ASK-nın “Aqrar İnkişaf Komissiyası”nın iclası keçirilmişdir
Aprelin 23-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Aqrar İnkişaf Komissiyası”nın iclası keçirilmişdir. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəlin sədrliyi ilə keçən iclasda pandemiya dövründə sahibkarların, xüsusən də kənd yerlərində yaşayan, aqrar sektorda fəaliyyət göstərən sahibkarların üzləşdiyi çətinliklər və onların aradan qaldırılması yolları, kənd təsərrüfatının ümumi problemləri müzakirə edilmişdir.
Müzakirələrdə ASK-nın prezidenti Məmməd Musayev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev də iştirak etmişdir.
Sahibkarlar pandemiyanın biznesə təsirləri, su çatışmazlığının əkin sahələrində ciddi çətinliklər yaratdığı, kənd təsərrüfatı sektorunda işlədilən texniki avadanlıqlar üçün ehtiyat hissələrinin çatışmazlığı, heyvan yemi ilə bağlı müəyyən çətinliklər barədə məlumat veriblər. Mövcud kredit borclarının restruktruzasiya olunması, faizlərin ödənilməsi vaxtının uzadılması, emal dərinliyinin artırılması istiqamətində gömrük tariflərində bəzi dəyişikliklərin edilməsi təklif olunmuşdur.
Komissiyanın sədri Abdulbari Gözəl hazırda qida məhsulları sektorunun dünyada strateji əhəmiyyət daşıdığını söyləmişdir: “Qida məhsulları ilə özünütəminata nail olmaq mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, müvəqqəti pompalar qurmaqla Kürdən suyun kanallara vurulması mümkündür”.
Komissiya üzvü Əlibala Əlizadə torpaq sahələrinin münbütlüyünün bərpa edilməsi üçün hazırlanan proqram barədə iştirakçılara geniş məlumat vermişdir. Onun sözlərinə görə, bu proqram yüksək məhsuldarlıq əldə etmək üçün orqanik gübrələrdən istifadə edilməsini nəzərdə tutur.
AKİA-nın İdarə Heyətinin sədri Mirzə Əliyevin sözlərinə görə, heyvan yemi xammalı bazasının formalaşdırılması üçün hökumətə təkliflər təqdim edilmişdir. Ehtiyat hissələri ilə bağlı yaranan çətinliklərin karantin dövrü ilə əlaqə olduğunu vurğulayan M.Əliyev, su çatışmazlığı və digər məsələlərin həlli istiqamətində nazirliyin sahibkarların yanında olduğunu, lazımi dəstək göstəriləcəyini söyləmişdir.
İclası yekunlaşdıran ASK prezidenti Məmməd Musayev bildirmişdir ki, möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə hökumət koronavirus pandemiyasından əziyyət çəkən sahibkarlıq sahələrinə geniş güzəştlər və maddi dəstək paketini təqdim etmişdir. Azərbaycanda aqrar sahənin böyük inkişaf potensialına malik olduğunu vurğulayan M.Musayev sahibkarları daha əzmlə çalışmağa və dövlətin ətrafında sıx birləşməyə çağırış etmişdir. ASK prezidenti səslənən təkliflərin sənədləşdirilərək müvafiq dövlət strukturlara təqdim ediləcəyini bildirmişdir.