“Biznes Assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda forum keçirilib
Noyabrın 17-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı “Biznes Assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda onlayn formatda forum keçirilib.
Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində baş tutan Forumda Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası, Keyfiyyət Assosiasiyası, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası, İqtisadi Resusların Öyrənilməsi İctimai Birliyi, Gəncə Sahibkarlar Assosiasiyası, Sahibkar Qadınlar İctimai Birliyi, Azərbaycan Kənd Qadınları Assosiasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər ictimai birliklərin nümayəndələri iştirak ediblər. Forum öz işinə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun açılış nitqi ilə başlayıb. İlk olaraq Vətən müharibəsində qazanılmış zəfər münasibəti ilə bir daha təbrik dilə gətirilərək, şanlı dövlətçilik və istiqlaliyyət tariximizin bu qürurlu dövründə biznes təşkilatlarının üzərinə düşən vəzifələrdən danışılıb. İqtisadiyyatın inkişafı üçün biznes assosiasiyaların uğurlu fəaliyyətinin önəmi vurğulanıb.
Biznesə dəstək təşkilatlarının sahəvi olmaqla yanaşı, səmərəliliyi baxımından daha sahibkarları daha geniş əhatə etməsi üçün təcrübələr paylaşılıb. Assosasiyaların rəhbərləri dinlənilib və onlardan təmsil etdikləri sahə üzrə mövcud çətinliklər barədə məlumatları Konfederasiyaya yazılı şəkildə göndərmələri xahiş edilib. Biznes assosiasiyaları üçün ASK-nın çətir funksiyasını yerinə yetirdiyini vurğulayan Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov bu məlumatların müvafiq dövlət qurumlarının diqqətinə çatdırılacağını bildirib.
“Uğurlu assosiasiya inkişafı üçün istifadə olunacaq instrumentlər: bisnes inkişafına yönəlik instrumentlər” mövzusunda Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov təqdimatla çıxış edib. Daha sonra “Uğurlu biznes assosiasiyaların ölçü meyarları” mövzusunda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva öz təcrübəsini bölüşüb.
Müzakirələr sessiyasında təmsil olunan assosiasiya nümayəndələri maliyyə dəstəyi mövzusunda üzvlük siyasəti, biznes xidmətlərinə toxunublar. Qeyri-hökumət təşkilatlarının statusu, qeydiyyat prosedurları, biznes strategiyaların hazırlanması, assosiasiyalarla əməkdaşlıq platformasına dair fikir mübadilələri aparılıb.
Qeyd edək ki, ASK biznes assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi istiqamətində üzvlərinə noyabrın 24-27-dək silsilə seminarlar təqdim edəcək.