Azərbaycan-İran əlaqələri müzakirə edilib

Azərbaycan-İran əlaqələri müzakirə edilib


İran İslam Respublikasının Urmiya vilayətinin Ticarət, Sənaye, Kənd Təsərrüfatı və Mədən Palatasının prezidenti Hassan Entezarın  rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında keçirilən  görüşündə  iqtisadi, ticarət  əlaqələri ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafından, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkədə böyük potensial olduğundan söhbət açıb. O,  qeyd edib ki, son vaxtlar keçirilən Azərbaycan-İran biznes forumlar, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri gələcək əməkdaşlığın təməl daşını qoyur. Gələn il sahibkarlardan ibarət böyük nümayəndə heyəti ilə İrana səfər edəcəyini deyən M.Musayev bu səfərin münasibətlərin səmərəli əməkdaşlıq  üçün faydalı olacağına da ümid etdiyini bildirib.

Hassan Entezar Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan, iki ölkə arasında özəl sektorunun müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb. Hassan Entezar bildirib ki, Urmiya mədənləri və meyvə tərəvəzi ilə məşhurdur. İl ərzində 1mln.200 min ton alma, 220 min ton üzüm istehsal etdiklərinin deyən iranlı qonaq   Urmiya və Azərbaycan iş adamlarının əməkdaşlığı zəruriyyətini, üçüncü ölkəyə məhsul ixrac etmək arzusunda olduqlarını  dilə gətirib. Eyni zamanda 1200 fabrik və müxtəlif zavodların fəaliyyət göstərdiyi  Urmiya bölgəsinə  azərbaycanlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib.

Görüş Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul əməkdaşları ilə iranlı sahibkarlar arasında müzakirə ilə davam edib.