İndoneziya sahibkarları Bakıya gələcək

İndoneziya sahibkarları Bakıya gələcək


İndoneziya Azərbaycan ilə ticarət əlaqələrini genişləndirmək niyyətini açıqlayıb. Bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə məlumat verib.

Səfir bildirib ki, hazırda 270 mln. əhalisi olan  İndoneziya sahibkarları  Azərbaycandakı iş adamları ilə əlaqələrini artırmaq, birgə investisiya layihələri həyata keçirmək istəyirlər. 2017-ci ilin ilk rübü üzrə statistikaya əsasən, İndoneziya iqtisadi inkişaf səviyyəsinə görə  dünyada 3-cü ölkədir,  “Böyük 20 lik”-də isə 16-cı yerdədir. Yaxın gələcəkdə isə ilk beşliyə düşməyi planlaşdırır. İqtisadi vəziyyətinə görə Cənub Şərqi Asiya ölkələri sırasına başçılıq edən İndoneziya son on ildə qızıl istehsalına görə dünya birincisidir: “Bizim iqtisadiyyatımız  mədən sənayesində böyük uğurlar qazanıb. Dünya ölkələrinə mis, alüminium ixrac  edirik”.

Səfirin sözlərinə görə, adalardan ibarət olan İndoneziya dəniz məhsullarının istehsalında da böyük uğurlar qazanıb.

Hüsnan bəy Fənani  qeyd edib ki, Bakıda olduğu bir il müddətində bir çox işgüzar görüşlər keçirib və azərbaycanlı iş adamları ilə iqtisadi əlaqələrin inkişafında Azərbaycan Sahibkarlar Konfederasiyasının böyük rolu vardır. Səfir, sənaye  sahəsində uğurlu əməkdaşlıq imkanlarının olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, ölkəsi təyyarə, gəmi, “Toyota”nın müxtəlif hissələrinin istehsalında modern təcrübəyə malikdir.

Məlumat üçün bildirdi ki, bu ilin mayında Azərbaycana  35 nəfərdən ibarət indoneziyalı iş adamlarının səfəri nəzərdə tutulur. Onlardan bir neçəsi ölkə iqtisadiyyatının inkişafında böyük rola malik olan dövlət şirkətləridir. Səfər çərçivəsində səfirlik Azərbaycan Sahibkarlar Konfederasiyası ilə görüşlərin təşkil edilməsini xahiş etdi: “Azərbaycanlı sahibkarları da İndoneziyaya dəvət edirik. Perspektivləri öyrənmək, yaxın dostluq münasibətlərinə çevirmək əlaqələrimizin inkişafından da yan ötməyəcək”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev  Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərildiyini diqqətə çatdırdı. M.Musayevin sözlərinə görə, İndoneziya ilə  ticarət əlaqələrini genişləndirmək ölkələrimiz üçün faydalı olacaq: “İndoneziyada  boksit olduğunu nəzərə alsaq Azərbaycandakı  alüminium zavodu ilə birgə əməkdaşlığı qura bilərik”.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olundu.