skip to Main Content

ASK “Qadın Sahibkarlar Şurasının” video-konfransında iştirak edib

ASK “Qadın Sahibkarlar Şurasının” Video-konfransında Iştirak Edib

Bu il iyunun 16-da İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının (ECO CCI) təşkil etdiyi “Qadın Sahibkarlar Şurasının” video-konfrans keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Jalə Haciyeva, baş katibin vəzifələrin icra edən Kristina Məmmədova və ASK Biznes Konsaltinqin rəhbəri Şəbnəm Nuriyeva bu konfransda iştirak ediblər.

Açılış nitqi ilə ECO CCI-ın baş katibi Adem Kula çıxış edərək, iştirakçıları salamlayıb. Sonra İran İslam Respublikasının ECO CCI Qadın Sahibkarlar Şurasının sədri xanım Seyedeh Fatemeh Moğimi COVID-19 pandemiyası nəticəsində İranın bütün sferalar üzrə ciddi itkilərə məruz qaldığını qeyd edib.

Pakistan FPCCI nümayəndəsi xanım Syeda Maryam Zaidi ölkəsinin üzləşdiyi problemlərdən və hökumətlə sıx əməkdaşlıq şəraitində işlədikləri barədə məlumat verib.

Türkiyə Qadın Sahibkarlar Şurası təmsilçisi xanım Zerrin Özelin sözlərinə görə, pandemiya dövründə müxtəlif regionlarda yaşayan qadın sahibkarlara online təlimlər təşkil ediblər, “Türkcell” ilə birlikdə uğurlu layihə həyata keçiriblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Jalə Haciyeva karantin dövründə kommunikasiya ilə bağlı məsələlərin aktuallığını saxladığını, biznes sferalarında yaranmış problemlərin operativ şəkildə hökumətə çatdırıldığını və hazırlanan təkliflər paketi barədə məlumat verib. Həmçinin, ASK üzvlərini stimullaşdırmaq üçün müxtəlif mövzularda onlayn vebinarlar təşkil edildiyini diqqətə çatdırıb.

Video-konfransda qeyd olunub ki, bu dövr ərzində KOB-larla yanaşı, mikrosahibkarlar da ciddi zərər çəkiblər, işçilərin əmək haqqlarının ödənilməsində çətinliklərlə üzləşdilər. ASK bütün üzvlərinə dəstək nümayiş etdirərək onların problemlərinin həllində mümkün olan bütün vasitələrdən istifadə edib. Eyni zamanda, beynəlxalq korporativ əlaqələrin güclənilməsi istiqamətində işlər aparılıb. Regionda qadınlar və onlara dəstək proqramı, onlayn B2B görüşlərin təşkil edilməsi, əngəlli insanlar üçün özünüməşğulluq layihəsinin tətbiqi barədə məlumat verilib.

Ataməkan Davamlı İnkişaf Fondunun direktoru Dinara Allabergen Qazaxıstanın üzləşdiyi çətinliklərdən, qadın sahibkarları dəstəkləmək üçün həyata keçirilən layihələr və online təlimlər barədə məlumat verib.

Qırğızıstan Respublikası CCI KR Qadın Sahibkarlıq Komitəsinin sədri Asel Atabekova ölkəsində yüngül sənayenin 85%-ni qadın sahibkarların formalaşdırdığını və bu səbəbdən “Pandemiya dövründə qadın sahibkarlar – çağırışlar və həll yolları” adlı konfransın keçirildiyini vurğulayıb.

Turkmənistan təmsilçisi Günel Babanefesova və Özbəkistan Ticarət və Sənaye Palatasının təmsilçisi Saodat Tursunbeyova da ölkələrindəki çətinlikklər barədə, həmçinin online marketing, maliyyə savadlığı, İnformasiya texnologiyalarına dair təlimlərin təşkil olunması barədə məlumat veriblər.

Sonda ASK baş katibinin vəzifələrini icra edən Kristina Məmmədova söz alaraq təşəkkürünü bildirib və görüşlərin davamlı olması təklifini irəli sürüb.

Təklif ECO CCI-ın baş katibi Adem Kula və digər iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Yekunda ECO CCI-ın baş katibi Adem Kula və Türkiyə Qadın Sahibkarlar Şurasının təmsilçisi xanım Zerrin Özel hər kəsə iştirak etdiyi üçün təşəkkürünü bildirib.

Back To Top