Çin turizm, İKT sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Çin turizm, İKT sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır


 

 Çin sahibkarları Azərbaycanda turizm potensialını və bir də şərabları çox bəyəniblər. Bu sahədə Azərbaycanın xidmət və məhsullarından istifadə edəcəklər. Azərbaycan bazarına isə mobil çiplər, alternativ enerji, İKT, tikinti materialları satmaq istəyirlər. Bu fikirlər Çinin Şenjen Kiçik və Orta sahibkarlar assosiasiyasının nümayəndələri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında keçirilən görüşdə səsləndirilib.

Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdiyi deyən  Şenjen Kiçik və Orta sahibkarlar assosiasiyasının prezidenti Lin Çjunçen bildirib ki, təmsil etdiyi bölgə əsasən informasiya kommunikasiya texnologiyaları, maliyyə-bank, mədəniyyət və turizm sahəsində inkişaf edib. Çində ilk xüsusi iqtisadi zona məhz bu şəhərdə yaradılıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya160 ölkə ilə beynəlxalq əlaqələr qurub və çoxtərəfli əməkdaşlıq əlaqələrinin İpək Yolu çərçivəsində inkişaf etdirməkdə maraqlıdırlar. Təşkilatın Pekində, Qırğızıstanda, Tacikistanda, Gürcüstanda, Qazaxıstanda  nümayəndəlikləri fəaliyyət göstərir.  İlk dəfədir ki, Azərbaycana səfər etdiklərini deyən qonaq  bu görüşün hər iki tərəf üçün faydalı olacağını ifadə edib. Lin Çjunçen qeyd edib ki, əsas fəaliyyət istiqamətləri   birgə sərgilərin təşkili, investisiya qoyuluşu, elektron ticarət və s. sahələrdə Çin bazarına daxil olmaq istəyən şirkətlərə konsaltinq xidməti göstərməkdir.

Görüşdə sahibkarlarımız üçün maraqlı olacaq faktlar da səsləndirilib: Çində illik gəlirləri  150 milyondan çox olan  müəssisələr orta sahibkarlar hesab olunur. Sahibkarlıq subyektlərindən sosial ödəmələrin həcmi isə cəmi 20% təşkil edir. Bu göstəriciyə sosial sığorta haqqları ilə yanaşı, məcburi tibbi sığorta da daxildir. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da qonaqlara Konfederasiya haqqında ətraflı məlumat verdi. Bildirdi  ki, Azərbaycan-Çin arasında iqtisadi, daha çox qeyri-neft sektorunun inkişafı istiqamətində əməkdaşlığının genişləndirilməsi ilə üçün real imkanlar böyükdür.

Çin Azərbaycan şirkətləri ilə alternativ enerji, İKT sahəsində əməkdaşlıq edə bilər. Lakin bu arzuda olan yerli sahibkarlar işlərini beynəlxalq standartlara uyğun qurmalıdırlar.

Görüşdə dövlətlərarası idxal-ixrac əlaqələrinin artırılması, Azərbaycan məhsullarının Çinə  ixracının mümkünlüyü  ilə bağlı məsələlərə də toxunulub.