skip to Main Content

Yaponiyalı investorlar Azərbaycanda səfərdədirlər

Yaponiyalı Investorlar Azərbaycanda Səfərdədirlər

TET International Devolopment şirkətinin Yaponiya ofisini təmsil edən investorlar Azərbaycanda səfərdədir. Səfərin təşkil edilməsi və investorları maraqlandıran məsələlərlə bağlı görüşləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (Azərbaycan Sahibkarlar Konfederasiyası) təşkil edir.

Görüşün ilk günü qonaqlar Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüşüblər. Görüş zamanı Konfederasiya rəhbəri Azərbaycanın investisiya, biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, xüsusən də Qarabağın iqtisadi potensialı ilə bağlı məlumatları təqdim edib.

TET International Devolopment şirkətinin Yaponiya ofisinin prezidenti və Azərbaycandakı nümayəndəsi Taro Savada hazırda TET şirkətinin Azərbaycanın bölgələrində tikdiyi 4 zavodun uğurlu fəaliyyətinə toxunub və digər sahələrlə bağlı əməkdaşlıq perspektivlərini qeyd edib. Xüsusən də Qarabağın sağlamlıq turizmi imkanları ilə bağlı qonaqları maraqlandıran suallara ətraflı cavablar verilib.

Azərbaycandan Yaponiyaya ixrac edilən məhsulların sayının getdikcə artdığını deyən T.Savadonun sözlərinə görə, bu yaxınlarda “Azrose”MMC-nin istehsal etdiyi gül məhsullarının Yaponiya bazarına çıxarılması ilə bağlı işlər gedir. Eyni zamanda, o, TET şirkətinin Zaqatala rayonunda inşa etdiyi fındıq qabığı emalı zavodunun artıq bir neçə günə fəaliyyətə başlayacağını söyləyib. Zavodda fındıq qabığı emal edilərək ondan təbii kömür alınacaq və bu ilin noyabr ayından Yaponiya bazarına ixrac olunacaq.

Daha sonra Yaponiya investorlarının Azərbaycandakı uğurlu fəaliyyətinin davamlı olması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi qərara alınıb.

Səfər çərçivəsində yaponiyalı investorlar Şəki və Zaqatala rayon icra başçıları ilə görüşərək, investisiya imkanlarını yerində araşdırıblar.

Back To Top