Gəncə şərabları Kişinyov müsabiqəsində Qran-pri və üç qızıl medal qazanmışdır
Azərbaycanın Gəncə Şərab-2 müəssisəsində istehsal olunan şərablar 21-22 fevralda Moldovada BlackSeaRegionWine&SpirtsContest`2018 Beynəlxalq dequstasiya müsabiqəsində ən yaxşı məhsul seçilmişdir. Bu müsabiqə uzun illərdir Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatının (OIV) hamiliyi altında Moldova enoloqlar İttifaqı (UOМ) ilə tərəfdaşlıq əsasında keçirilir.
Bu il Kişinyovda rekord sayda şərab nümunələri təmsil olunmuşdur – 450. Onlar 12 ölkədən 92 istehsalçı tərəfindən təqdim edilmişdir – Rumıniya, Ukrayna, Gürcüstan, Çexiya, Slovakiya, Macarıstan, İtaliya, İspaniya, Belarus, Azərbaycan, Kanadadan. Nümunələrin ümumi sayından 133-ü xarici məhsul idi.
Ən yüksək Qran-pri (Böyük qızıl medal) mükafatını Gəncə Şərab-2 şirkətində “Rkasiteli” və “Bayan şirə” üzüm sortlarından hazırlanmış Hillside Classico 1990 ağ desert şərabı qazanmışdır.
Gəncə Şərab-2 şirkətinin məhsulu olan digər şərab növləri də müsabiqənin qızıl medallarına layiq görülmüşdür: Hillside Reserve 2014 (üzüm sortu – Kaberne Sovinyon), Hillside Saperavi 2015 (üzüm sortu – Saperavi) və Hillside Cuvee 2016 (müxtəlif şərab materiallarının qarışdırılmsı ilə hazırlanmış qırmızı şərab).
Qısa arayış. Gəncə Şərab-2 – Azərbaycan şərabçılığının flaqmanı olan müəssisədir. Müəssisə 1998-ci ildə özəlləşdirilmiş №2-li Gəncə şərab zavodunun əsasında yaradılmışdır. Elə o vaxtlardan şərab zavodu tam yenidən qurulmuş və ən müasir avropa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur. Bu gün Gəncə Şərab-2 şirkətində ilkin üzüm emalı, saxlanılması və yaşlanması sexləri, şərabların, konyak və arağın qablaşdırılması sexləri, konyak spirtinin alınması, yalnız əla növ buğdadan alınan Alfa, Lüks, Ekstra növlü rektifikat spirtin istehsalı sexi yerləşir. Göründüyü kimi, təbii şərablardan savayı, Azərbaycanda məşhur olan zavod geniş çeşidli araq və konyak məhsulu istehsal edir.
Gəncə Şərab-2 ASC-i Kişinyovda şərab və tünd spirtli içkilərə həsr olunmuş iki tədbirdə iştirak etmişdir – BlackSeaRegionWine&SpirtsContest`2018 Beynəlxalq dequstasiya müsabiqəsində və Expovin Moldova’2018 ixtisas sərgisində. Bu, bir çox ölkələrin şərabçılarına öz potensialını nümayiş etdirməyə və istehsal olunan məhsulun keyfiyyətini təsdiqləməyə şərait yaradan B2B formatlı vahid layihədir. Burada birbaşa razılaşmalar və müqavilələr imzalanır, şərabçılar öz məhsulunu perspektivli bazarlara çıxarmaq imkanı əldə edir. Moldova prezidenti İqor Dodonun rəsmi açılış mərasimində iştirak etməsi bu iki tədbirin nüfuzunu daha da artırırdı.
BlackSeaRegionWine&SpirtsContest`2018 dequstasiya müsabiqəsinin ciddi qaydaları var. Bütün şərab nümunələri örtüyə bükülür və bu örtülər komissiya dequstasiyanı bitirdikdən sonra çıxarılır.
Müsabiqənin münsiflər kollegiyası hər biri yeddi ekspertdən ibarət olmaqla beş komissiyadan tərtib edilmişdir. Şərab və spirtli içki nümunələri 17 ölkəni təmsil edən 22 dequstator tərəfindən, habelə, Moldova mütəxəssisləri tərəfindən qiymətləndirilirdi (Fransa, Böyük Britaniya, Koreya, Kanada, Sloveniya, Slovakiya, Ukrayna, Polşa, Belarusiya, Rusiya, Macarıstan, İtaliya, Almaniya, Azərbaycan, Gürcüstan, Çexiya və Rumıniya). Nüfuzlu ekspertlər arasında Böyük Britaniya təmsilçiləri Masterof Wine Кerolayn Gilbi, elmlər doktoru Stefano Battistella (İtaliya), şərab tənqidçisi Кetelin Peduraru (Rumıniya), yazıçı, elmlər doktoru Yuzef Kosarka (Macarıstan), şərab bayeri Vladimir Dmitriyev (Belarusiya), şərab eksperti, somelye Denis Rudenko (Rusiya), Gürcüstan texniki universitetinin professor-enoloqu Mariam Xomasuridze və s. şəxslər vardı.
“Bizim üçün xoşdur ki, Azərbaycan məhsulu olan şərablar böyük maraq doğurub və beynəlxalq ekspertlərin yüksək qiymətinə layiq görülüb. Qeyd edək ki, bizim şərablar 450 şərab nümunələrinin dequstasiyası nəticələrinə görə seçilmişdir. Dequstatorların fikrincə, Hillside Classico şərabının bənzərsiz tamı var. Bu şərabın yaranmasında şirkətin bütün kollektivinin böyük əməyi vardır“, – Gəncə Şərab-2 şirkətinin idarə heyəti sədrinin müavini, baş mühəndis (baş texnoloq) Elbrus Əhmədov öz çıxışında söyləmişdir.
“Şərablarımızın Qran-pri (Böyük qızıl medal) və 3 qızıl medal ilə təltif edilməsi Gəncə Şərab-2 ASC-in böyük nailiyyətidir. Bu uğurun əldə edilməsi ölkədə sahibkarlığın inkişafına, investisiya iqliminin və biznes-mühitin yaxşılaşdırılmasına böyük diqqət yetirən dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi olmadan mümkün deyildir. Bu gün “Ganja Sharab-2” markalı məhsul Azərbaycanın bütün regionlarına təchiz edilir. Şərabların 50%-dən çoxu ixrac edilir.Müəssisəmizin gələcək inkişafı üçün səylərimizi əsirgəməyəcəyik, üzümçülük və şərabcılığın inkişafına, aqrar sektorun genişləndirilməsinə öz töhvəmizi verəcəyik. Xarici bazarlarda “Made in Azerbaijan” brendli məhsulların artması üçün əlimizdən gələni edəcəyik, – Gəncə Şərab-2 ASC-nin Direktorlar Şurasının Sədri Namiq Məmmədov deyə, qeyd etmişdir.
Onu da deyək ki, bu mötəbər mükafatın alınması mövcud olduğu illər ərzində Gəncə Şərab-2 şirkətinin böyük inkişaf mərhələsi keçdiyindən, istehsalat prosesinin təkmilləşməsindən xəbər verir. Keyfiyyətə ciddi nəzarət, ən qabaqcıl texnologiyaların istifadə edilməsi və Azərbaycan şərabçılarının nadir ustalığı Gəncə Şərab-2 şərablarının müxtəlif ölkələrdə böyük populyarlıq və yüksək keyfiyyətinə görə beynəlxalq ekspertlərin rəğbətini qazanmasına zəmin yaratmışdır. BlackSeaRegionWine&Spirts Contest`2018 Beynəlxalq dequstasiya müsabiqəsində növbəti mötəbər mükafatın qazanılmasından sonra Gəncə Şərab-2 ASC-nin idxalçı-şirkətlər siyahısı genişlənəcək. Beləliklə, müəssisə aqrar sektorun unkişafına və Azərbaycanda ixracın diversifikasiyasına böyük töhvə verəcək.