skip to Main Content

“Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclası keçirilib

“Azərbaycanın Sosial Və Iqtisadi Inkişafının Yeni Dövrü” Mövzusunda  Türk Ticarət Və Sənaye Palatasının Növbədənkənar Iclası Keçirilib

Noyabrın 2-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyilə Türk Ticarət və Sənaye Palatasının (TCCI) növbədənkənar görüşü keçirilib. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Mustafa Rifat, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Qazaxıstan Sahibkarların Milli Palatasının (Atameken) sədri Ablay Mirzahmedov, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev və digər rəsmi şəxslər iştirak edib.

Türk Ticarət və Sənaye Palatasının və TOBB-un prezidenti Mustafa Rifat giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu əks-hücüm əməliyyatları nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunur. “Azərbaycana hər sahədə dəstək verməyə hazırıq və torpaqların işğaldan azad olunması ilə bağlı Azərbaycanın apardığı mübarizədən qürur duyuruq”, – deyən R.Hisarcıklıoğlu Azərbaycanın istehsal, ticarət, logistika imkanlarının geniş olduğunu vurğulayaraq türkdilli dövlətlərin iş adamlarını bu potensialdan daha fəal istifadə etməyə çağırıb. Onun sözlərinə görə, Türkiyənin türkdilli ölkələrdə 20 milyard dollar həcmində investisiyası mövcuddur və qarşıdakı dövrdə uğurlu birgə layihələrə də start veriləcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov əvvəlcə Türkiyənin Egey bölgəsində baş verən zəlzələ nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib. Nazir həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb.

Çıxışına davam edən Nazir bildirib ki, Azərbaycanın regionun davamlı inkişafa nail olunmasında göstərdiyi səylərə və əldə etdiyi mühüm uğurlara baxmayaraq, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasəti iqtisadi əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr yaradır, iqtisadi potensialın tam istifadə olunmasını məhdudlaşdırır. Tədbir iştirakçılarına Ermənistanın bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyni və mülki obyektləri artilleriya və raket sistemlərindən atəşə tutaraq törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verilib.

Müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutmaqda davam edir. “Bildirməliyəm ki, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlar beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Azərbaycan bu gün hər hansı dövlətin deyil, öz ərazilərində əməliyyatlar keçirir və yalnız legitim hərbi obyektləri hədəf alır.

Bu xüsusda mən Türk Şurasına, cənab Amreyev, Sizə Azərbaycanın ədalətli mövqeyinə verdiyiniz davamlı dəstəyə görə dərin təşəkkürümü bildirir, üzv ölkələr tərəfindən göstərilən mənəvi dəstəyə görə dərin minnətdarlığımı ifadə edirəm. Türkiyə dövləti isə bu günlərdə Azərbaycana xüsusi dəstək ifadə edir, həm beynəlxalq platformalarda, həm siyasi və ikitərəfli münasibətlərdə çox ciddi dəstək verir. Fürsətdən istifadə edərək, türk birliyinə, bizim üçün həyati önəmli olan dövrdə qardaşlığımıza verilən yüksək dəyərə görə qardaş Türkiyəyə dərin təşəkkürümü bildirirəm” – deyə M.Cabbarov vurğulayıb.

Nazir qeyd edib ki, Türk Ticarət və Sənaye Palatasının üzvü olan Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyət göstərir. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik İndeksi”nə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətləri üzrə 12-ci, dəniz limanı xidmətləri üzrə 25-ci, yol infrastrukturunun keyfiyyətinə görə isə 27-ci yerdədir.

İnvestisiyaların stimullaşdırılması məqsədilə dövlət tərəfindən logistik mərkəzlər və güzəştli şərtlərlə fəaliyyət imkanları yaradan sənaye zonaları yaradılıb. Azərbaycanda xarici investisiyalara yerli investisiyalarla bərabər hüquqlu rejim tətbiq olunur, investisiya fəaliyyətinə dövlət tərəfindən təminatlar verilir. Nazir bildirib ki, işğaldan azad olunan ərazilər üzrə Vahid Tədbirlər Planı hazırlanıb və bu sahədə Azərbaycan Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Türk Şurasının Baş katibi Bağdad Amreyev bildirib ki, ötən müddətdə TCCI-yə üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Özəl sektoru təmsil edən iş adamları arasında əlaqələrinin qurulması üçün üzv dövlətlərdə biznes-forumlar keçirilib və Ticarət Evlərinin açılması ilə bağlı uğurlar əldə olunub. Ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımının artırılması üçün Türk Şurasının da öz imkanlarından istifadə edəcəyini söyləyən B.Amreyev “türk iş dünyası Dağlıq Qarabağla bağlı haqq işində Azərbaycanın yanında olduğunu bəyan edib”, – deyə vurğulayıb.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Ermənistan döyüş bölgəsindən çox uzaqda yerləşən rayonların dinc əhalisinə qarşı kasetli bombalardan istifadə edib, bu isə müharibə cinayətləridir. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə sərvətlərimizi talan edib, dövlətə və mülki əhaliyə külli miqdarda ziyan vurub. “İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması üçün işlərə artıq başlanılıb və bu istiqamətdə gələcək fəaliyyətimizdə dost və qardaş türkdilli ölkələrin iştirakından məmnunluq duyarıq”, – deyə R.Həsənov qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, Prezident İlham Əliyev tərəfindən son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərinin yaradılması, əhalinin rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi və hərbi potensialının gücləndirilməsidir.

Qeyd edilib ki, Azərbaycan dövləti öz iqtisadiyyatının strukturunu təkmilləşdirir və investisiya mühitinin əlverişliliyinin artırılmasını təmin edir. Azərbaycanda koronavirusla mübarizədə adekvat addımlar atılıb. Pandemiyanın iqtisadiyyata təsirinin azaldılması ilə bağlı pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dövlət tərəfindən böyük dəstək verilir. M.Musayev Azərbaycanın valyuta ehtiyatlarının və makroiqtisadi sabitliyin qorunması üçün mövcud iqtisadi alətlərin ölkəmizin iqtisadi inkişafına dayanıqlı zəmin yaratdığını vurğulayıb. Bütün bunlar isə, Türk Ticarət və Sənaye Palatasına üzv dövlətlərin qarşılıqlı investisiyalar qoymasına münbit şərait yaradır.

M.Musayev bildirib ki, Türkdilli dövlətlər arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni və güclü mexanizm olan Türk Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin və sərmayə yatırımları üçün etibarlı tərəfdaşlıq imkanlarının coğrafiyasının genişləndirilməsinə, eləcə də özəl sektorlar arasında ticarət dövriyyəsinin yüksəldilməsinə hesablanıb. Ötən bir il ərzində Palatanın aparatının fəaliyyətinin qurulması, daxili müştərək palataların yaradılması, biznes-forumların, dialoq platformalarının coğrafiyasının artırılması istiqamətində mühüm addımlar atılıb və bu addımlar türkdilli dövlətlərin arasında ticarət dövriyyəsinin artmasına zəmin yaradır. “Biz çox istərdik ki, Türk Ticarət və Sənaye Palatasına üzv dövlətlər yeni investisiya imkanlarını bir daha dəyərləndirərək, Azərbaycanda birgə fəaliyyətə qoşulsunlar. Biz qardaşlarımızın burada fəaliyyət göstərməsindən çox məmnun olardıq”, – deyə ASK prezidenti qeyd edib.

Tədbirin sonunda “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasının Bəyanatı qəbul olunub.

Tədbir Türk Ticarət və Sənaye Palatasının adından Azərbaycanın cəbhə bölgəsində yaşayan, Ermənistanın hərbi-təcavüzü nəticəsində zərərçəkən mülki əhali üçün humanitar yardımın yola salınması ilə başa çatıb.

______________________________________________________________________________________________________________________________________

TÜRK TİCARƏT VƏ SƏNAYE PALATASININ BƏYANATI

Türk Ticarət və Sənaye Palatasının (TTSP) “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən növbədənkənar iclasının iştirakçıları Azərbaycanın sosial-iqtisadi tərəqqisini və qazandığı uğurları yüksək qiymətləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda sahibkarlığın inkişafı üzrə strateji xəttinə uyğun olaraq, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ilə Azərbaycanda çoxminli sahibkarlar sinfinin formalaşmasına, rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisələrin  yaradılmasına, nəticədə ölkə məhsullarının xarici bazarlara ixracının artmasına yaradılan əlverişli şəraiti alqışlayır.

Palata Azərbaycanın sosial-iqtisadi inkişafında, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinə və gördüyü işlərə böyük dəyər verir.

Ortaq milli-mənəvi dəyərlərdən qaynaqlanan türkdilli dövlətlərin birliyi və strateji müttəfiqliyi hazırda birgə səylərimizlə inkişaf etməkdədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

Türkdilli dövlətlərin Azərbaycanın haqq işinə verdiyi dəstək həmrəyliyimizin daha bir nümunəsidir və xalqlarımız üçün olduqca dəyərlidir.

Türk Ticarət və Sənaye Palatasının üzvləri və türkdilli dövlətlərin işgüzar dairələri son dövrlərdə Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirlər.

Palata üzvləri olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll olunmasının vacibliyini bir daha vurğulayırıq.

Tədbir iştirakçıları Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrinin erməni silahlı birləşmələri tərəfindən qadağan olunmuş silahlardan mütəmadi olaraq atəşə tutulmasını, dinc əhali arasında ağır itkilərə səbəb olan halların qətiyyən yolverilməz olduğunu bildirərək qəti etirazlarını ifadə edirlər. Dünya ictimaiyyəti Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması nəticəsində məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Türk Ticarət və Sənaye Palatasının üzvləri işğaldan azad olunmuş ərazilərin zəngin yeraltı sərvətlərə malik olmasını, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialını, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlverişli şəraitin olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün bütün imkanlarını səfərbər edərək həmin ərazilərdə həyata keçiriləcək genişmiqyaslı tədbirlərdə (infrastrukturun qurulması, tikinti, abadlıq-quruculuq işlərinin aparılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, yeni layihələrin həyata keçirilməsi və s.) yaxından iştirak etməyə hazır olduqlarını bildirirlər.

Biz – “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən iclas iştirakçıları, habelə cəmiyyətin fəal hissəsini təşkil edən türkdilli dövlərlərin sahibkarları, həmrəylik nümayiş etdirərək Azərbaycanın qəbul etdiyi bütün qərarları dəstəkləyir, birlikdə yeni iqtisadi uğurlara nail olacağımıza inanır və ölkələrimizin iqtisadi potensialının daha da gücləndirilməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması, dünya miqyasında nüfuzumuzun artması üçün bütün gücümüzü səfərbər  edəcəyimizi bəyan edirik.

Bəyanat Türk Ticarət və Sənaye Palatasının “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən növbədənkənar iclasının iştirakçıları tərəfindən qəbul edilib.

Bakı şəhəri, 02 noyabr 2020-ci il

 

Back To Top