Mərkəzi Bankda sahibkarlarla görüş keçirilib
Mərkəzi Bankda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri və sahibkarlarla görüş keçirilib.
Görüşün məqsədi sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq qurmaqla milli iqtisadiyyatın iki mühüm sütunu kimi real sektorla maliyyə sistemi arasında əlaqələrin miqyasını genişləndirmək və dərinləşdirmək, ən mütərəqqi iqtisadi-idarəetmə texnologiyaları ilə bu əlaqələrin keyfiyyətini yüksəltməkdən və bu sahədə mövcud olan problemlərin və onların həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək Prezident İlham Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair iqtisadi tənzimləmə institutları və maliyyə sektorunun qarşısında qoyduğu vəzifələri önə çəkib. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyin dayanıqlılığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb və hazırda bu istiqamətdə genişmiqyaslı dərin islahatlar davam etdirilir. Ümumilikdə, 3-cü ildir ölkədə makroiqtisadi sabitlik formalaşıb. İnflyasiyanın hədəf dəhlizində formalaşması iqtisadi şərtlərdə müəyyənlik yaradıb və iqtisadi fəallığa mühüm dəstək verib. Milli valyutamızın məzənnəsi ölkədə makro-iqtisadi sabitliyin başlıca lövbəri kimi çıxış edib. Əldə olunmuş makroiqtisadi sabitliyi nəzərə alaraq ötən il monetar şəraitin həm pulun dəyərinin azaldılması, həm də pulun həcminin artırılması istiqamətində yumşaldılması həyata keçirilib.
Maliyyə sabitliyi məsələlərindən danışan E.Rüstəmov deyib ki, ölkədə maliyyə sektoru üzrə bir sıra həssaslıqlar qalsa da, maliyyə sabitliyi qorunur və kredit aktivliyinin bərpa olunması davam edir. Real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, bütün səviyyələrdə təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.
Sonra ASK-nın, ABA-nın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), kommersiya banklarının rəhbərləri, sahibkarlar çıxış edərək bildiriblər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında bu cür tədbirlər yüksək əhəmiyyət daşıyır, bu sahədə davamlı aktiv dialoq sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, xüsusilə də qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfə verəcək.
Görüşdə daha sonra sahibkarlarla maliyyə institutları arasında əməkdaşlığın perspektivləri, valyuta tənzimi, qiymətli kağızlar və səhm bazarı, maliyyə əlçatanlığı və mikromaliyyə institutlarının inkişafı, nağdsız hesablaşmaların inkişafı, problemli kreditlərin restrukturizasiyası məsələləri barədə çıxışlar dinlənilib, sahibkarlar və banklar üçün aktual problemlər ətrafında geniş müzakirələr aparılıb. Həmçinin ölkədə kapital bazarlarına sağlam iştirakçıların cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacibliyi önə çəkilib. Bütövlükdə, real sektorla maliyyə-bank sahəsinin uğurlu əməkdaşlığı üçün cəmiyyətdə maliyyə maarifləndirilməsi işinin bundan sonra daha da intensivləşdirilməsinin yüksək əhəmiyyəti qeyd olunub.
E.Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün çox faydalı olduğunu deyib. Diqqətə çatdırıb ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaq. Taktiki xarakter daşıyan məsələlərin həlli üzrə operativ tədbirlər görüləcək, strateji xarakter daşıyan və həlli qanunvericilik bazasının təkmilləşməsini və hökumətin qərarını tələb edən məsələlər üzrə isə Nazirlər Kabinetinə müvafiq təkliflər veriləcək. Eyni zamanda, qeyd olunub ki, bu cür görüşlər institutlaşacaq və müntəzəm surətdə keçiriləcək.
Görüşdə vurğulanıb ki, dövlətimizin başçısının irəli sürdüyü inkişaf strategiyasına uyğun olaraq bu il və qarşıdakı ortamüddətli dövr ölkədə yeni iqtisadi inkişaf modelinə keçid makroiqtisadi və maliyyə sabitliyin dayanıqlılığının qorunması, maliyyə-bank sisteminin real sektorun inkişafında rolunun artırılması baxımdan mühüm strateji horizont hesab olunur. Əminliklə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil islahatlar cəmiyyətin bütün təbəqələrinin iqtisadi inkişafdan, güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını artıracaq.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, həm də tarazlaşdırılmış iqtisadi inkişafı təmin etmişdir.
- Ölkə rəhbərliyinin, xüsusilə Azərbaycanın Birinci vitse–prezidenti Mehriban xanımın, iqtisadiyyatımızın lokomotivi olan sahibkarlığın aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.
Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər Azərbaycanda nəinki maliyyə bazarı, həmçinin onun heç bir strukturu; kommersiya və investisiya bankları, birjalar, sığorta təşkilatları və digərləri fəaliyyət göstərməmişdir.
Azərbaycanda sərt mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid ölkədə maliyyə bazarının, eləcə də ümumilikdə maliyyə sisteminin yenidən qurulmasını tələb edirdi.
Uğurlu iqtisadi siyasətin nəticəsi olaraq maliyyə sisteminin formalaşması və təkmilləşməsinə nail olunmuşdur ki, bu inkişaf maliyyə bazarının inkişafına da təsirsiz ötüşməmişdir. Maliyyə bazarı elə bazar formasıdır ki, burada əmtəə kimi maliyyə resursları çıxış edir. Başqa sözlə, maliyyə bazarı pul vəsaitlərinin iqtisadi subyeklər arasında bölgüsünü təmin edən bazardır. Onun əsas məqsədi pul vəsaitlərinin səmərəli şəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara ötürülməsini təmin etməkdən ibarətdir. Maliyyə bazarının yaranmasının zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür.
Ümumiyyətlə maliyyə sektoru iqtisadiyyatın qan damarlarıdır və onun inkişafı birbaşa iqtisadi sektorların da dirçəlməsinə, böyüməsinə imkan yaradır.
Bununla bağlı sahibkarları narahat edən bəzi məsələləri qısa qeyd etmək istərdim, çünki həmkarlarımız bu məsələlərin üzərində daha ətraflı dayanacaqlar.
Qeyd edim ki, ötən ilin sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlar arasında sorğu keçirdi. Sorğunun nəticələrinə görə, maliyyə məhsullarının kiçik və orta sahibkarlığın ehtiyaclarına uyğun olması barədə sualla əlaqədar sahibkarların böyük bir qismi bildirdilər ki, mövcud kredit faizlərinin və şərtlərin yumşaldılması ilə bağlı müəyyən təklifləri var.
Regionlarda sahibkarlıqla məşğul olan şəxslərin kredit almasında əsas çətinlik girov sistemi ilə bağlıdır. Daşınmaz əmlak olaraq rayonlardakı evlərin və torpaqların girov kimi tanınması tam reallaşmır. Sahibkarlar daşınar əmlakın girov qoyulması sistemindən istifadə edə bilmirlər.
Bunun göstəricisidir ki, Azərbaycanda özəl sektora verilən kreditlərin Ümumi Daxili Məhsula olan nisbəti Avropa, eləcə də qonşu dövlətlərlə müqayisədə çox aşağıdır. Dünya Bankının hesabatına görə, qonşu Gürcüstanda bu göstərici 62.6 faiz, Rusiyada 75.9 faiz olduğu halda, Azərbaycanda cəmi 20.8 faiz təşkil edir.
Azərbaycanda sahibkarları narahat edən xüsusi məsələlərdən biri də valyuta tənzimi rejimi ilə bağlıdır.
Hal-hazırda qüvvədə olan Qaydalara əsasən xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməlidir.
Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər.
Qeyd etmək istərdik ki, həyata keçiriləcək idxal əməliyyatlarının bir sıra obyektiv səbəblərdən xaricdəki avadanlıq istehsalçılarının öz planlamaları, sifarişlərin növbəliliyi, sifariş olunan avadanlıqların hazırlanmasının böyük və mürəkkəb texnoloji proses olması, hazırlıq prosesində texniki dəyişikliklərin edilməsi və maliyyə məsələləri, o cümlədən növbəti ödənişlərin edilməsində maddi problemlərin, gecikmələrin olması, xarici istehsalçıların müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi və ya müqavilədə istehsal ediləcək avadanlığın hazırlanma müddəti ilə qanunvericilikdə qeyd edilən müddətin uyğunlaşmaması halları baş verir. Eləcə də avadanlıq hissələr şəklində daxil olaraq burada yığılır və bu zaman da sənədləşmədəki fərqləri əsas gətirərək sahibkarlara cərimə tətbiq edilir.
Təklif edirik ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn sövdələşmə tarixçəsi tətbiq edilsin.
Əminik ki, maliyyə xidmətlərinin çeşidliliyi, fond bazarının və qiymətli kağızlar bazarının inkişafı, investisiya fondlarının fəaliyyətə başlaması Azərbaycanda sahibkarlığın inkişafına öz töhfəsini verəcək və bunun üçün Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, əlimizdən gələni əsirgəməyəcəyik.
Təbii ki, sahibkarların da bu sahədə müasir alətlərdən istifadə bacarıqlarının, maliyyə savadlılığının dərinləşdirilməsinə ehtiyac var və Azərbaycan Sahibkarlar Konfederasiyası bu sahədə Mərkəzi Bankla səmərəli əməkdaşlıq etməyə hazırdır.