Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət etdi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir. İnsan həyatı və sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin hər kəs üçün icrası vacibdir. Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi, humanist davranış nümayiş etdirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülür.
Təbii ki, Azərbaycan vətəndaşının sağlamlığı bütün məqsədlərin əsasında dayanır. Bununla yanaşı qeyd edə bilərik ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olmuşdur. Xüsusilə qeyd etmək istərdik ki, məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir. Ona görə də bu qəbildən olan sahibkarların fəaliyyətini davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı vardır.
Artıq bir neçə gündür ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətini monitorinq edir. Bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanmış və bir neçə qaynar xətt təqdim edilmişdir. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühit formalaşmışdır. Hazırda koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən dövlət-özəl əməkdaşlığı formasında gələ biləcəyimizə inanırıq. Bu məqsədlə də Sahibkarlar Konfederasiyası dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır.
Sahibkarlar Konfederasiyası olaraq, Konfederasiyanın üzvü olan bütün sahibkarları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bütün tapşırıqlarına dəqiq əməl etmələrini tövsiyə edirik.
Sahibkarların müraciətləri üçün əlaqə vasitələri:
E-mail: office@ask.org.az
Sahibkarlarla iş və kommunikasiya şöbəsi: Mob: +994 51 229 97 22
Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi: Mob: +994 51 229 97 28
Hüquq və sosial tərəfdaşlıq şöbəsi: Mob: +994 51 229 97 24