Məmməd Musayev: Kiçik və orta biznesin kredit qarantiyasına daha çox ehtiyacı var
Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri Azərbaycana rəsmi səfərləri çərçivəsində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüş keçiriblər.
KOSGEB sədri Cəvahir Uzkurt bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə hədəf qoyublar və biz əməkdaşlığı genişləndirərək buna nail olmalıyıq.
“Biz bir plan hazırlamışıq və hər iki ölkənin kiçik orta biznesi birləşərək buradan Asiya bazarlarına açılmağı düşünür. Türkiyədə 3.6 milyon kiçik və orta sahibkar var. Ötən il büdcəmiz 2.3 milyard TL idi. Biz banklara deyirik ki, faizin bir hissəsini biz qarşılayırıq. Yəni, bank kredit ayırır və onun faizinin bir hissəsini ödəməyi KOSGEB öz üzərinə götürür. Kredit qarantiyası Fondu da kredit təminatı verir və onun maliyyələşdirilməsi Maliyyə Nazirliyi həyata keçirir”, – deyə C.Uzkurt qeyd edib.
ASK prezidenti Məmməd Musayev qarşıya qoyulan hədəflərin icrasında, birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. Məmməd Musayev bildirib ki, Azərbaycanda da “İpoteka və Kredit Zəmanət Fondu” fəaliyyət göstərir.
“Bizdə kredit qarantiyası daha çox iri sahibkarlara verilir, onların buna ehtiyacı isə çox deyil. Əsas kiçik və orta biznes subyektlərinin kredit qarantiyasına daha çox ehtiyacı var”, – deyə ASK prezidenti qeyd edib.