ASK prezidenti: Azərbaycan iqtisadiyyatı, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır
“Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda keçirilən Konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı
Hörmətli konfrans iştirakçıları!
Hörmətli xanımlar və cənablar!
Sizi Azərbaycan Sahibkarlar Konfederasiyası adından salamlayıram.
Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılır.
Ölkədə qeyri-neft sektorunun, regionların inkişaf səviyyəsinin artan dinamikası Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş milli sahibkarlığın formalaşmasının bariz nümunəsidir.
Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.
Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması kimi nəcib işlər xüsusilə aktualdır.
Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır.
Azərbaycanın Birinci vitse–prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.
Hörmətli tədbir iştirakçıları!
Məlum olduğu kimi, Birləşmiş Millətlətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət “Gündəlik 2030” təsdiq edilmişdir.
12-13 noyabr 2019-cu il tarixdə Hindistanın Dehli şəhərində keçirilmiş Kənd Təsərrüfatının Maliyyələşdirilməsi üzrə 6-cı Dünya Konqresində Davamlı İnkişaf Məqsədlərinin vacibliyini bir daha təsdiqləyərək, Konqresdə 2030-cu ilədək açlıq təhlükəsini aradan qaldırmaq üçün kənd təsərrüfatına maliyyə yardımları təşəbbüslərinə dəstək verilməsi məsələsi müzakirə olundu. Dünya Konqresində qeyd olundu ki, kənd yerlərində yoxsulluğun aradan qaldırılması və kənd təsərrüfatında məşğulluğun davamlı inkişafını təmin edtmək məqsədilə, Kənd təsərrüfatının maliyyələşməsi ilə məşğul olan banklar, bank olmayan kredit təşkilatları, mikro-maliyyə və digər təşkilatlarının rolunu artırmaq, habelə onlar üçün müvafiq şərait yaradılmalıdır.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alan ölkə rəhbərliyinin Fərmanı ilə Baş nazirin müavini cənab Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Şuranın qarşısına qoyulan məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən bir sıra önəmli tədbirləri əhatə edir.
Bu gün Azərbaycan iqtisadiyyatı, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Belə ki, rəsmi məlumatlara görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 65,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
İqtisadiyyatın şaxələndirilməsi və neft amilindən asılılığın aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur. Bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz artmışdır. Əlavə dəyərin 6,2 faizi məhz kənd təsərrüfatının payına düşür. 2019-cu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının faktiki qiymətlərlə dəyəri 6.9 milyard manat təşkil etmişdir ki, onun da 3,4 milyard manatı heyvandarlıq, 3,5 milyard manatı isə bitkiçilik məhsullarının payına düşür. 2019-cu ilin 10 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artmışdır.
Kənd təsərrüfatının inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdəndir. Ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin və kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına və bu sahədə məşğulluğun artmasına geniş imkanlar yaratmışdır.
Azərbaycanda 2019-cu ilin 10 ayı ərzində əsas kapitala yönəldilmiş 11,4 milyard manat vəsaitin 63 faizi və ya 7,2 milyard manatı qeyri-neft qaz sektoruna yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.
Hazırda Azərbaycanda özəl sektorun ÜDM-də payı 84 faizə çatmışdır. Respublikada məşğul əhalinin 76%-i özəl sektorda çalışır. Hazırda ölkə üzrə 142 min müəssisə və ya təşkilatın 91.4%-i və ya 130 mini məhz özəl sektorun payına düşür.
Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarların hüquq və iqtisadi mənafelərini müdafiə edən müstəqil ictimai birlikdir.
Konfederasiyanın əsas məqsədi öz üzvlərinin mövcud potensialından istifadə edərək respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında yaxından iştirak etməkdir.
Konfederasiyanın tərkibində 14 komissiya fəaliyyət göstərir ki, bunlardan biri də “Aqrar İnkişaf Komissiyası”dır. Bu Komissiyada aqrar sektorun müxtəlif istiqamətləri, sahibkarların qarşılaşdığı çətinliklər, mövcud qanunvericiliklə bağlı təşəbbüslər müzakirə edilərək, hökumətə təqdim edilir. Konfederasiya olaraq ötən müddətdə verilən təkliflərin əksəriyyətinin qəbul olunduğu üçün Azərbaycan hökumətinə sahibkarlar adından öz təşəkkürümüzü bildiririk.
Qeyd edim ki, Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, habelə icrasının təmin edilməsi, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.
Dayanıqlı inkişaf və layiqli əməyin təmin olunması Beynəlxalq Əmək Təşkilatı ilə Konferderasiya arasında əməkdaşlığın prioritet sahəsini təşkil edir. Layiqli əmək üzrə ölkə proqramında əksini tapan prioritetlər üzrə sahibkarların vəzifə və öhdəliklərini təşviq edir, bu sahəyə öz töhfəsini verməyə çalışır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə yaradılmış “Biznes mühitinin əlverişliyinin artırılması”, “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası” Komissiyalarında, Azərbaycan Respublikasında Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada sahibkarları təmsil edərək, biznesin maraqlarının müdafiəçisi qismində çıxış edir.
Konfederasiya öz işini ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında qurur. Üzvlərimiz sırasına demək olar ki, ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən müxtəlif şirkətlər daxildir.
Sahibkarlığın inkişafı problemlərinin bir-biri ilə əlaqədar olması, onların həllinin müəyyən bir sistem daxilində reallaşmasını zəruri edir. Dünya iqtisadi təcrübəsi göstərir ki, sahibkarlığın zəruri iqtisadi mühitinin formalaşmasına yönəldilmiş tədbirlərin xüsusi sistem çərçivəsində reallaşması qarşıya qoyulmuş strateji məqsədə çatmağa münbit şərait yaradır.
Ölkədə ümumi daxili məhsul istehsalının cox hissəsinin özəl sektorun payına düşməsi onu göstərir ki, artıq sahibkarlar iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadırlar.
Əminik ki, ölkə başçısı tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı yüksələn xəttlə inkişaf edəcək və Azərbaycan sahibkarları bütün dünyada toplanmış müsbət təcrübələrdən bəhrələnərək ölkənin iqtisadi həyatına öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəməyəcəklər.
Diqqətinizə görə təşəkkür edirəm və Konfransın işinə uğurlar arzulayıram.