Çinin Tzilin əyaləti məhsullarını Azərbaycan bazarına çıxarmaq istəyir
Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Tzilin ƏIyaləti bölməsinin vitse-prezidenti Çen Hunqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında olub. Çinin şimal-qərbində, Şimali Koreya ilə sərhəddə yerləşən əyalət haqqında məlumat verən Ç.Hunqan bildirib ki, 2014-ci ilin məlumatına görə əyalətin ölkənin ÜDM-ində payı 1528 milyard yuan (407 milyon AZN) təşkil edir. Azərbaycanın Avropa ilə Orta Asiyanı birləşdirən qovşaqda yerləşdiyini deyən Ç.Hunqan bildirib ki, bu coğrafiya “bir kəmər,bir yol” layihəsi üçün əsas tranzit yolu hesab olunur.
“Tzilin Çində buğda istehsal edən ən böyük zona hesab olunur. Əyalətin əsas sahələri avtomobil, qida, neft-kimya və tibb sənayesi təşkil edir. Biz Azərbaycana “bir kəmər,bir yol” təşəbbüsü çərçivəsində əyalətimizin müəssisələri ilə “bir kəmər, bir yol” marşrutu üzərində yerləşən ölkələrlə iqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək və əməkdaşlığımızı gücləndirmək üçün gəlmişik. Azərbaycanda əhali sıxlığı azdır, nəhəng torpaq resursları mövcuddur, kənd təsərrüfatı və turizmin inkişafı üçün ölkəniz yaxşı bazaya malikdir.Bununla belə infrastruktur və sənayeləşməyə böyük tələbat var. Bizim əyalətimizdə keyfiyyətli eyni zamanda ucuz avadanlıqlar istehsal olunur və bu tələbatı qarşılamaqda töhvə verə bilər”- Ç.Hunqan deyə bildirib.
Ç.Hunqan qeyd edib ki, təmsil etdiyi komiteyə hökümət nümayəndələri, məşhur şəxslər, müəssisələrin nümayəndələri daxildir. Komitənin əsas işi müəssisələr arasında əməkdaşlığa və onların istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarılmasına dəstək olmaqdır.