skip to Main Content

ASK-nın “Gənc Sahibkarlarla İş” Komissiyası pandemiyanın nəticələrini müzakirə etmişdir

ASK-nın “Gənc Sahibkarlarla İş” Komissiyası Pandemiyanın Nəticələrini Müzakirə Etmişdir

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Gənc Sahibkarlarla İş” Komissiyasının iclası keçirilmişdir. İclas koronavirus pandemiyası və böhrandan çıxış yollarının müzakirəsinə, sahibkarların, o cümlədən gənc sahibkarların qarşılaşdıqları çətinliklərə həsr olunmuşdur.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirmişdir ki, Azərbaycan dövləti sahibkarlara maddi yardım paketini açıqlamışdır və bu biznesin zərərlərini qismən azaltmağa imkan vermişdir. Lakin böyük iş yükü yenə də sahibkarların öz çiyninə düşür. Sahibkarların əksəriyyətinin müasir biznes modellərindən xəbərsiz olduqlarını vurğulayan V.Zeynalov “idarəetmədə və biznes yanaşmada yeniliklər etməyin vaxtıdır, şirkətlərin çoxunun strateji planları belə yoxdur”, deyərək qarşıdakı aylarda biznesin risklərini düzgün dəyərləndirməsini məsləhət görmüşdür.

Komissiyanın üzvü Şəmsi Bayramzadə bildirmişdir ki, şirkətlərin alternativ satış kanalları olmalıdır. Bu dövrü həm də “Texnoloji dönüşüm nöqtəsi” adlandıran sahibkar onlayn sistemlərdən istifadə imkanlarından yararlanmağı önə çəkmişdir.

Gənc sahibkarlar Xəyalə Məmmədova və Hikmət Əliyev rəqəmsal platforma üzərindən satışın ölkəmizdə hələ də zəif olduğunu qeyd etmişlər. Azərbaycanda online xidmətin səviyyəsinin yüksəldilməsi, çatdırılmadakı mövcud problemlərin həlli ilə bağlı fikirlər səslənmişdir.

Komissiyanın sədri Allahverdi Paşayev çıxışında vurğulamışdır ki, Azərbaycan hökuməti sahibkarlara dəyən zərərin minimuma endirilməsi üçün dəstək paketini və mexanizmləri açıqlayıb. Bundan sonrakı dövrdə sahibkarların istehsal və xidmətlərini mərhələli şəkildə bərpa etməsi lazımdır. Bunun üçün ASK komissiyaları da öz növbəsində aktivliyini artırmalı və sahibkarların maarifləndirilməsi istiqamətində apardığı siyasəti davam etdirməlidir.

Back To Top