adamları Dərnəyi (TÜSİAD) və Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) ilə ardıcıl görüşlər keçirilib. Konfederasiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması haqqında razılıq əldə edilib.
Türkiyə İnvestisiya Dəstək və Təşviqat Agentliyinin (TYDTA) rəhbərliyi ilə keçirilən görüş zamanı təşviqat xidmətləri şöbəsinin müdiri cənab Arda Açıksöz Türkiyədə investisiya mühiti, iqtisadiyyatın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında təqdimat edib. ASK-nın prezidenti cənab Məmməd Musayev konfederasiyanın fəaliyyəti haqqında məlumat verərək səmərəli əməkdaşlığın qurulması və davam etdirilməsinin məqsədəuyğunluğunu vurğulayıb
Xatırladaq ki, TYDTA Türkiyənin investisiya imkanlarını ümumdünya səviyyəsində nümayiş etdirən və investorlara Tükiyədə qoyacaqları investisiya ilə bağlı dəstək göstərən yeganə rəsmi qurumdur. TYDTA yerli və xarici investisiya imkanlarının təşviqi və qiymətləndirilməsi ilə bağlı bütün rəsmi qurumlarla əlaqə yaradaraq xüsusi xidmətlər təklif edir. Dünyanın 21 ölkəsində 15 nümayəndəliyi vasitəsilə təmsil olunan TYDTA xarici investorlara geniş xidmətlər göstərərək onların Türkiyədəki işgüzar fəaliyyətindən yüksək mənfəət əldə etmələrini asanlaşdırmaq üçün mühüm işlər görür.
Növbəti görüş Türkiyə Sənayeçilər və İş Adamları Dərnəyi (TÜSİAD) ilə keçirilib. Bankçılıq, qida sənayesi və digər qeyri-neft sahələri daxil olmaqla, müxtəlif mövzularda fikir mübadiləsi aparılıb. Maraq göstərilən sahələr üzrə birgə fəaliyyətin göstərilməsi üçün mövcud imkanlardan və təcrübədən yararlanaraq bu əlaqələrin daha da genişləndirilməsi barədə razılıq əldə edilib. Görüşdə TÜSİAD-ın geniş heyəti iştirak edib. İdarə Heyətinin sədri xanım Umit Boynerin rəhbərliyi ilə müxtəlif sahələrdə çalışan iş adamları; Haluk Dinçer, Tayfun Bayazit, Hasan Akçakayalıoğlu, Şüzeppi Farina, Tarik Sarıoğlu, Ş Zafer Ali Yavan və digərləri ilə ətraflı müzakirələr aparılıb.
Sonuncu görüş Türkiyə İqtisadi əlaqələr Şurasının (DEİK) İdarə Heyətinin üzvləri ilə keçirilib. Türkiyə-Azərbaycan Biznes Şurasının sədri, cənab Cengiz Gül, Biznes Şurasının Koordinator köməkçisi xanım Nurəngiz Eski, İş İnvestment Şirkətinin meneceri cənab Enver Dalkılıç, A.A.K. Gida Sanaye və Xarici Ticarət A.Ş, şirkətinin İdarə Heyətinin sədri cənab Ahmet Andiç, AvraAsya Texnoloji Mühəndislik və İnşaat Anonim Şirkətinin İdarə Heytıinin sədri cənab Selcuk Akat iştirak edib.
Görüşlər çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq hər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi sahibkarlığın inkişafına, xarici investisiyanın Azərbaycana cəlb edilməsinə və ölkədə fəaliyyət göstərən iş adamlarının Türkiyədəki işinin asanlaşdırılmasına yönəldilib. |
|
|
|
|