ASK “Gələcəyin sahibkarı” müsabiqəsinin qaliblərini elan etdi
Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə keçirdiyi “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsinin qaliblərini elan etdi.
“Kiçik sahibkarlar” “Landmark” biznes mərkəzində keçirilən tədbirdə ASK və “İnci” şirkətlər qrupuna daxil olan “Ofisait” şirkətinin təqdim etdiyi hədiyyələrə layiq görüldülər.
Məlumat üçün bildirək ki, müsabiqəyə 8-11, 12-15 yaş qruplarında 25 şagird yazı göndərmişdi. 6 nəfərdən ibarət münsiflər heyəti yazıları bir neçə kateqoriya üzrə bal sistemilə qiymətləndiriblər.
Bu barədə məlumat verən ASK baş katibinin müavini Nərmin Qəniyevanın sözlərinə görə, “Gələcəyin sahibkarı” müsabiqəsinin keçirilməsində məqsəd uşaqlar arasında sahibkarlıq mədəniyyətinin formalaşmasına töhfə verməkdir.
“Sahibkarlığı kiçik yaşlarında formalaşdırmaq lazımdır. Hər bir böyük işin təməli kiçik addımlardan başlayır”, – deyə N.Qəniyeva bildirib.
“Ofisait” şirkətinin departament müdiri və münsiflər heyətinin üzvü İlkin Rufullayev də qalibləri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edən ASK prezidentinin məsləhətçisi Fərid Vəlizadə, ASK-nın baş katib əvəzi Kristina Məmmədova müsabiqəyə daxil olan yazılardakı biznes ideyalar barədə yüksək fikirlər söyləyiblər.
Qeyd edək ki, “İş yeri axtarma iş yeri yarat”, “Öz biznesinə başla” layihələrini uğurla həyata keçirən ASK uşaqlar arasında sahibkarlıq ideyalarının aşılanması məqsədilə “Gələcəyin sahibkarı” müsabiqəsinin daimi şəkildə keçiriləcəyini bəyan edib.
Beləliklə, müsabiqənin qaliblərinin adlarını və onların topladığı balları təqdim edirik:
I yer – Fərid Arifli , 12 yaş – 47 bal. Laçın rayonu M.Səfərov adına Qozlu kənd məktəbi 6- cı sinif
II yer- Ömər Şərifzadə, 9 yaş – 45 bal .10 saylı orta məktəb 2-ci sinif
III yer – Yusif Cəbili, 9 yaş – 44 bal. 263 saylı məktəb 3- cü sinif