|
Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2008-2009-cu illər üçün Baş Kollektiv Sazişin icrası vəziyyəti barədə
ARAYIŞ
26 may 2008-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2008-2009-cu illər üçün Baş Kollektiv Saziş imzalanmışdır. Baş Kollektiv Sazişin yerinə yetirilməsi üzrə tərəflər, o cümlədən ASK üzərinə müəyyən öhdəliklər götürmüşdür.
2008-2009-cu illər üçün Baş Kollektiv Sazişin icrası dövrü respublikamız üçün həm iqtisadi, həm də sosial sahədə uğurlu olmuşdur. Ölkədə sahibkarlığın inkişafı istiqamətində bir sıra önəmli addımlar atılmış və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdir. Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının (2004-2008-ci illər) müvəffəqiyyətli icrası, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə (2007-2010-cu illər) Dövlət Proqramında, Beynəlxalq Əmək Təşkilatı ilə birgə imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramında (2006-2009-cu illər) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəsisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılması üçün vacib amillər olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il 2458 saylı Sərəncamı ilə 2008-ci il yanvarın 1-dən kommresiya hüquqi şəxslərin dövlət qeydiyyatında «Bir pəncərə sistemi» tətbiq edilmişdir. Bununla qeydiyyat prosedurları sadələşdirilmiş, tələb edilən sənədlərin sayı 33-dən 7-yə, qeydiyyat müddəti 3 günə qədər enmişdir. Bu da sahibkarlıq fəaliyyətinin yüksəlməsinə təkan vermişdir.
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu da 2009-cu il yanvarın 1-dən başlayaraq dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün optimal şəraitin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır.
Bütün bunların məntiqi nəticəsidir ki, Beynəlxalq Maliyyə Korporasiyasının və Dünya Bankının “Doing Business 2009” illik qlobal hesabatında Azərbaycan Respublikası 2007-2008 -ci illərdə özəl sektorun inkişafı üzrə ən islahatçı ölkə adlandırılmış və islahatların aparılması üzrə dünya liderinə çevrilmişdir.
2008-2009 - cu illər üçün üçtərəfli qaydada bağlanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsi istiqamətində ASK-nın da gördüyü işlər əsasən sahibkarlığın inikşafı və ölkədə əlverişli biznes mühitinin yaxşılaşdırılmasına yönəlmişdir.
1. İqtisadi siyasət sahəsində
Konfederasiya sosial tərəfdaş kimi iqtisadi siyasətlə bağlı Baş Kollektiv Sazişdə üzərinə düşən vəzifələri yerinə yetirmək üçün fəaliyyət göstərmiş, dövlət proqramlarının, müvafiq qərarların həyata keçirilməsində yaxından iştirak etmişdir. Aparılan sosial-iqtisadi inkişaf və quruculuq işlərində, yeni sahibkarlıq subyektlərinin təşkili və inkişaf etdirilməsi sahəsində aparılan dövlət siyasətinin ardıcıllıqla həyata keçirilməsinə dəstək vermişdir.
Qeyd olunan sahədə ASK-nın əsas fəaliyyəti sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində olmuşdur. Sahibkarlığın inkişafı hər şeydən əvvəl yeni iş yerlərinin açılması və əhalinin məşğulluq imkanlarının artırılması, bununla da əhalinin maddi rifah halının yüksəldilməsi üçün əsaslı şərtdir. Odur ki, sahibkarlara hərtərəfli dəstək vermək və onlara daha yaxşı xidmətləri təmin etmək üçün Konfederasiya öz fəaliyyətini xeyli təkmilləşdirmişdir.
2008-ci ildə ASK-nın Abşeron və Ucar rayon nümayəndəlikləri yaradılmış, fəaliyyətdə olan nümayəndəliklərin sayı 36-ya çatmışdır. Bu isə regionda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsi, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.
Regionlarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin qərarı ilə Ərazi vergi idarəsi olmayan regionlarda Vergi terminalları yaradılmış və sahibkarların istifadəsinə verilmişdir. Bu terminallarda Vergi Nazirliyinin nümayəndələri ilə birgə ASK-nın region nümayəndələri də sahibkarlara müvafiq xidmətlər göstərir, İnternet vasitəsilə elektron vergi bəyannamələrinin təqdim edilməsində yardım göstərirlər.
Ölkədə kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatının “bir pəncərə” sisteminin tətbiqi, ayrı – ayrı regionlarda yaradılan vergi ödəyicilərinə xidmət üzrə kompüter terminallarının Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə ASK tərəfindən birgə işlədilməsi və s. məsələlərin həllinin hüquqi əsaslandırıcı sənədlərinin müvafiq layihələri hazirlanmiş, bu sahədə vaxtaşiri monitorinqlər həyata keçirilmişdir.
Sahibkarlıq fəaliyyətinin inkişafında müəssisə rəhbərlərinin, həmçinin fiziki şəxslərin iş təcrübələrinin artırılması, yeni işgüzar əlaqələrin yaradılması və partnyorların tapılması əhəmiyyətlidir. ASK müntəzəm olaraq iş adamlarının milli və beynəlxalq səviyyəli tədbirlərdə iştirakını təmin edir. ASK-nın xətti ilə 1000-dən çox yerli iş adamı xarici ölkələrdə, o cümlədən Almaniya, Türkiyə, Rusiya, İran, Pakistan, Çin, Gürcüstan, Avstriya, İtaliya, İspaniya, Yunanıstan, Misir, və digər Avropa və Asiya ölkələrində keçirilən seminarlar, konfranslar və xüsusilə də sərgilərdə iştirak etmişdir. Bu işi uğurla həyata keçirmək üçün Konfederasiya Türkiyənin TÜYAP, CNR Expo, Efor Fuarcılık, Esas Fuarcılık, Koza Fuarcılık, Yağmur Fuarcılık şirkətləri ilə əlaqələri genişləndirilmiş və Çin Tikinti Materialları Sənayesi Assosiasiyası və Almaniya Hess Gmbh sərgi təşkilatı ilə əməkdaşlıq əlaqələri yaratmışdır.
ABŞ-ın SABİT, İsrailin MASHAV proqramının və digər əməkdaşlıq etdiyimiz proqramların 2009-cu il üçün nəzərdə tutduğu beynəlxalq tədbirlərdə yerli iş adamlarının iştirakının təmin olunması istiqamətində işlər görülməkdədir.
110-dək yerli sahibkara fəaliyyətlərinin təkmilləşdirilməsi, biznesinin inkişaf etdirilməsi, o cümlədən, marketinq və insan resurslarının idarə edilməsinin təşkili, maliyyə və lizinq xidməti göstərən institutlar barəsində məlumatlar verilmiş və biznes planların hazırlanmasında yardım edilmişdir.
Sazişdə nəzərdə tutulduğu kimi ASK ölkədə investisiya mühitinin yaxşılaşdırılmasını təmin edən tədbirlər görmüş, o cümlədən respublikanın istehsal sferasına xarici kapitalın cəlb edilməsini yaxşılaşdırmaq, xarici iş adamları ilə yerli iş adamları arasında işgüzar biznes əlaqələrinin genişləndirilməsi məqsədilə daxil olmuş biznes-təkliflər təyinatı üzrə çatdırılmış, yerli iş adamlarına xarici iş adamları ilə əlaqələrinin qurulması üzrə xidmətlər göstərilmişdir.
İspaniya-Azərbaycan, Rumıniya-Azərbaycan, Çin Xalq Respublikası-Azərbaycan, İran-Azərbaycan, Türkiyə-Azərbaycan biznes-forumlarının, Azərbaycana gələn iş adamlarından ibarət nümayəndə heyətləri ilə müvafiq sektorlarda fəaliyyət göstərən iş adamlarının görüşlərinin təşkil edilməsi əhəmiyyətli olmuşdur. Bu, iş adamlarına yeni biznes əlaqələr yaratmaqda yardımçı olmuş, ölkəyə xarici investisiyaların cəlb edilməsinə müsbət təsir göstərmişdir.
Regionlarda sahibkarlığın təbliği və maarifləndirmə işlərinin aparılması üçün müxtəlif mövzularda Treynerlərin treyninqi kursları təşkil edilmiş və bu kurslarda regionlardan 100-dək dinləyici iştirak etmişdir. İştirakçılar bu kursları bitirdikdən sonra təmsil etdikləri regionlarda Konfederasiyanın nəzarəti və dəstəyi ilə seminarlar təşkil etmiş və bu seminarlarda 100-lərlə şəxs iştirak etmişdir. Bu onların sahibkarlıq fəaliyyətinə cəlb edilmələri yolu ilə özünüməşğulluqlarını təmin etməkdə mühüm rol oynamışdır.
2009-cu ildə qeyd edilən istiqamətlərdə işlərin davam etdirilməsi və daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, 2009-cu il ərzində sahibkarların problemlərinin araşdırılması və bu məqsədlə iş adamları arasında sorğuların keçirilməsi, sahibkarlıq subyektləri olan hüquqi və fiziki şəxslərə hərtərəfli məsləhət xidmətlərinin göstərilməsinin təmin olunması, Respublika iqtisadiyyatının öncül sahələri üzrə analitik icmal məlumatların hazırlanması, Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri haqqında informasiya bazasının genişləndirilməsi və yeniləşdirilməsi, gənclərin, qadınların, digər əhali qruplarının biznes biliklərinin və vərdişlərinin gücləndirilməsi sahəsində işlərin görülməsi nəzərdə tutulmuşdur.
ASK sahibkarlığın inkişafına dəstək olacaq layihə və proqramlara qoşulur. Hazırda Konfederasiya bir sıra beynəlxalq proqramların tərəfdaşı qismində çıxış edərək onların respublikamızda tətbiq olunması istiqamətində fəaliyyət göstərir. Hollandiyanın PUM (Hollandiyadan təcrübəli menecerlər) proqramı çərçivəsində ASK-nın xətti ilə ötən dövrdə proqramın 100 nəfərdən çox eksperti Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərdə olmuşlar. Onlar dəvət olunduğu şirkətlərin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra onların inkişafı üçün problem yaradan sahələrdə öz məsləhətlərini vermiş, birgə biznes-layihələr hazırlamışlar.
Baş Kollektiv Saziş sahibkarlığın inkişafı məqsədi ilə vergi qanunvericiliyinin təkmilləşdirilməsi məsələsini nəzərdə tutur. Sahibkarlar birliyi kimi ASK bu sahədə öz təkliflərini hazırlayaraq hökumətə təqdim etmişdir ki, bu təkliflər sadələşdirilmiş vergi sistemi, mənfəət vergisi, ƏDV, sosial sığorta ayırmalarının həcmi ilə bağlıdır.
Baş Kollektiv Sazişdə nəzərdə tutulan yerli idarəetmə orqanlarının imkanların gücləndirilməsi bəndinə uyğun olaraq ASK «Bələdiyyələrin sahibkarlıq və biznes sahəsində biliklərinin artırılması və möhkəmləndirilməsi» layihəsi çərçivəsində Bakı şəhərində, Qusar, Biləsuvar və Lerik rayonlarında bələdiyyələr üçün «Biznesin əsaslarının öyrədilməsi» mövzusu üzrə silsilə maarifləndirici seminarlar keçirilmişdir. Keçirilmiş bu seminarlarda 80-ə yaxın insan iştirak etmişdir. Bundan başqa bu layihə çərçivəsində bələdiyyələr üçün «Biznesə Dogru İlk Addım» üzrə tədris vəsaiti hazırlanmışdır.
Baş Kollektiv Saziş iqtisadi siyasət sahəsində həmçinin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyaya uyğun olaraq işəgötürənlərin maarifləndirilməsi işinin təşkil edilməsini nəzərdə tutur.
2008-ci ildə ASK Azərbaycan Respublikasının Korrupsiya Qarşı Mübarizə Komissiyasının dəstəyi ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya barədə sahibkarların – işəgötürənlərin maarifləndirilməsi” layihəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Bu layihənin əsas komponentləri olan sahibkarlar – işəgötürənlər ücün metodiki vəsait hazırlanmış, Gəncə, Qusar, Kürdəmir, Lənkəran və İmişli şəhərlərində müvafig seminarlar keçirilmişdir. Bununla yanaşı müvafiq tədbirlər planına əsasən sahibkarlıq fəaliyyəti subyektlərinə əmək, vergi, mülki və digər qanunvericilik sahəsində baş verən dəyişikliklər barəsində məlumatların verlməsinə, ümumiyyətlə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi sahəsində maarifləndirici tədbirlər kecirilməsinə xüsusi diqqət verilmişdir.
Konfederasiya tərəfindən sahibkarların – işəgötürənlərin maraq və mənafelərinin müdafiə edilməsi, hüquqi biliklərinin artırılması, maarifləndirilməsı, müvafiq mərkəzi və yerli icra hakimiyyəti, bələdiyyə orqanları və digər qurumlarda təmsil olunmaları və s. bu kimi sahələrdə müəyyən işlər görülmüşdür.
Sahibkarlıq subyektlərinin məhkəmələrdə və digər orqanlarda hüquqlarının müdafiə edilməsinə həssaslıqla yanaşılmışdır.
ASK həmçinin qlobal maliyyə böhranının Azərbaycanda biznes mühitinə təsiri ilə bağlı arşdırma aparmış və yarana biləcək fəsadların minimuma endirilməsi ilə bağlı təkliflər paketi hazırlayaraq Azərbaycan hökumətinə təqdim etmişdir.
2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi
Baş Kollektiv Saziş minimum əmək haqqının, yaşayış minimumunun Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tövsiyələrinə uyğunlaşdırılması məsələsini qoyur. ASK tərəfindən bir sıra dövlət proqramlarının, qanunvericilik və normativ-hüquqi aktların layihələrinə, o cümlədən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət proqramı layihəsinə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tələblərinə uyğun yeni normaların daxil edilməsi barədə layihəyə rəy və təkliflər verilmişdir. Amma bir məsələ qeyd olunmalıdır ki, verilən rəy və təkliflərdə sahibkarlıq subyektlərinin maraq və mənafelərinin real ifadə olunmasına xüsusi diqqət yetirilmişdir.
Sənəddə nəzərdə tutulduğu kimi ASK Vergi Məcəlləsi, həmçinin milli əmək qanunvericiliyi ilə bağlı sahibkarların maarifləndirilməsi işinə çox diqqət verir. Hər il olduğu kimi ötən ildə də Vergi Məcəlləsinə edilən əlavə və dəyişiliklər haqqında sahibkarların maarifləndirilməsi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları ilə birlikdə silsilə seminarlar keçirilmişdir. Keçirilən seminarlarda 70-ə yaxın sahibkarlıq subyekti iştirak etmişdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə «Əmək münasibətlərinin tənzimlənməsi və əmək qanunvericiliyinə əməl edilməsi sahəsində işəgötürənlərin vəzifələri və məsuliyyəti» mövzusunda seminar keçirilmişdir. Seminarda 40-a yaxın şirkətin İnsan Resursları və Hüquq şöbələrinin əməkdaşları iştirak etmişdir. Tədbirdə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları ekspert kimi iştirak etmişdir.
Sahibkarlıq subyektlərinin treninq və seminarlara olan ehtiyaclarını müəyyənləşdirmək məqsədilə 1000-dən artıq şirkət arasında sorğu həyata keçirilmişdir. Keçirilən sorğunun nəticələrinə əsasən iş planı hazırlanmışdır.
3. Əmək bazarının inkişafı və əhalinin məşğulluq təminatları
Sazişdə qeyd edildiyi kimi, Konfederasiya güzəştli kredit siyasətinin davam etdirilməsi təklifini dəstəkləyir. ASK kredit siyasəti ilə bağlı təkliflərini hazırlamış və hökumətə təqdim etmişdir. Bu təkliflər sahibkarlara dəstək verməklə bərabər, qlobal maliyyə böhranının doğura biləcəyi fəsadların qarşısının alınması məqsədi daşıyır. Belə ki, təkliflər əsasən bunları əhatə edir: a) kiçik müəssisələrə dəstək məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan ayrılan vəsaitlərin həcminin 1 milyard manata çatdırılması, kreditlərin ayrılması mexanizmlərinin dəyişdirilməsi, kreditlərin birbaşa və ünvanlı verilməsi, faiz məzənnəsinin 7%-dən 0%-ə endirilməsi, kreditlərin ayrılması prosesinə ictimai nəzarətin və şəffaflığın artırılması məqsədilə sahibkarların ictimai birliklərinin cəlb edilməsi; b) kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər verilərkən bu sahənin mövsümi xüsusiyyətlərini nəzərə almaqla vaxtında və əngəlsiz verilməsi; c) KOS subyektlərinə verilmiş kreditlərin ödənilməsinə böhranın sonuna qədər möhlət verilməsi.
ASK-nın fəaliyyətinin mühüm bir istiqaməti üçtərəfli qaydada imzalanmış Layiqli Əməyin Təminatı üzrə Ölkə proqramında (2006-2009-cu illər üçün) nəzərdə tutulan vəzifələrin həyata keçirilməsinə yönəlmişdir. Bu vəzifələr ölkədə biznesin inkişafı və investisiya mühitinin yaxışılaşdırılması ilə yanaşı, əmək münasibətlərinin tənzimlənməsi, sahibkarlığın inkişaf etdirilməsi yolu ilə əhalinin, xüsusilə qadınların və gənclərin məşğulluq imkanlarının artırılması, müəssisələrin korporativ sosial məsuliyyətlərinin yüksəldilməsi və digər vacib məsələləri nəzərdə tutur.
Bunu nəzərə alaraq bu il ASK ölkə səviyyəsində BƏT-in dəstəyi ilə həyata keçirilən Gənclərin Məşğulluğunun Dəstəklənməsi Proqramına qoşulmuşdur. Proqram çərçivəsində qadınların, xüsusilə gənc qadınların biznes fəaliyyətinə cəlb olunması və ya biznes fəaliyyətinin genişləndirilməsi məqsədilə layihənin icrasına başlanılmışdır.
Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə “Öz biznesini başla və təkmilləşdir” təlim proqramı üzrə trenerlərin treninqi keçirilmişdir.
- Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və pilot rayonlarda icrası layihəsində yaxından iştirak edilir.
- “Gənc və yaradıcı nəsil” cib kitabçası hazırlanmaqdadır.
Konfederasiya peşə təhsili ilə bağlı həm milli, həm də beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir.
ASK nümayəndələri əmək miqrasiyası ilə bağlı milli və beynəlxalq tədbirlərdə fəal iştirak edir. Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən «Miqrasiyanın Tənzimlənməsi» mövzusunda təşkil olunmuş seminarda konfederasiyanın nümayəndələri iştirak etmişlər.
ASK tərəfindən “Qeyri formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid” layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində işəgötürənlərin qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçməsinə yardım etmək məqsədilə tədbirlər həyata keçirilmiş, o cümlədən maarifləndirmə işinin aparılması üçün trenerlər hazırlanmış, sahibkarlar üçün “Formal iqtisadiyyatda biznesə necə başlamalı” soraq kitabçası hazırlanmışdır.
4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri
Uşaq əməyinin aradan qaldırılması, əsasən də kənd təsərrüfatı sektorunda təhlükəli uşaq əməyinin ləğv edilməsi istiqamətində həyata keçirilən layihə müvəffəqiyyətlə başa çatdırılmışdır. Layihənin həyata keçirildiyi müddət ərzində kənd yerlərində uşaq əməyindən istifadə olunması, uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması, uşaqların sağlamlığı və digər məsələlərlə bağlı araşdırmalar aparılmış, işəgötürənlərin maarifləndirilməsinə yönəlmiş geniş tədbirlər həyata keçirilmiş, uşaqların işdən uzaqlaşdırılaraq məktəblərə qaytarılması üçün işəgötürənlər tərəfindən konkret tədbirlər görülməsinə nail olunmuşdur.
Cari ilin oktyabr ayının 30-31-də Bakıda təşkil edilmiş «Uşaq əməyi ilə mübarizə sahəsində təcrübə mübadiləsi və həyata keçirilən fəaliyyətlər» mövzusunda Regionlararası Konfransı xüsusi qeyd etmək lazımdır. Konfransda Azərbaycan Respublikasının bir sıra dövlət qurumları, o cümlədən müvafiq nazirliklərin, BƏT-in Cenevrə və Moskva ofisinin nümayəndələri, Türkiyə, Ukrayna, Moldova, Gürcüstan, Orta Asiya - Qazaxstan, Özbəkistan, Qırğızıstan və Tacikistan işəgötürənlər təşkilatlarının nümayəndələri və yerli işəgötürənlər, o cümlədən Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak etmişdir. Uşaq əməyi ilə mübarizə sahəsində işəgötürənlərin təcrübəsinin öyrənilməsi baxımından Konfrans çox əhəmiyyətli olmuşdur.
5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik
ASK HİV/AİDS-in iş yerlərinə təsiri ilə bağlı layihə həyata keçirmişdir. ASK Şərqi Avropa və Orta Asiya ölkələri işgötürənlər təşkilatları arasında ilk təşkilatdır ki, HİV/AİDS probleminə sosial-iqtisadi kontekstdə yanaşmış və epidemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətində fəaliyyət həyata keçirmişdir. Layihə çərçivəsində işəgötürənlər üçün maarifləndirici tədbirlər, o cümlədən seminarlar təşkil olunmuşdur. Həmin maarifləndirici tədbirlər həm də HİV-ə yoluxmuş və AİDS xəstəsi olan işçilərin sosial müdafiəsinin təmin edilməsi və gücləndirilməsində işəgötürənlərin fəal iştirakını da nəzərdə tutmuşdur.
«Korporativ Sosial Sərmayə» layihəsi üzrə müxtəlif şirkətlərdə seminarlar təşkil olunmuşdur.
2008-ci ildə Niderland BƏT Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ASK tərəfindən işəgötürənlər üçün BƏT-in standartları və əmək hüququna dair seminarlar təşkil edilmişdir. Layihə ilə bağlı tədbirlər 2009-cu ildə də davam etdiriləcəkdir.
ASK mütamadi olaraq işəgötürənlərə əmək qanunvericiliyinə əməl edilməsi, o cümlədən işçilər üçün təhlükəsiz əmək şəraiti yaradılması ilə bağli tövsiyələr verir. Bu tövsiyələrdə işəgötürənlə işçi arasında əmək müqavilələrinin bağlanması və onun şərtlərinə əməl edilməsi xüsusi yer tutur.
6. Sosial partnyorluq və tərəflərin fəaliyyətinin alaqələndirilməsi.
ASK öz fəaliyyətini Mərkəzi və yerli İcra Hakimiyyəti orqanları, Milli Məclis, Məhkəmə orqanları, Mətbuat və Beynəlxalq Təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetimiş, bir sıra nüfuzlu Beynəlxalq Təşkilatların, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar İttifaqının, Dünya Qeyri Hökumət Təşkilatları İttifaqının üzvlüyündə təmsilçiliyini davam etdirmiş, ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir.
Sosial partnyorluğün inkişaf etdirilməsi Konfederasiyanın fəaliyyətinin əsas prioritetidir. Konfederasiya tərəfindən həyata keçirilən tədbirlər və layihələrlə bağlı bütün işlər üçtərəfli əməkdaşlıq prinsiplərinə söykənmişdir. Konfederasiyanın əməkdaşları respublikada üçtərəfli qaydada təşkil edilən bütün tədbirlərdə fəal iştirak etmiş, tədbirlərin işçi qrupları tərkibində çıxış etmiş, təkliflər vermişdir. Sosial tərəfdaşlıq həmçinin BƏT-in konvensiyalarının birgə müzakirəsi və ya ratifikasiya edilməsi üzrə birgə məsləhətləşmələrin aparılmasında da öz əksini tapmışdır.
ASK ölkədə soial dialoqun gucləndirilməsinə istiqamətlənmiş layihələr həyata keçirmiş və bu işi davam etdirməkdədir.
Bu sırada “Sosial tərəfdaşlıq mexanızminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi” layihəsi həyata keçirilmişdir.
Şirvan şəhərində İcra Hakimiyyəti, vergi orqanları, ərazi həmkarlar təşkilatları və işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilməsidir.
“Sosial dialoq nədir?” soraq kitabı nəşr edilmiş, Şirvan şəhərində sahibkarlar üçün seminar keçirilmişdir.
ASK Almaniyanın Bildungsüetk der Wirtscaft Mecklenburg – Vorpommerne.e.V institutu ilə birlikdə “Sosial Dialoq Sahəsində Əməkdaşlıq” mövzusunda üç illik layihənin həyata keçirilməsinə başlamışdır. Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişafı və onun səviyyəsinin qaldırılması, həmçinin sosial tərəfdaşlar (hökümət, işəgötürənlər və həmkarlar) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir. Layihə çərçivəsində Sosial dialoq sahəsində Alman təcrübəsinin öyrənməsi məqsədilə ASK-nın nümayəndə heyətinin Berlin şəhərinə səfəri təşkil edilmiş, “Əmək müqavilələrinin bağlanması və əmək mübahisələrinin həlli” mövzusunda Alman mütəxəssislərinin iştirakı ilə Bakıda seminar keçirilmişdir.
Sosial partnyorluq sahəsində ASK-nın daha bir fəaliyyəti ondan ibarətdir ki, Ərazi Kollektiv Sazişin layihəsi hazırlanmış, müvafiq dövlət strukturlarına göndərilərək razılaşdırılmışdır. Hazırda Sazişin reallaşdırılması istiqamətində hazırlıq işləri aparılır.
Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq istiqamətində iş çox uğurlu olmuşdur. Bu fəaliyyət BƏT-in dəstəyi ilə həyata keçirilən layihələrin icrası, BƏT-in dəstəyi ilə həm xarici ölkələrdə, həm də Azərbaycanda təşkil olunmuş təlim kursları, seminar, konfranslarda iştirak səviyyəsində olmuşdur. |