ASK “Hindistan – Azərbaycan Biznes təşviqatı” mövzusunda video-konfransda iştirak edib
Dünən Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə “Hindistan – Azərbaycan Biznes təşviqatı, Problemlər və perspektivlər – Post COVİD-19” mövzusunda interaktiv video-konfrans keçirilmişdir.
Hindistanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü əsasında keçirilən görüşdə PHD Ticarət və Sənaye Palatasının prezidenti cənab D.K.Aggarval, Hindistanın Azərbaycandakı səfiri cənab B.Vanlalvavna, PHD Ticarət və Sənaye Palatasının vitse-prezident cənab Pradip Multani və Baş direktoru cənab Navin Set, ASK-nın Baş katibinin müavini Fuad Hümbətov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiya Departamentinin rəhbəri cənab Zöhrab Qadirov və Hindistanın turizm, aviasiya, kargo, “blokçeyn”, binaların havalandırılması və ventilyasiya, əczaçılıq, dəri məhsulları kimi sahələr üzrə fəaliyyət göstərən sahibkarları iştirak etmişlər.
Video-konfransda hazırda dünyada mövcud pandemiya ilə bağlı yaranmış vəziyyət haqqında fikir mübadiləsi aparılmış və bunun dünya iqtisadiyyatına təsirləri müzakirə edilmişdir. Post-pandemiya dövründə ölkələrarası iqtisadi-ticari əlaqələrin bərpa edilməsinin zəruriliyindən bəhs edilmişdir.
Fuad Hümbətov hər kəsi ASK prezidenti cənab Məmməd Musayevin adından salamlamışdır. Daha sonra o, pandemiya ilə əlaqədar ölkədə yaradılmış işçi qruplarında ASK-nın effektiv fəaliyyəti haqqında məlumat vermiş, iqtisadi və sosial sektorlara dövlət dəstəyi barədə ətraflı danışmışdır. Həmçinin ASK nümayəndəsi PDH Ticarət və Sənaye Palatası ilə imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumuna istinad edərək orada qeyd edilmiş sahələrin, xüsusən də turizm, kənd təsərrüfatı, əczaçılıq, xidmət sektoru, konsaltinq, İT üzrə əməkdaşlıq istiqamətlərində geniş potensialın olduğunu bildirmiş və post pandemiya dövründə adıçəkilən sahələr üzrə əməkdaşlığın yol xəritəsinin hazırlanmasını təklif etmişdir. Eləcə də, F.Hümbətov Hindistan və Azərbaycan şirkətlərinin əməkdaşlığı üçün müvafiq məhsul və xidmətlərinin yer ala biləcəyi rəqəmsal platformanın yaradılmasının hər iki ölkə sahibkarlarının fəaliyyətində effektiv rol oynayacağını önə çəkmişdir. O, bu istiqamətdə “ASK Biznes Konsaltinq”in rolunun vacibliyindən danışmışdır. Bundan başqa, Hindistanlı sahibkarların maraqlarını (xüsusən də, əczaçılıq, dəri məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı və s.) nəzərə alaraq, ölkəmizdə müvafiq sənaye parklarında istehsal sahəsi açmağa və bu parklarda investisiya təşviqinə dair dövlət dəstəyi mexanizmləri haqqında təkliflərini çatdırmışdır.
Sonda ASK və AZPROMO təmsilçiləri çoxsaylı hindli sahibkarların konkret suallarına cavablandırmışdır.