skip to Main Content

ASK ilə BMT gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

ASK Ilə BMT Gələcək əməkdaşlıq Perspektivlərini Müzakirə Edib

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında gələcək əməkdaşlıq perspektivləri ilə bağlı görüş keçirilib.

Görüşdə ASK prezidenti Məmməd Musayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai də iştirak ediblər.

M.Musayev bildirib ki, Konfederasiya dövlətin sosial tərəfdaşıdır və bir neçə dövlət qurumu ilə  ASK arasında ikitərəfli əməkdaşlıq şuraları yaradılıb. “Bu əməkdaşlıq şuraları bir dialoq platformasıdır və sahibkarların iqtisadi tənzimləmə, qərarların qəbulu prosesində iştirakını təmin etmək məqsədi daşıyır”.

ASK prezidenti Azərbaycan hökumətilə bağlanan üçtərəfli Baş Kollektiv Saziş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə olan komissiyada müzakirəyə çıxarılan qanun layihələri barədə məlumat verib.

Həmçinin Konfederasiyanın BMT, Beynəlxalq Əmək Təşkilatı, Əhali Fondu, FAO ilə əməkdaşlığının müsbət nəticələrini xüsusi vurğulayıb.

Baş katib əvəzi Kristina Məmmədova ASK üzvləri, regiondakı və xaricdəki nümayəndələrinin fəaliyyəti barədə  qonaqları maraqlandıran sualları cavablandırıb.

Qulam İshaqzai bildirib ki, BMT Azərbaycanda qarşıdakı 5 il üçün fəaliyyət planı hazırlayır. O, Məmməd Musayevin BƏT və digər qurumlarla əməkdaşlığından razılığını ifadə edib və ASK ilə əməkdaşlığı genişləndirməyi təklif edib.

“BMT olaraq, biz də qurumda islahatlar aparırıq və dayanıqlı inkişafla bağlı islahatlarda daha fəal iştirak etməyə çalışırıq. Dayanıqlı inkişaf məqsədləri üçün ölkədəki bütün qüvvələri mobilizasiya etmək lazımdır. Əlbəttə, arzuladığımız inkişafa nail olmaq səviyyəsi müxtəlif ölkələr üzrə fərqli nəticələr verir. İstərdik ki, özəl sektorla əlaqələri genişləndirək və müəyyən çərçivələr hazırlayaq”.

Q.İshaqzai ASK ilə BMT arasında birgə əməkdaşlıq planının hazırlanması üçün işçi qrupun yaradılmasını təklif edib.

M.Musayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının, sahibkarlığın inkişafına töhfə vermək üçün ASK bu əməkdaşlığa hazırdır.

 

Back To Top