ASK-nın Türkiyə nümayəndəsi İzmir valisi ilə görüşmüşdür
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Türkiyə nümayəndəsi Asif Qurban, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin İdarə heyətinin üzvü, iş adamı Kənan Kərimli ilə birlikdə Türkiyə Respublikası İzmir şəhərinin Valisi Yavuz Selim Köşgerin qəbulunda olublar.
A.Qurban ASK prezidenti cənab Məmməd Musayevin salamını qardaş ölkənin valisinə çatdıraraq təşkilatın fəaliyyət prinsipləri, beynəlxalq arenadakı uğurları haqqında məlumat vermişdir. O, ötən ilin sonunda ASK-nın təşkilatçılığı ilə İzmirli iş adamlarının Azərbaycana biznes missiyası barədə məlumat vermişdir.
A.Qurban fərdi sahibkarlarla yanaşı Azərbaycanın Türkiyəyə dövlət səviyyəsində də böyük yatırımlarının olduğunu, SOCAR PETKİM layihəsinin uğurlarını qeyd etmişdir.
Eyni zamanda, Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) ilə ASK arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələri, hər iki ölkə arasında iqdisadi əlaqələrin və ticarət dövriyyəsinin daha da artırılması məqsədilə ASK və TOBB tərəfindən Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumunun (TAC) qurulduğunu Y.S.Köşgerin diqqətinə çatdırmışdır.
Y.S.Köşger ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını və qarşılıqlı investisiya qoyluşlarının da səviyyəsindən məmnun qaldığını bildirmişdir. O, azərbaycanlı iş adamlarının İzmir bölgəsində fəaliyyəti üçün bütün imkanların yaradıldığını və gələcəkdə yarana biləcək çətinliklərin aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini qeyd etmişdir.
Daha sonra, A.Qurban mövcud pandemiya şəraitinin imkan verəcəyi ən qısa zamanda İzmir valisi Y.S.Köşgerin də iştirakı ilə Azərbaycana biznes missiyanın təşkil olunmasına dair müzakiələr aparmışdır.