|
Azəbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının 2005-2008-ci il üzrə fəaliyyətinin hesabatı
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə ardıcıl həyata keçirilən islahatların nəticəsində 2005-2008-ci illər Respublikamızın həyatında bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələrlə yadda qalmışdır. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdir. Son 4 ildə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur. Respublika Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında (2004-2008-ci illər), Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə (2007-2010-cu illər) Dövlət Proqramında, Beynəlxalq Əmək Təşkilatı ilə birgə imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramında (2006-2009-cu illər) qarşıya qoyulan əsas məsələlər regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılması vacib məsələ kimi qeyd olunmuşdur.
Ölkədə əmək bazarının təkmilləşdirilməsi, ixtisaslı işçilərin hazırlanması sahəsində Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il 2458 saylı Sərəncamı ilə 2008-ci il yanvarın 1-dən kommresiya hüquqi şəxslərin dövlət qeydiyyatında “Bir pəncərə” sistemi tətbiq edilmişdir. Bununla qeydiyyat prosedurları sadələşdirilmiş, tələb edilən sənədlərin sayı 33-dən 7-yə, qeydiyyat müddəti 3 günə qədər enmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin qərarı ilə Ərazi vergi idarəsi olmayan regoinlarda Vergi terminalları yaradılmış və sahibkarların istifadəsinə verilmişdir. Bu terminallarda Vergi Nazirliyinin nümayəndələri ilə birgə Azərbaycan Respublikası Sahibkarlar (İşəgöürənlər) Təikilatları Milli Konfederasiyasının nümayəndələri də sahibkarlara müvafiq xidmətlər göstərir, İnternet vasitəsilə elektron vergi bəyannamələrinin təqdim edilməsində yardım göstərirlər.
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu da 2009-cu il yanvarın 1-dən başlayaraq dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün optimal şəraitin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır.
2009-cu ilin yanvar ayından etibarən Fövqəladə Hallar Nazirliyində tikintilərə icazə verilməsi üçün “bir pəncərə” sistemi tətbiq olunacaqdır. Tikinti aparılması ilə bağlı nazirliyə müraciət edənlər qısa müddət ərzində bir instansiyaya müraciət edib, tikinti aparılmasına dair rəy ala biləcəklər.Bütün bunların məntiqi nəticəsidir ki, Beynəlxalq Maliyyə Korporasiyasının və Dünya Bankının “Doing Business 2009” illik qlobal hesabatında Azərbaycan Respublikası 2007-2008 -ci illərdə özəl sektorun inkişafı üzrə ən islahatçı ölkə adlandırılmış və islahatların aparılması üzrə dünya liderinə çevrilmişdir. Azərbaycan biznesin qeydiyyata alınması, işçi qüvvəsinin cəlb edilməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması, kreditlərin alınması və investorların hüquqlarının müdafiəsi sahəsində ilk 20 ölkə sırasında yer almışdır. Doing Business-2009 181 ölkə arasında aparılmış sorğu əsasında tərtib olunmuş və 2007-2008-ci illər ərzində həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan 97-ci yerdən 33-cü yerə yüksəlmişdir.
2008-2009 - cu illər uzrə üçtərəfli qaydada bağlanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsi istiqamətində sosial tərəfdaşlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilmiş və bu iş ardıcıl olaraq davam etdirilməkdədir. Hesabat dövründə Konfederasiya öz fəaliyyətini Mərkəzi və yerli İcra Hakimiyyəti orqanları, Milli Məclis, Məhkəmə orqanları, Mətbuat və Beynəlxalq Təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetimiş, bir sıra nüfuzlu Beynəlxalq Təşkilatların, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar İttifaqının, Dünya Qeyri Hökumət Təşkilatları İttifaqının üzvlüyündə təmsilçiliyini davam etdirmiş, ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir.
Hesabat dövrü ASK-nın fəaliyyətində ən uğurlu və məhsuldar dövrlərdən biri olmuşdur. Buna sübut olaraq həm Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, həm də bir sıra sosial problemlərin həlli istiqamətində təşkilat tərəfindən görülən işləri sadalamaq olar.
Ötən dövrdə:
İctimai Əlaqələr və üzvlərlə iş sahəsində - Konfederasiya bu sahədə öz fəaliyyətini xeyli təkmilləşdirmiş, üzvlərlə qarşılıqlı əlaqələrin yaradılması, onların Konfederasiya ilə daimi işgüzar-səmərəli əlaqələrinin təmin edilməsiylə yeni subyektlərin üzvlüyə cəlb edilməsi işi möhkəmləndirilmişdir. 2008-ci ilin yekunlarına əsasən Konfederasiyaya sənaye, marketinq xidmətləri, nəqliyyat, daşımaçılıq, tibbi fəaliyyət, mühafizə xidmətləri, elektrotexnika avadanlıqları, sığorta, kənd təsərrüfatı, təmir-tikinti, hüquq və konsaltinq xidmətləri, nəşriyyat-poliqrafiya, turizm, reklam və digər sahələrdə fəaliyyət göstərən 400-ə yaxın sahibkarlıq subyekti ərizə ilə müraciət etmiş və üzvlüyə qəbul olunmuşdur. Hazırda Konfederasiyanın birbaşa üzvlərinin sayı 3500 nəfəri ötmüşdür.
Hesabat dövründə ASK-nın üzvlərinin sayı 1500 nəfər artmışdır. 2008-ci ildə ASK-nın Abşeron rayonunda region nümayəndəliyi yaradılmışdır. ASK-nın fəaliyyətdə olan nümayəndəliklərinin sayı 36-ya çatmışdır. Bu dövrdə ASK-nın yerli nümayəndəliklərinin fəaliyyətinin təhlili aparılmış, onların fəaliyyətinin daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində zəruri tövsiyələr verilmişdir. Konfederasiyanın nümayəndəliklərinin fəaliyyəti regionlarda sahibkarlığa dair zəruri informasiyaların əldə edilməsinə və sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.
Hesabat dövrü ərzində Konfederasiyanın internet səhifəsi fəaliyyət göstərmiş və burada Konfederasiyanın fəaliyyəti haqqında geniş informasiya bazası yerləşdirilmişdir. Konfederasiyanın cari fəaliyyətini əks etdirən bülletenlər müntəzəm olaraq çap edilmiş və üzvlərə, dövlət və hökumət orqanlarına, səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəlklərinə göndərilmişdir. Konfederasiyanın fəaliyyəti, o cümlədən yerli iş adamlarının beynəlxalq tədbirlərdə iştirakı kütləvi informasiya vasitələrində mütəmadi olaraq işıqlandırılmışdır.
Xarici ölkələrdə (Almaniya, Türkiyə, Rusiya, İran, Pakistan, Çin, Gürcüstan, Avstriya, İtaliya, İspaniya, Yunanıstan, Misir, və digər Avropa və Asiya ölkələri) keçirilən beynəlxalq sərgilər, seminarlar, konfranslar və digər tədbirlərlə bağlı materiallar üzvlər arasında yayılmış və yerli sahibkarların həmin tədbirlərdə iştirakı təmin edilmişdir.
15-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində iştirak edilmiş, bir sıra materiallar və biznes-təkliflər üzvlər arasında yayımlanmışdır.
Konfederasiyanın Türkiyənin TÜYAP, CNR Expo, Efor Fuarcılık, Esas Fuarcılık, Koza Fuarcılık, Yağmur Fuarcılık şirkətləri ilə əlaqələri genişləndirilmiş və Çin Tikinti Materialları Sənayesi Assosiasiyası və Almaniya Hess Gmbh sərgi təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Bunun nəticəsi olaraq 3000-dən çox yerli iş adamının xarici ölkələrrdə təşkil edilən sərgilərdə iştirakı təmin edilmişdir.
Sahibkarlığın qanunvericilik bazasının təkmilləşdirilməsi və sahibkarlara hüquqi xidmətin göstərilməsi, sahibkarların hüquqlarının müvafiq icra hakimiyyəti və məhkəmə müdafiəsi sahəsində - Konfederasiya tərəfindən ötən dövrdə sahibkarların – işəgötürənlərin maraq və mənafelərinin müdafiə edilməsi, hüquqi biliklərinin artırılması, maarifləndirmə, müvafiq mərkəzi və yerli icra hakimiyyəti, bələdiyyə orqanları və digər qurumlarda təmsil olunmaları və s. bu kimi sahələrdə müəyyən işlər görülmüşdür.
2008-ci ilin I-ci yarısında Azərbaycan Respublikasının Korrupsiya Qarşı Mübarizə Komissiyasının dəstəyi ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya barədə sahibkarların – işəgötürənlərin maarifləndirilməsi” layihəsi müvəffəqiyyətlə həyata keçirilmişdir. Bu layihənin əsas komponentləri olan sahibkarlar – işəgötürənlər ücün metodiki vəsait hazırlanmış, Gəncə, Qusar, Kürdəmir, Lənkəran və İmişli şəhərlərində müvafig seminarlar keçirilmişdir. Bununla yanaşı müvafiq tədbirlər planına əsasən sahibkarlıq fəaliyyəti subyektlərinə əmək, vergi, mülki və digər qanunvericilik sahəsində baş verən dəyişikliklər barəsində məlumatların verlməsinə, ümumiyyətlə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi sahəsində maarifləndirici tədbirlər kecirilməsinə xüsusi diqqət verilmişdir.
2008-ci ilin əvvəlindən ölkədə kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatının “bir pəncərə” sisteminin tətbiqi, ayrı – ayrı regionlardada yaradılan vergi ödəyicilərinə xidmət üzrə kompüter terminallarının Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə ASK tərəfindən birgə işlədilməsi və s. məsələlərin həllinin hüquqi əsaslandırıcı sənədlərinin müvafiq layihələri hazirlanmiş, bu sahədə vaxtaşiri monitorinqlər həyata keçirilmişdir.
Hesabat dövründə bir sıra dövlət proqramlarının, qanunvericilik və normativ hüquqi aktların layihələrinə sahibkarlıq subyektlərinin mənafeyi baxımından müvafiq rəy və təkliflər verilmişdir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət proqramı layihəsinə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa Avropa Sosial Xartiyasının (yenidən baxılmış) tələblərinə uyğun yeni normaların daxil edilməsi barədə layihəyə, “Xüsusi iqtisadi zonalar haqqında”, “İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari şəxsi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə və s. sənədlərin layihələrinə verilən rəy və təkliflərin də sahibkarlıq subyektlərinin maraq və mənafelərini real ifadə etməsinə xüsusi diqqət yetirilmişdir.
Əvvəlki dövrlərdə olduğu kimi hesabat dövründə də sahibkarlıq subyektlərinin məhkəmələrdə və digər orqanlarda hüquqlarının müdafiə edilməsinə də həssaslıqla yanaşılmışdır. Sahibkar fiziki şəxslər M. Həsənovun, Ə. İbrahimovun, A. Qasımovun məhkəmələrdə nümayəndələri kimi iştirak edilmiş, “Az-Alaş” MMC-nin, “Xüsusitikinti quraşdırma” MMC-nin, Şəkidəki “Marxal” istirahət mərkəzinin, “Moqobs-MTK” MMC-nin “M+Ş” şirkətinin, “Real” şirkətinin, “Samir” istehsal MMC-nin və digər subyektlərin vergi, gömrük və məhkəmə orqanlarında hüquqlarının müdafiəsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.
Hazırda Zaqataladakı “20 nömrəli təmir tikinti” ASC, “İzopol” MMC, “Xəzər Turist bazası” MMC və digər subyektlərin müxtəlif məhkəmə instansiyalarında icraatda olan məhkəmə mübahisələrinin ədalətli həll olunmasi üçün yaxından kömək göstərilir.
Biznesin İnkişafı, sahibkarlara iqtisadi sahədə məsləhətlərin verilməsi sahəsində respublikanın istehsal sferasına xarici kapitalın cəlb edilməsini yaxşılaşdırmaq, xarici iş adamları ilə yerli iş adamları arasında işgüzar biznes əlaqələrinin genişləndirilməsi məqsədilə daxil olmuş biznes-təkliflər təyinatı üzrə çatdırılmış, yerli iş adamlarına xarici iş adamları ilə əlaqələrinin qurulması üzrə xidmətlər göstərilmişdir. 110-dək yerli sahibkara fəaliyyətlərinin təkmilləşdirilməsi, biznesinin inkişaf etdirilməsi üçün kompleks xidmətlərin, o cümlədən, marketinq və insan resurslarının idarə edilməsinin təşkil edilməsi, maliyyə və lizinq xidməti göstərən institutlar barəsində məlumatların verilməsi və biznes planların hazırlanması prosesində məsləhətlərin verilməsi üzrə xidmətlər göstərilmişdir.
“Bələdiyyələrin sahibkarlıq sahəsində biliklərinin möhkəmləndirilməsi” layihəsi üzrə Qusar rayonu Mucuq bələdiyyəsi, Biləsuvar rayonu Xırmandalı bələdiyyəsi, Lerik rayonu Cəngimiran bələdiyyəsi nəzdində kommersiya huquqi şəxslərin yaradılmasına kömək göstərilmiş və onlar ücün biznes planlar hazırlanaraq maliyyələşdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilmişdir.
Hesabat dövründə İspaniya-Azərbaycan, Rumıniya-Azərbaycan, Çin Xalq Respublikası-Azərbaycan, İran-Azərbaycan, Türkiyə-Azərbaycan biznes-forumlarının təşkil edilməsi üçün informasiya xidmətləri göstərilmiş, bu ölkələrlə iqtisadi ticarət əlaqələri haqqında təqdimatlar hazırlanmışdır. Bundan başqa ASK-da Azərbaycanda qonaq olan iş adamlarından ibarət nümayəndə heyətləri ilə müvafiq sektorlarda fəaliyyət göstərən iş adamlarının görüşləri təşkil edilmişdir. Bu da iş adamlarına yeni biznes əlaqələr yaratmaqda yardımçı olmuş, ölkəyə xarici investisiyaların cəlb edilməsinə müsbət təsir göstərmişdir. Azərbaycanın xarici ölkələrlə iqtisadi-ticarət əlaqələri haqqında məlumatlar bazası mütəmadi olaraq yenilənmişdir.
Regionlarda sahibkarlığın təbliği və maarifləndirmə işlərinin aparılması üçün müxtəlif mövzularda Treynerlərin treyninqi kursları təşkil edilmiş və bu kurslarda regionlardan 100-dək dinləyici iştirak etmişdir. İştirakçılar bu kursları bitirdikdən sonra təmsil etdikləri regionlarda Konfederasiyanın nəzarəti və dəstəyi ilə seminarlar təşkil etmiş və bu seminarlarda 100-lərlə şəxs iştirak etmişdir. Bu onların sahibkarlıq fəaliyyətinə cəlb edilmələri yolu ilə özünüməşğulluqlarını təmin etməkdə mühüm rol oynamışdır.
İl ərzində Azərbaycan Respublikası İlə Rusiya Federasiyası, Gürcüstan, Qazaxstan və Moldova Respublikaları Hökumətlərarası Komissiyalarının işi ilə tanış olaraq, sosial-iqtisadi sahəni əhatə edən məsələlər barədə təkliflər həmin komissiyalara təqdim edilmiş və bu təkliflərə baxılmasında mühüm rol oynamışdır.
2009-cu ildə qeyd edilən istiqamətlərdə işlərin davam etdirilməsi və daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, 2009-cu il ərzində sahibkarların problemlərinin araşdırılması və bu məqsədlə iş adamları arasında sorğuların keçirilməsi, sahibkarlıq subyektləri olan hüquqi və fiziki şəxslərə hərtərəfli məsləhət xidmətlərinin göstərilməsinin təmin olunması, Respublika iqtisadiyyatının öncül sahələri üzrə analitik icmal məlumatların hazırlanması, Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri haqqında informasiya bazasının genişləndirilməsi və yeniləşdirilməsi, gənclərin, qadınların, digər əhali qruplarının biznes biliklərinin və vərdişlərinin gücləndirilməsi sahəsində işlərin görülməsi nəzərdə tutulmuşdur.
Əmək münasibətləri və sosial tərəfdaşlıq sahəsində - Konfederasiyanın fəaliyyətinin mühüm hissəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli formada bağlanılmış Baş Kollektiv Sazişdə nəzərdə tutulan öhdəliklərin və həmçinin yenə də üçtərəfli qaydada imzalanmış Layiqli Əməyin Təminatı üzrə Ölkə proqramında (2006-2009-cu illər üçün) nəzərdə tutulan vəzifələrin həyata keçirilməsinə yönəlmişdir.
Bu öhdəliklər ölkədə biznesin inkişafı və investisiya mühitinin yaxışılaşdırılması, əmək münasibətlərinin tənzimlənməsi, sahibkarlığın inkişaf etdirilməsi yolu ilə əhalinin, xüsusilə qadınların və gənclərin məşğulluq imkanlarının artırılması, müəssisələrin korporativ sosial məsuliyyətlərinin yüksəldilməsi və digər vacib məsələləri nəzərdə tutur.
Baş Kollektiv Sazişdə nəzərdə tutulan öhdəliklərin icrası:
Baş Kollektiv Sazişdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
İqtisadi siyasət və həmçinin əhalinin məşğulluğunun təminatı sahəsində fəaliyyət əməyin məhsuldarlığının artırılmasına yönəldilmiş tədbirlərin stimullaşdırılması, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin artırılması kimi istiqamətləri əhatə etmişdir.
Sahibkarlıq fəaliyyətinə başlama və ya biznesin genişləndirilməsi bir tərəfdən insanlar üçün daha gəlirli və layiqli iş imkanı, başqa tərəfdən isə həm də digər insanlar üçün yeni iş yerlərinin açılması ilə şərtlənmişdir.
Bunu nəzərə alaraq bu il ASK ölkə səviyyəsində BƏT-in dəstəyi ilə həyata keçirilən Gənclərin Məşğulluğunun Dəstəklənməsi Proqramına daha fəal qoşulmaq təklifi ilə çıxış etmişdir. Proqram çərçivəsində qadınların biznes fəaliyyətinə cəlb olunması və ya biznes fəaliyyətinin genişləndirilməsi məqsədilə layihə təklifləri hazırlanmışdır. Baş Kollektiv Sazişdə sosial müdafiənin gücləndirilməsi bölməsində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi uzrə fəaliyyət iki istiqamətdə olmuşdur. Qeyd edək ki, ASK Şərqi Avropa və Orta Asiya ölkələri işgötürənlər təşkilatları arasında ilk təşkilatdır ki, HİV/AİDS probleminə sosial-iqtisadi kontekstdə yanaşmış və epidemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətində bir layihə həyata keçirmişdir. Layihə çərçivəsində işəgötürənlər üçün maarifləndirici tədbirlər, o cümlədən seminarlar təşkil olunmuşdur. Həmin maarifləndirici tədbirlər həm də HİV-ə yoluxmuş və AİDS xəstəsi olan işçilərin sosial müdafiəsinin təmin edilməsi və gücləndirilməsində işəgötürənlərin fəal iştirakını da nəzərdə tutmuşdur.
Uşaq əməyinin aradan qaldırılması, əsasən də kənd təsərrüfatı sektorunda təhlükəli uşaq əməyinin ləğv edilməsi istiqamətində həyata keçirilən layihə müvəffəqiyyətlə başa çatdırılmışdır. Layihənin həyata keçirildiyi müddət ərzində kənd yerlərində uşaq əməyindən istifadə olunması, uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması, uşaqların sağlamlığı və digər məsələlərlə bağlı araşdırmalar aparılmış, uşaqların işdən uzaqlaşdırılaraq məktəblərə qaytarılması üçün işəgötürənlər tərəfindən konkret tədbirlər görülməsinə nail olunmuşdur.
Əmək hüquqlarının müdafiəsi və əməyin mühafizəsi sahəsində görülən tədbirlər əsasən işəgötürənlərin bu sahədə maarifləndirilməsini əhatə etmişdir.
Sosial tərəfdaşlarla əməkdaşlıq, sosial dialoqun gücləndirilməsi:
Sosial partnyorluğün inkişaf etdirilməsi Konfederasiyanın fəaliyyətinin əsas prioriteti olmuşdur. Konfederasiya tərəfindən həyata keçirilən tədbirlər və layihələrlə bağlı bütün işlər üçtərəfli əməkdaşlıq prinsiplərinə söykənmişdir. Kofederasiyanın əməkdaşları respublikada üçtərəfli qaydada təşkil edilən bütün tədbirlərdə fəal iştirak etmiş, tədbirlərin işçi qrupları tərkibində çıxış etmiş, təkliflər vermişdir. Sosial tərəfdaşlıq həmçinin BƏT-in konvensiyalarının birgə müzakirəsi və ya ratifikasiya edilməsi üzrə birgə məsləhətləşmələrin aparılmasında da öz əksini tapmışdır.
Hesabat dövründə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq istiqamətində iş çox uğurlu olmuşdur. Bu fəaliyyət BƏT-in dəstəyi ilə həyata keçirilən layihələrin icrası, BƏT-in dəstəyi ilə həm xarici ölkələrdə, həm də Azərbaycanda təşkil olunmuş təlim kursları, seminar, konfranslarda iştirak səviyyəsində olmuşdur.
Hesabat dövründə Konfederasiya Beynəlxalq tədbirlərə də ev sahibliyi də etmişdir. Bu baxımdan cari ilin oktyabr ayının 30-31-də Bakıda təşkil edilmiş «Uşaq əməyi ilə mübarizə sahəsində təcrübə mübadiləsi və həyata keçirilən fəaliyyətlər» mövzusunda Regionlararası Konfransı xüsusi qeyd etmək lazımdır. Konfransda Azərbaycan Respublikasının bir sıra dövlət qurumları, o cümlədən müvafiq nazirliklərin, BƏT-in Cenevrə və Moskva ofisinin nümayəndələri, Türkiyə, Ukrayna, Moldova, Gürcüstan, Orta Asiya - Qazaxstan, Özbəkistan, Qırğızıstan və Tacikistan işəgötürənlər təşkilatlarının nümayəndələri və yerli işəgötürənlər, o cümlədən Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak etmişdir. Uşaq əməyi ilə mübarizə sahəsində işəgötürənlərin təcrübəsinin öyrənilməsi baxımından Konfrans çox əhəmiyyətli olmuşdur.
Sahibkarların maarifləndirilməsi, menecerlərin hazırlığı istiqamətində – Hesabat dövründə Konfederasiya tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində önəmli işlər görülmüşdür.
Belə ki, sahibkarlıq subyektləri əməkdaşlarının treninq və seminarlara olan ehtiyaclarını müəyyənləşdirmək məqsədilə 1000-dən artıq şirkət arasında sorğu həyata keçirilmişdir. Keçirilən sorğunun nəticələrinə əsasən iş planı hazırlanmışdır.
- Hər il Vergi Məcəlləsinə edilən əlavə və dəyişiliklər haqqında sahibkarlıq subyektləri əməkdaşlarının maarifləndirilməsi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları ilə birlikdə silsilə seminarlar keçirilmişdir.
Keçirilən seminarlarda 70-ə yaxın sahibkarlıq subyekti əməkdaşları iştirak etmiş onlara Vergi Məcəlləsinə edilən əlavə və dəyişiliklər haqqında geniş məlumat verilmişdir. Görüşdə sahibkarları maraqlandıran suallara Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aydınlıq gətirilmişdir.
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə «Əmək münasibətlərinin tənzimlənməsi və əmək qanunvericiliyinə əməl edilməsi sahəsində işəgötürənlərin vəzifələri və məsuliyyəti» mövzusunda seminar keçirilmişdir. Seminarda 40-a yaxın şirkətin İnsan Resursları və Hüquq şöbələrinin əməkdaşları iştirak etmişdir. Tədbirdə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları ekspert kimi iştirak etmişdir.
Maarifləndirmə istiqamətində:
Konfederasiya tərəfindən müxtəlif layihələr çərçivəsində maarifləndirmə istiqamətində tədbirlər keçirilmişdir.
- «Bələdiyyələrin sahibkarlıq və biznes sahəsində biliklərinin artırılması və möhkəmləndirilməsi» layihəsi çərçivəsində Bakı şəhərində, Qusar, Biləsuvar və Lerik rayonlarında bələdiyyələr üçün «Biznesin əsaslarının öyrədilməsi» mövzusu üzrə silsilə maarifləndirici seminarlar keçirilmişdir. Keçirilmiş bu seminarlarda 80-ə yaxın sahibkarlıq subyektinin əməkdaşı iştirak etmişdir. Bundan başqa bu layihə çərçivəsində bələdiyyələr üçün «Biznesə Dogru İlk Addım» üzrə tədris vəsaiti hazırlanmışdır.
- «İnsan Alverinə Qarşı Mübarizə» layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində 1 günlük maarifləndirici seminarlar keçirilmişdir. Seminarlarda 50 nəfər nümayəndə iştirak etmişdir.
- «Korporativ Sosial Sərmayə» layihəsi üzrə müxtəlif şirkətlərdə seminarlar təşkil olunmuşdur.
- «Azərbaycan Respublikasının regionlarında şəffaflıgın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya üzrə maarifləndirmənin və məlumatlandırmanın təşkili» layihəsi çərçivəsində İmişli, Kürdəmir, Qusar, Lənkəran və Gəncə şəhərlərində seminarlar keçirilmişdir.
- Konfederasiya treninq və seminarlar keçirməklə yanaşı respublikamızda peşə təhsili istiqamətində olan problemlərin müzakirə edilməsi üçün təşkil edilmiş həm regional həm də beynəlxalq dəyirmi masaların və konfransların iştirakçısı olmuşdur. Bu il Britaniya Konsulluğunun xətti ilə 1 nəfər Londonda, 1 nəfər isə Alma-Ata şəhərində peşə təhsili sahəsində təşkil olunmuş tədbirdə iştirak etmişdir.
Bundan başqa Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən «Miqrasiyanın Tənzimlənməsi» mövzusunda təşkil olunmuş seminarda 4 nəfər iştirak etmişdir.
Ümumilikdə cari il ərzində keçirilmiş treninq və seminarlarda 300-dən çox sahibkarlıq subyekti əməkdaşları iştirak etmişdir.
Beynəlxalq əlaqələr isaqamətində - Hesabat dövrü ərzində Konfederasiya öz fəaliyyətini əsasən xarici ölkələrin respublikamızda fəaliyyət göstərən səfirlikləri, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirlikləri, Azərbaycan və xaricdə fəaliyyət göstərən beynəlxalq biznes təşkilatları, beynəlxalq maliyyə institutları, beynəlxalq təşkilatlar, beynəlxalq proqramlar və xarici şirkətlərlə əməkdaşlıq istiqamətində qurmuşdur.
Konfederasiya ölkəyə investisiya axınının daha da genişlənməsinə yardımçı olmaq istiqamətində öz fəaliyyətini davam etmiş və bu məqsədlə ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri ilə mütəmadi olaraq görüşlər keçirilmişdir. Bu görüşlərdə əsas müzakirə obyekti Azərbaycana xarici şirkətlərin investisiya qoymaq imkanları, onlar üçün maraqlı ola biləcək sektorlar haqqında ətraflı informasiya mübadiləsinin təmin olunması, xarici iş adamlarının iştirakı ilə birgə biznes forumların, sərgilərin, biznes səfərlərin təşkil olunması və s. məsələlər olmuşdur.
Cari ildə Türkiyənin Azərbaycandakı səfiri, Qazaxstanın Azərbaycandakı səfiri, İspaniyanın Türkiyədəki səfirliyinin İqtisadi məsələlər üzrə katibi, Yunanıstanın Azərbaycandakı səfirliyinin İqtisadiyyat müşaviri, Pakistanın Azərbaycandakı səfirliyinin ticarət müşaviri ilə görüşlər təşkil olunmuşdur.
Konfederasiya müxtəlif ölkələrdə özünün tərəfdaşları ilə əməkdaşlıq ədaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bu il də davam etdirmişdir.
Belə ki, cari ildə Türkiyə İşverən Sendikaları Konfederasiyası, Qazaxıstan İşəgötürənlər Konfederasiyası, İspaniyanın Fomento Təşkilatı, Tacikstan İşəgötürənlər Birliyi, Rumıniya İşəgötürənlər Təşkilatı, Texniki və İqtisadi Əməkdaşlıq üzrə Çin-Avropa Assosasiyası ilə əməkdaşlıq sazişləri imzalanmışdır. Bu tip müqavilələrin imzalanması Konfederasiyaya həmin ölkələrdə sahibkarlığın inkişafına dair obyektiv informasyia əldə etməyə və bu informasiyadan öz üzvlərinə göstərilən xidmətlərdə istifadə etməyə imkan vermişdir.
Hazırda Konfederasiya bir sıra beynəlxalq proqramların tərəfdaşı qismində çıxış edərək onların respublikamızda tətbiq olunması istiqamətində fəaliyyət göstərir.
Hollandiyanın PUM (Hollandiyadan təcrübəli menecerlər) proqramı çərçivəsində ASK-nın xətti ilə ötən dövrdə 100-dən ekspert şirkətlərin sifarişi ilə dəvət olunmuşdur.
Bu il dəvət olunmuş ekspertlər əsasən bank işi, kənd təsərrüfatı, tibb, turizm, mebel, heyvandarlıq sahələrində çalışan şirkətlərdə olmuşlar. Onlar dəvət olunduğu şirkətlərin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra onların inkişafı üçün problem yaradan sahələrdə öz məsləhətlərini vermiş, birgə biznes-layihələr hazırlamışlar. Ümumilikdə, hesabat dövründə adı çəkilən proqramın 100 nəfərdən çox eksperti Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərdə işgüzar səfərlərdə olmuşlar.
İl ərzində Beynəlxalq təşkilatlarla iş istqimətində görülən işlər beynəlxalq tədbirlərdə yeril iş adamlarının iştirakının təmin olunması, daxil olan informasiya və nəşrlərin yayılması, birgə tədbirlərin təşkil olunması istiqamətində aparılmışdır.
Eyni zamanda Konfederasiyada respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla da əməkdaşlıq etmişdir. Cari ildə Britaniya Konsulluğu, GTZ kimi təşkilatlrla birgə layihələr həyata keçirilmişdir.
Konfederasiya BMT-nin Avropa üçün İqtisadi Komissiyasının respublikamızda İnformasiya Yayım Mərkəzi kimi də fəaliyyət göstərir və daxil olmuş informasiya və nəşrlər haqqında məlumatlar yerli şirkətlər arasında yayılır.
ABŞ-ın SABİT, İsrailin MASHAV proqramının və digər əməkdaşlıq etdiyimiz proqramların 2009-ci il üçün nəzərdə tutduğu beynəlxalq tədbirlərdə yerli iş adamlarının iştirakının təmin olunması istiqamətində işlər görülməkdədir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgöturənlər) Təşkilatları Milli Konfederasiyası gələcək fəaliyyətində də sahibkarların, iş adamlarının maraq və mənafelərinin reallaşmasında ictimai fəaliyyət təcrübəsini daha da inkişaf etdirəcək, onların bu sahədə etimadını və rəğbətini qazanmış ümumrespublika təşkilatı olaraq üzərinə götürdüyü vəzifə və öhdəliklərin daha səmərəli icra olunmasına çalışacaqdır. |