skip to Main Content

“YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasında iclas keçirilmişdir

“YAŞAT” Fondunun Fəaliyyəti Ilə Bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasında Iclas Keçirilmişdir

Məlum olduğu kimi, 8 Dekabr 2020-ci il tarixində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması haqqında ölkə prezidentinin müvafiq Fərmanı olmuşdur. İctimaiyyətin böyük rəğbətlə qarşıladığı bu fərmandan sonra Fonda ianələrin köçürülməsində Azərbaycan sahibkarları aktivlik göstərirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “YAŞAT” Fonduna ianələrin köçürülməsində sahibkarların daha da səfərbər olunması və bu xeyirxah addımların davamlı xarakter almasını təmin etmək üçün Konfederasiyanın vitse-prezidentləri, məsləhətçilər və icra aparatının iştirakı ilə iclas keçirmişdir.

Məmməd Musayev bildirmişdir ki, 44 günlük müharibə xalqımızı bir yumruq ətrafında birləşdirdi və Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. “Torpaq su tökülərsə palçıq, qan tökülərsə Vətən olar”, kəlamını xatırladan ASK prezidenti, Milli Ordumuzun fədakarlığı, qəhrəmanlığı nəticəsində tariximizin şanlı səhifələrinin yazıldığını vurğulamışdır: “Biz şəhid ailələrinə, qazilərimizə həmişə borcluyuq və onların sosial şəraitinin daha yaxşı olması üçün əlimizdən gələni etməliyik”.

Sonra iclasda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Abbasov, Vüqar Zeynalov, Jalə Hacıyeva, Zakir Nuriyev, Zakir Əzimov rəhbərlik etdikləri qurumların qazilərimizə, şahid ailələrinə etdiyi yardımlarla bağlı məlumat vermişlər.

M.Musayev bu addımların daha da genişləndidilməsi üçün respublikamızdan kənarda yaşayan azərbaycanlı iş adamlarına, ASK-nın xaricdəki nümayəndələrinə  də müvafiq məlumatların ötürülməsini tapşırmışdır. Eyni zamanda, Fondun Naxçıvan da daxil olmaqla, hər iki hesabı üzrə biznes ictimaiyyətinin əlavə məlumatlarla təmin edilməsi qarşıya məqsəd qoymuş bununla bağlı ölkədə və ölkə xaricində fəaliyyət göstərən Azərbaycan sahibkarlarına müraciət qəbul olunması qərarlaşdırdi.

“Məlumdur ki, COVİD-19 pandemiyası ölkəmizdə də sahibkarlığa mənfi təsir göstərib, amma bu ümumi işimizdir və daha aktiv olmalıyıq”, – deyə Konfederasiya prezidenti vurğulayaraq, bütün iş adamlarını ölkə Prezidenti cənab İlham Əliyevin bu nəcib təşəbbüsünə qoşularaq, Fərmanın icrasının təmin olunmasında maksimum aktivlik  göstərməyə, birdəfəlik deyil davamlı olaraq bu istiqamətdə iş aparmağa çağırdı.

Back To Top