skip to Main Content

Ermənistanın Gəncə şəhərinə terror hücumu haqqında Azərbaycan Sahibkarlar Konfederasiyasının Bəyanatı

Ermənistanın Gəncə şəhərinə Terror Hücumu Haqqında Azərbaycan Sahibkarlar Konfederasiyasının Bəyanatı

Bildirmək istərdik ki, 11 oktyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri cəbhədən çox uzaqda yerləşən – Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirmişdir. Nəticədə bir yaşayış binası tamamilə dağıdılmış, 10 nəfər ölmüş, 16 qadın və 6 azyaşlı olmaqla 34 nəfər yaralanmışdır, 10-dan çox yaşayış binası və 100 müxtəlif obyektə ziyan dəymişdir. Gəncədə Azərbaycan tərəfindən mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən məqsədyönlü şəkildə hədəfə alınması, Ermənistanın növbəti bir vandalizm hərəkətinin və dövlət terrorunun bariz nümunəsidir.

Bununla əlaqədar olaraq, qısa şəkildə məlumat vermək istərdik ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 1991-ci ildən bəri başlamışdır və Dağlıq Qarabağ və Dağlıq Qarabağ ətrafındakı 7 rayon (Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli) ermənilər tərəfindən işğal olunmuşdur və 30 il işğal altında qalan bu ərazilər mübahisəli ərazilər deyildir. BMT qətnamələrinə (822, 853, 874, 884), habelə beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktına (1975) görə, bu ərazilər tarixi və beynəlxalq səviyyədə Azərbaycan Respublikasının əraziləri kimi tanınır.

Azərbaycan Respublikasına qarşı yeni təcavüzü çərçivəsində Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq qəsdən Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəf almışdır.

Ermənistanın artilleriya və raket hücumları nəticəsində 41 azərbaycanlı mülki şəxs ölmüş, 200 nəfər yaralanmış, 300-dən çox yaşayış binası və mülki obyekt dağıdılmışdır.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri Mingəçevir, habelə Azərbaycanın Xızı və Abşeron bölgələrinə Ermənistan ərazisindən sıx məskunlaşan əraziləri və  infrastrukturu hədəf alan raket hücumları, hərbi əməliyyatlar zonasını genişləndirmək və üçüncü ölkələri münaqişəyə cəlb etmək üçün qəsdən hazırlanmış təxribatdır.

Azərbaycan tərəfinin Ermənistanın Azərbaycan ərazilərindən, yəni Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən azərbaycanlı mülki insanları və infrastrukturu atəşə tutması barədə tutarlı faktları vardır.

Yerli və xarici mütəxəssislərin, o cümlədən xarici jurnalistlərin iştirakı ilə toplanan bu dəlillər müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.

Beynəlxalq ictimaiyyəti və bütün beynəlxalq tərəfdaşlarımızı Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərə riayət etməyə və BMT Təhlükəsizlik Şurası qətnamələrinin, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz geri çəkilməsinə dair tələblərini təcili olaraq yerinə yetirməyə çağırırıq.

Back To Top