İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasına dair forum keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən tədbirlər planı çərçivəsində “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın nüfuzlu dövlət qurumlarının rəsmiləri, eləcə də özəl qurumlardan, ali təhsil ocaqlarından nümayəndələr, Türkiyə, Rusiya, Ukrayna, Makedoniyanın qabaqcıl universitetlərindən elm adamları qatılıb.
Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı ilə bağlı tədqiqatlara töhfə verəcəyini vurğulayıb. Konfransın Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafını, iqtisadi potensialının qiymətləndirilməsini, Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial, mədəni həyatına qovuşmasını hədəflədiyini deyib. Bu baxımdan konfransın əhəmiyyətini diqqətə çatdırıb, gələcək hədəflər və istiqamətlər üzrə mənbə formalaşdıracağını söyləyib.
Nazirlər Kabinetinin Sənaye və energetika məsələləri şöbəsinin müdiri professor Elşən Hacızadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti professor Məmməd Musayev çıxış edərək konfransın işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatında əhəmiyyətli rol oynayacağını qeyd ediblər.
Məmməd Musayev çıxışında bildirib ki, Ulu öndərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti Azərbaycanı inkişaf etməkdə olan dövlətlər sırasına çıxardı. Onun rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək, əslində gələcəyin təməlini qoymuş oldu.
Onun sözlərinə görə, ötən 3 il ərzində işğaldan azad olunmuş torpaqlarımızı dirçəltmək üçün sərf olunan vəsaitin miqdarı isə 7 milyard ABŞ dollarına yaxın olub. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq məcburi köçkün və qaçqınların öz doğma yurd-yuvalarına, kəndlərinə, qəsəbələrinə, şəhərlərinə geri qayıdacaqları “Böyük Qayıdış” proqramı başladılıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir dövrün tələblərinə uyğun olaraq ən yeni texnologiyalar tətbiq edilməklə güclü infrastruktur isə artıq qurulmuşdur. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılması məqsədilə güclü iqtisadi stimul yaranmışdır.
Çıxışlardan sonra plenar iclasın məruzələri dinlənilib.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə “Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonlarının iqtisadi sosial inkişafı: dünən, bu gün və perspektivlər”, Rusiya Federasiyasının Cənub Universitetinin rektoru professor İmran Əkbərov “Rəqəmsal şüur – ərazinin reinteqrasiyasında insan kapitalı amili”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı “Böyük qayıdış: Strategiya və icra”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli “Qarabağın müqayisəli iqtisadi üstünlükləri” mövzularında məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, beynəlxalq konfrans 5 bölmədə 2 gün davam edəcək.