Peşə məktəbləri sahibkarın marağına uyğun təşkil ediləcək

Peşə məktəbləri sahibkarın marağına uyğun təşkil ediləcək


“Peşə təhlisi haqqında” qanun layihəsini hazırlayan işçi qrupu bununla bağlı maraqlı tərəflərlə diskusiyaya başlayıb. Təhsil Nazirliyi tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunacaq qanun layihəsində sahibkarların təklifləri də öz əksini tapacaq. Peşə təhsilli kadrların mövcud meyarlara cavab verilmədiyi hər kəsə məlumdur. Artıq bu tendensiya dəyişəcək. Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə sahibkarların kadr tələbatını öyrənəcək.

Bundan sonra peşə məktəbləri  mövcud siyahı üzrə deyil, bazarın tələblərinə uyğun  kadr hazırlayacaq. Nəzəri biliklər əldə etməklə yanaşı, öyrəndiklərini qısa müddət ərzində təcrübədə tətbiq edəcək şagirdlərin  biliyi həm də sahibkarlar tərəfindən qiymətləndiriləcək. Beləliklə, müəssisə rəhbərləri özləri maraqlı olacaqlar ki, xarici ölkələrdən kadr cəlb etmək  əvəzinə  yerli mütəxəssisləri işlə təmin etsinlər. Bununla da sahibkarlar müəyyən qədər vəsaitə qənaət etmiş olacaqlar.

 Gələcəkdə  hər hansı bir peşənin sahibi sənəd təqdim etmədiyi təqdirdə işə düzələ bilməyəcək. Hazırda işəgötürən işçini  bacarıqlarına görə qiymətləndirsə də, bir müddət sonra həmin şəxsin biliklərini təsdiq edən sənədin vacibliyi də xüsusi diqqət tələb edəcək. Bütün bunlar dəyirmi masada müzakirə olundu. 

Görüşdə həmçinin ölkəmizdə peşə təhsilli kadrların müəssilərdə qarşılaşdıqları problemlərlə bağlı müzakirələr də marağa səbəb oldu. Bildirildi ki, peşə təhsili və təlimi sektorunda müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi və əmək bazarının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi məqsədinə nail olunması üçün bütün imkanlar səfərbər olunacaq. Avropa İtifaqı tərəfindən maliyələşən Peşə Təhsili və Təlimlərinə Dəstək Layihəsi haqqında məlumat verən  ekspertlər beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinin tərəfdarı olduqlarını qeyd etdilər. Bu işdə sahibkarları fəal olmağa dəvət edən ekspertlər, iş adamlarının təkliflərinin olduqca maraqlı olduğunu vurğuladılar. Qeyd olundu ki, real nəticələr ortaya qoymağın vaxtı çatıb.

Tədbirin sonunda sahibkarların qarşılaşdığı çətinlikləri və təklifləri nəzərə alacaqlarını deyən Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri bundan sonra bu tip görüşləri daha intensiv keçirəcəklərini bildirdilər.