Böyük bir ömrün 94-cü ili

Böyük bir ömrün 94-cü ili


“Azərbaycan qeyri-adi ölkədir və olduğum digər ölkələrdən fərqlənir. Mən Azərbaycanda səfərdə olmuşam. Hər iki Əliyevlər belə qərar veriblər ki, Azərbaycan öz yolu ilə inkişaf etməlidir, taleyini, gələcəyini özü həll etməlidir. Bu gələcək üçbucaqlı daş üzərində dayanır: birincisi - ölkənin qədim mədəniyyətidir, ikincisi - zəngin yeraltı sərvətidir, üçüncü üçbucaqlı daş isə - elmin inkişafı, elmin yeni istiqamətlərinin inkişafıdır. Bu ölkə öz ənənələrini qoruyub saxlamaq istəyir və eləcə də müasir həyatın bir hissəsinə çevrilməyi arzulayır. Mən də bu ölkənin uğurlu gələcəyinə əminəm” – İsrail Prezidenti Şimon Peresdən olan bu stat bu gün  Azərbaycan Sahibkarlar Konfederasiyasında ümummillilider Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbirdə səsləndi.  

ASK-nın prezidenti Məmməd Musayev ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu, vətəni və xalqı qarşısındakı böyük tarixi xidmətlərindən söhbət açdı. M.Musayev bildirib ki, ulu öndərin rəhbərliyi dövründə bütün daxili və xarici təzyiqlərə baxmayaraq, ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artmış, ölkə iqtisadiyyatı inkişaf dövrünə qədəm qoymuşdur. Azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. O qeyd edib ki, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaq, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri idi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşdı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artdı.

ASK-nın baş katibinin müavini Fuad Hümbətov Heydər Əliyevin xarici siyasət kursu haqqında çıxış etdi. Bildirdi ki, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verir. Azərbaycanın xarici siyasəti müasir dövr üçün xarakterik olan risk və böhranları nəzərə alan mexanizmlər formalaşdırır. Həmin mexanizmlər böhranlı situasiyalarda müxtəlif variantlardan ölkənin maraqlarına cavab verən daha səmərəli olanı seçməyə əsaslanır.

 

Daha sonra çıxış edən Bəxtiyar Ağayev çıxışını Heydər Əliyevin həyatının ən vacib tarixi məqamları üzərində qurdu və onun siyasi xadim kimi çətinlikləri necə dəf etdiyini, ən doğru seçimləri ilə ölkəmizin suveren və müstəqil olmasına xidmət etdiyini vurğuladı. ASK-nın Baş katibi Orxan Bayramov isə milli liderin həyatının Azərbaycanın gəncliyinə bir örnək olduğunu qeyd etdi: “Bizim üçün bu zəngin irs bir nümunədir və o dönəmdəki tarixi şərtlərin çətin olmasına baxmayaraq, Azərbaycanın keçdiyi siyasi və iqtisadi yol çox uğurludur”. 

Tədbirdə ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən foto-çarx nümayiş olundu.