skip to Main Content

Virtual Sahibkarlıq Yarmarkası təşkil olunur

Virtual Sahibkarlıq Yarmarkası Təşkil Olunur

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində “Virtual Sahibkarlıq Yarmarkası”nın açılışını elan etməkdən məmnundur.

Sahibkarlıq Yarmarkasının əsas məqsədi istehsalçılar, təchizatçılar, istehlakçılar və dövlət qurumlarını məlumatlandırmaq və onlar arasında əlaqələr qurmaqdır.  Bu yarmarka 15 fəaliyyət növü (buraya arıçılıq, quşçuluq, heyvandarlıq, dərzilik, konservləşdirmə, un məmulatlarının hazırlanması, meyvə qurusu, əl işləri, toxuculuq, xalçaçılıq və sair) ilə məşğul olan 100 sahibkarın 500-dən artıq məhsul çeşidini nümayiş etdirməyə imkan yaradacaq.  Bu məhsulları virtual olaraq göstərərək, sahibkarlar (istehsalçılar) maraqlı tərəfdaşlarla ünsiyyətdə oldu və son  texnologiyalar, metod və tətbiqetmə barədə ətraflı məlumat əldə etmək şansı qazanacaqdır. Bundan əlavə, istehsalçılar ümumi problem və gözləntilərini bölüşərək, fermerdən fermerə məlumat ötürülməsini həyata keçirəcəklər.

Tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri zati aliləri səfir Kestutis Yankauskas, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti cənab Məmməd Musayev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri cənab Cəlal Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri cənab Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Ramilə Seyidova, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssis xanım Kristonia Lokhart,  Polşa Mikromaliyyə Mərkəzinin (MFC) müdir müavini xanım Katarzina Pavlakın iştirakı gözlənilir.

Xatırladaq ki, ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə – Qazax, Quba – Xaçmaz, Şəki – Zaqatala və Kür – Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.

Virtual Sahibkarlıq Yarmarkasını canlı yayımda izləmək üçün Sizi 18 dekabr 2020-ci il saat 11:00-da www.e-sergi.az və ya www.facebook.com/esergiaz qoşulmağa dəvət edirik!

Bu tədbirlə bağlı sualınız olarsa, əlaqə saxlayın: Sevinc Rüstəmova, Layihə rəhbəri – program@amfa.az

Back To Top