|
Baş Kollektiv Saziş
Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 26 may 2008-ci il tarixdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri sahəsində 2008-2009-cu illər üçün razılaşdırılmış mövqeləri və birgə fəaliyyətləri müəyyən edən Baş Kollektiv Saziş bağlanmışdır.
Bu Saziş hökümətin, işçilərin və işəgötürənlərin maraq və mənafelərini təmsil və müdafiə edən müvafiq həmkarlar ittifaqları və işəgötürənlər birliklərinin ölkədə iqtisadi və sosial siyasətin, sosial əmək münasibətlərinin inkişaf etdirilməsində qarşılıqlı əməkdaşlıq prinsipini əsas götürərək birgə fəaliyyətin başlıca istiqamətlərini, bu sahədə tərəflərin öhdəliklərini müəyyən etməklə mühüm əhəmiyyətə malikdir.
Baş Kollektiv Saziş tərəflərin aşağıda şərh olunan istiqamətlərdə birgə fəaliyyətlərini, həmçinin vəzifə və öhdəliklərini özündə əks etdirir.
- İqtisadi siyasət sahəsində: müəssisələrin məhsuldarlığının və rəqabətədavamlılığının artırılması, ölkədə investisiya mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, əmək müqavilələrinin bağlanılmasının təmin edilməsi, transmilli şirkətlərdə milli maraqların təmin edilməsi,
- Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi sahəsində: əhalinin gəlirlərinin mütəmadi artırılması, minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə çatdırılması, əməyin ödənişinin leqallaşdırılması istiqamətində fəaliyyəti,
- Əmək bazarının inkişafı və əhalinin məşğulluğu sahəsində: əmək bazarının və əmək miqrasiyasının tənzimlənməsi, yeni iş yerlərinin açılması və mövcud iş yerlərinin keyfiyyətinin yaxşılaşdırılması, kadr potensialının inkişaf etdirilməsi,
- Sosial müdafiə sahəsində: aztəminatlı və uşaqlı ailələr üçün sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və buna nəzarət edilməsi, məktəbəqədər müəssisələrdə uşaqların qidalanmasının yaxşılaşdırılması, təhsil müəssisələrində ehtiyaclı və xüsusi güzəştli ailələrdən olan uşaqların pulsuz yemək və paltarla təminatı, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, sosial infrastrukturun inkişaf etdirilməsi, sığorta və pensiya sisteminin inkişafı,
- Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik sahəsində: əməyin mühafizəsi və təhlükəsizliyi üzrə proqramların hazırlanması; əməyin mühafizəsi sahəsində işəgötürənin maraq və məsuliyyətini artıran mexanizmin gücləndirilməsi, işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş normalara riayət edilməsi,
- Sosial tərəfdaşlıq sahəsində: sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi, sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqramların, qanun və digər sənədlərin layihələri üzrə tərəflərin birgə iştirakı, müzakirələr və məsləhətləşmələrin aparılması.
Baş Kollektiv Sazişin tərəfləri ölkədə sosial-iqtisadi siyasətin başlıca məqsədlərinin işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insanların layiqli yaşayışının təmin olunması və sərbəst inkişafını təmin edən həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial bərabərsizliyin aradan qaldırılması, əhalinin gəlirlərinin, xüsusilə də əmək haqlarının artırılması və digər bu kimi məsələlərin təşkili və həll edilməsindən ibarət olduğunu nəzərə alaraq qarşılıqlı əlaqələrin və fəaliyyətin sosial tərəfdaşlıq prinsipi əsasında, inkişaf etdirilməsinə, sosial əmək münasibətlərinin kollektiv razılaşmalar, müqavilə və sazişlər yolu ilə tənzimlənməsinə bundan sonra da səy göstərməyə, müəyyən olunan öhdəlikləri və vəzifələri yerinə yetirməyə hazır olduqlarını bəyan etmişlər.
Baş Kollektiv Saziş |