Gürdoğan: Ən böyük hədəfimiz Azərbaycanla sərbəst ticarət anlaşmasının imzalanmasıdır

Gürdoğan: Ən böyük hədəfimiz Azərbaycanla sərbəst ticarət anlaşmasının imzalanmasıdır


Türkiyə və Azərbaycan arasında sərbəst ticarət anlaşmasına dair 68 sahə müəyyən edilib. Anlaşma ilə bağlı müqavilə üzərində hazırda iş gedir və bu ilin sonuna qədər müqavilənin imzalanmasi gözlənilir.Türkiyənin ən böyük hədəfi Azərbaycanla sərbəst ticarət anlaşmasının imzalanmasıdır.

Bu gün Türkiyənin  Şərqi Qaradəniz İxracatçılar Birliyi (Doğu Karadeniz İhracatçılar Birliği) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə-Azərbaycan biznes-forumunda iki ölkə arasındakı ticarət əlaqələri müzakirə edilib.

25 nəfərlik türk iş adamlarının ölkəmizə səfəri çərçivəsində reallaşan  tədbirdə   inşaat və elektrik materialları, qida məhsulları, plastik, havalandırma, ev, ofis və restoran mebelləri, tekstil və.s sahələrdə  fəaliyyət göstərən 30-dan çox yerli şirkətlərin rəhbərləri də iştirak edirdilər.

Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədri Ahmet Hamdi Gürdoğan çıxışında Türkiyə-Rusiya münasibətlərində yaşanan böhran müsbət nəticələr  verdiyindən söhbət açdı."Böhran sonrası Rusiyanın aldığı sanksiya qərarları bizim Azərbaycan ərazisini istifadə etməklə Orta Asiyaya ixracat etməyimizin önünü açdı. Əslində, bu marşrut Rusiyadan Orta Asiyaya gedən marşrutdan çox qısa və sərfəlidir. Türk məhsullarına sanksiyaların götürülməsi bu marşrutun istifadəsinə təsir etməyəcək."

O qeyd edib ki, bu marşurutun da istifadəsində bir sıra problemlər mövcuddur:"İlk olaraq Xəzərdə güçlü dalğalanma olan zaman səfərlər geçikir. Türkiyədə güclü dalğalara dözümlü gəmi inşa etmə texnologiyaları var. Bunu istifadə etməklə buradakı gəmi nəqliyyatını gücləndirə bilərik".

AZPROMO-nun rəhbəri Rüfət Məmmədovun açıqlamasına görə, Azərbaycan şirkətləri Türkiyədə ən önəmli sərmayədarlardan biridir: "Hesab edirik ki, həm investisiya, həm ticarət sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bizim ixracatçılar Türkiyə bazarına maraq göstərirlər. Lakin istərdik ki, Azərbaycan mallarına tətbiq edilən rüsumlar daha əlverişli olsun".

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov isə Azərbaycanda son illərdə iqtisadiyyatın diversifikasiyası sahəsində mühüm işlər görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, ölkədə biznes mühiti gündən-günə daha da yaxşılaşır, yeniliklər tətbiq edilir. Eyni zamanda, ixracatçılar stimullaşdırılır. Türk iş adamlarının Azərbaycana investisiyalarının artırılması üçün hər şərait var.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Ali İhsan Gənç bildirib ki,  Türk şirkətləri məhsullarını Azərbaycanda istehsal etməklə üçüncü ölkələrə ixrac etməlidir. Türkiyə şirkətlərinin Azərbaycanda məhsul istehsal etməsi olduqca sərfəlidir.O, qeyd edib ki, Ələtdə inşa edilən Bakı Beynəlxalq Ticarət Limanı Orta Asiya ölkələrinə yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq:"Bu liman Türkiyədən gələn yüklərin Qazaxıstana və Türkmənistana daşınmasında vacib rol oynayıb. Limanın genişləndirilməsi yüklərin nəqlini daha da asanlaşdıracaq".

Daha sonra biznes forum iki tərəfli görüşlərlə davam edib.