Azərbaycan Sahibkarlar Konfederasiyasında yaponiyalı investorla görüş keçirildi
Azərbaycan Sahibkarlar Konfederasiyasında “TET İnternational Development” şirkətinin direktoru Taro Savada ilə görüş keçirilmişdir.
Görüş Yaponiya investorlarının Azərbaycana gözlənilən biznes səfərlərinin planları və hazırda “TET” şirkətinin ölkəmizdə açdığı şirkətlərin fəaliyyətinin müzakirəsinə həsr olunmuşdur.
Görüş zamanı Konfederasiyanın prezidenti Məmməd Musayev ölkəmizdəki biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda hazırda quruculuq işləri geniş vüsət almışdır və bu işlərə bir çox xarici investorlar cəlb edilmişdir.
Şirkətin direktoru T.Savada bildirib ki, Azərbaycana, xalqımıza, milli adət-ənənələrimizə xüsusi hörmətlə yanaşır və 2017-ci ildən ölkəmizin biznes imkanlarını araşdırır. Bunun nəticəsində şirkət artıq bir neçə rayonda tütünçülük sahəsində fəaliyyətdədir. 2019-cu ildə Azərbaycanda 2 tütün qurutma müəssisəsi açıb və bu il daha 2 tütün qurutma müəssisəsinin açılışına hazırlaşır.
“TET İnternational Development”in direktoru Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə investisiya yatırmaq planları barədə də məlumat verib. Onun sözlərinə görə, bu il iyulun 9-da Tovuzda və 12-də isə Zaqatalada tütün müəssisələrinin açılışı olacaq, həmçinin 2022-ci ildə Masallı, Qəbələ və Qarabağda investisiya yatırımları ilə bağlı ilkin planlar mövcuddur.
T.Savada bu ilin avqust, sentyabr və oktyabr aylarında qrup şəklində Azərbaycana 75-100 yapon investorunun gələcəyini bildirərək, onları Azərbaycandakı investisiya imkanları ilə tanış etmək üçün Konfederasiya tərəfindən dəstək göstərilməsini xahiş edib.
“TET” şirkətinin Yaponiyada “Azərbaycan Ticarət Evi”nin açılması ilə bağlı təklifi də müsbət qarşılanıb və bu sahədə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Şirkət arasında işgüzar əməkdaşlığın davam etdirilməsi üçün münbit şəraitin mövcudluğu vurğulanmışdır.