ASK dəstəyilə “Qoyunçuluqda dəyər zəncirinin inkişafı problemləri və perspektivləri” mövzusunda video-konfrans keçirildi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yerli nümayəndəliy ölkəmizdə “Qoyunçuluqda dəyər zəncirinin inkişafı problemləri və perspektivləri” mövzusu ətrafında müzakirələr aparmaq üçün vebinar keçirib.
Tədbir “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində baş tutub.
Vebinarda layihənin maraqlı tərəfləri, dövlət qurumları, özəl şirkətlərdən nümayəndələr, ümumilikdə 40-dan çox nümayəndə iştirak edib. Tədbirdə eləcə də layihənin pilot rayonlarından olan fermerlər, Kənd Təsərrüfatı Nazirliyinin Nümayəndələri, Dövləq Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və Azərbaycan Dövlət Aqrar Universitetin də bir sıra əməkdaşları müzakirələrə qoşulub.
Kənd təsərrüfatında qoyunçuq sahəsinin davamlı inkişafına yönəlik hazırki layihəsu sahədə müvafiq dövlət strategiyasının və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində müəyyən edilmiş nəticələrin əldə edilməsinə köməklik məqsədi daşıyır. Keçirilən görüş zamanı qoyunçuluq sahəsində müxtəlif dəyər zəncirlərinə (qoyun əti, qoyun südü və qoyun yunu) malik üç fərqli pilot sahə müəyyən edildiyi vurğulanaraq, hər pilot sahədə aid dəyər zənciri üzrə aparılmış qiymətləndirmə iştirakçılara təqdim edilib. Vebinarda həmçinin layihə çərçivəsində “Azərbaycanda qoyunçuluq üzrə dəyər zəncirinin inkişafı – 2025-ci ilə baxış” adlı hesabatının müzakirəsi baş tutub.
Görüşdə FAO-Azərbaycan Tərəfdaşlıq proqramının rəhbəri Namiq Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin rəhbəri Esmira Lətifova, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Zakir Əzimov mütəxəssis qismində çıxış edərək qoyunçuluq sahəsində mövcud məsələlərə toxunublar.
“Ölkədə yun təsnifatında ciddi problemlər müşahidə olunur, əsasən ətlik istiqaməti üzrə bunu vurğulamaq olar, qaba və yarımqaba yunlu qoyunlar üstünlük təşkil edir. Həmçinin, yerli qoyun cinslərinin təkmilləşdirilməsi kortəbii şəkildə deyil, elmi əsaslarla aparılmalıdır ” – deyə E.Lətifova öz çıxışında qeyd edib.
ASK-nın vitse-prezidenti Zakir Əzimov qoyunçuluqla bağlı statistikada bəzi çatışmazlıqların olduğunu söyləyib: “Hər 100 ana qoyundan neçə bala alınır və qoçların sayı dəqiq məlum deyil”, – deyən Z.Əzimov fermerlərin bazara çıxış imkanları barədə təkliflərlə çıxış edib.