Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumu həmsədrlərinin video-konfrans formatında görüşü oldu
İyunun 18-də Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumunun (TAC) ASK və TOBB tərəfdən həmsədrləri – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, “Cahan Holding”in prezidenti cənab Vüqar Abbasovla TOBB İdarə heyətinin üzvü, “Terra İla. Ve Kimya San. Tic. A.Ş.” İdarə heyətinin sədri cənab Öztürk Oranın, eləcə də hər iki qurumun rəhbər şəxslərinin iştirakı ilə TAC-ın İdarə heyətinin tam tərkibdə ilk görüşünə hazırlıq məqsədilə video-konfrans keçirilmişdir.
Görüş iştirakçılarını salamlayan cənab Öztürk Oran qlobal səviyyədə COVID-19 pandemiyası səbəbilə ticarət dövriyyəsinin, eləcə də idxal-ixrac əməliyyatlarının azaldığını vurğulamışdır. Lakin, mövcud vəziyyətin post-pandemiya dövrü üçün Türk dünyasına verilmiş bir şans olduğunu və TAC-ın bu mərhələdə əhəmiyyətli rol oynayacağına əminliyini bildirmişdir.
Ö.Oran Azərbaycanın Türkiyədə investisiya qoyluşuna görə lider olduğunu həmçinin, TANAP və TAP layihələrinin Avropa enerji bazarında balansları dəyişdirdiyini qeyd etmişdir. O, TOBB-un bir sıra ölkənin müvafiq qurumları ilə ikili palatalar yaratdığını lakin, iqtisadi potensial baxımından ASK ilə qurulmuş bu palatanın daha güclü olacağına əmin olduğunu söyləmişdir.
Ö.Oran TAC-ın tam tərkibdə ilk iclasının cari ilin aprel ayına planlaşdırıldığını, amma pandemiya səbəbindən təxirə salındığını vurğulamışdır. Bununla yanaşı, cənab Öztürk Oran TAC-ın İdarə heyətinin ilk iclasının video-konfrans vasitəsilə keçirilməsini təklif etmişdir.
Öz növbəsində, tədbir iştirakçılarını salamlayan cənab Vüqar Abbasov mövcud vəziyyətin qiymətləndirilməsi, gələcək addımların planlaşdırılması, eləcə də hər iki ölkə arasında ticarət əlaqələri ilə bağlı vəziyyətin ələ alınması məqsədilə onlayn şəkildə video-konfransın keçirilməsi fikrini dəstəkləmişdir.
Eyni zamanda, V.Abbasov cari ilin 25 fevral tarixində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak məqsədilə Türkiyə Republikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyətini qeyd edərək səfər çərçivəsində hər iki ölkə başçısı tərəfindən müvafiq dövlət qurumları qarşısında ticarət dövriyyəsinin artırılmasından ötrü konkret tapşırıqların qoyulduğunu vurğulamışdır. O, bu səfər zamanı Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı əldə olunmuş razılaşmanın hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə olacağını qeyd etmişdir.
Daha sonra, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri, hazırda Ankarada olan “İstanbul Çarşı İmport & Export LTD” şirkətinin rəhbəri cənab Cemal Yanğın çıxış edərək TAC vasitəsilə üçüncü dövlətlərdə birgə ticarət əməliyyatlarının aparılması, eləcə də tərəfdaşların tapılması mümkün olacaqdır. O, TAC-ın Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsini artırmaq məsuliyyətini anladığını qeyd etmişdir. Həmçinin, C.Yanğın gələcək strategiyanın müəyyən edilməsi üçün yol xəritəsinin hazırlanmasının əhəmiyyətini vurğulamışdır.
Öz növbəsində, ASK Baş katibinin müavini cənab Fuad Hümbətov tədbir iştirakçılarını salamlayaraq, Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumunun böyük potensialının olduğunu qeyd etmişdir. O, ASK prezidenti Məmməd Musayevin dəfələrlə qeyd etdiyi kimi ASK-nın daha geniş əlaqələrə malik olduğu MDB ölkələrinə, eləcə də körfəz ölkələrinə TAC çərçivəsində birgə biznes missiyalarnın təşkil edilməsinin vacibliyini bildirmişdir.
Bununla yanaşı, F.Hümbətov TAC-ın İdarə heyətinin tam tərkibdə görüş keçirilmədən öncə görüşün proqramının, gələcək fəaliyyət planları ilə bağlı yol xəritəsinin hazırlanmasının daha məqsədəuyğun olduğunu bildirmişdir. Bu təklif TAC-ın həmsədrləri cənab Vüqar Abbasov və cənab Öztürk Oran tərəfindən dəstəklənmişdir. TOBB-un nümayəndəsi xanım Başak Onur F.Hümbətovun təklifinə uyğun olaraq TOBB tərəfindən yol xəritəsinin layihəsinin hazırlanaraq rəy və təklif üçün tezliklə ASK-ya təqdim ediləcəyini bildirmişdir.
Türk Ticarət və Sənaye Palatasının Baş katibi cənab Adem Kula öz növbəsində çıxış edərək ASK-nın struktur imkanlarının daha da mükəmməl formalaşdırılması üçün TAC-ın geniş imkanlar yaratdığını bildirmiş və texniki dəstək baxımdan TOBB-un hər cür əməkdaşlığa hazır olduğunu vurğulamışdır. O, F.Hümbətovun təklifi ilə razılaşdığını və TAC-ın üçüncü ölkələrə birgə missiyaların təşkili, eləcə də Türkyə və Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün B2B görüşlərin keçirilməsi üçün geniş imkanlar yarandığını qeyd etmişdir.
Eyni zamanda, A.Kula Azərbaycanla Türkiyə arasında imzalanmış “Preferensial Ticarət Sazişi”nin əhəmiyyətini qeyd edərək Sazişdə 15 əmtəə qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı çox vacib müddəaların yer aldığının hər iki ölkə sahibkarları arasında təbliğinin vacibliyini curğulamışdır.