Azərbaycan, Türkiyə və Gürcüstan Kiçik və Orta Sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına açılır

Azərbaycan, Türkiyə və Gürcüstan Kiçik və Orta Sahibkarları birlikdə elektron ticarət vasitəsilə dünya bazarlarına açılır


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  və Ümumdünya Kiçik və Orta Sahibkarlıq Forumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bundan sonra Azərbaycanın da kiçik və orta sahibkarları öz məhsullarını SME.market” platforması vasitəsilə elektron ticarətə vasitəsilə sata biləcəklər.

Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumunun təqdim etdiyi  SME.market e-ticarət platforması hələlik pilot layihə formatında həyata keçiriləcək. Layihə vasitəsilə Azərbaycan, Türkiyə və Gürcüstanın kiçik və orta sahibkarlarının xarici bazarlara çıxış imkanları sadələşəcək.  

Bununla əlaqədar Türkiyədə TOBB-un binasında keçirilən mərasimdə Dünya Kiçik və Orta Sahibkarlar Forumunun sədri M.Rifat Hisarcıklıoğlu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Gürcüstan Ticarət və Sənaye Palatasının rəhbəri Kaha Bainduraşvilinin iştirakı ilə  tədbir keçirilib. Qarşılıqlı müzakirə zamanı isə tərəflərin birgə fəaliyyəti,  yeni əməkdaşlıq imkanları, hədəflərə toxunulub.  

TOBB-un rəhbəri  M.Rifat Hisarcıklıoğlu bildirib ki, artıq ənənəvi ticarətin qaydaları dəyişir. Dünya Kiçik və Orta Sahibkarlar Forumunun  beynəlxalq onlayn platforması olan “SME.market” vasitəsilə  internet resursların bütün imkanları kiçik və orta sahibkarlar üçün əlçatan olacaq. Pilot layihə ilk olaraq  Azərbaycan, Türkiyə və Gürcüstan KOS-larını əhatə edəcək.

ASK-nın prezidenti Məmməd Musayev bildirib ki,  birgə əməkdaşlığın  daha səmərəli təşkili istiqamətində KOS-ların elektron ticarətə qoşulması zamanı əldə edilmiş təcrübənin, bilik və bacarıqların qarşılıqlı olaraq biri-birinə ötürülməsini, KOS-ların elektron ticarət barədə məlumatlılığının artırılması istiqəmətində təlimlərin, konfransların, seminarların keçirilməsinə ehtiyac vardır. Azərbaycan Sahibkarlar Konfederasiyası görülən işlərdən toplanan təcrübənin digər tərəfdaşlarla paylaşılması, birgə KOS-ların elektron ticarətə qoşulmasını təşviq edən, bunu sürətləndirən proqramların, mexanizmlərin hazırlanması məqsədilə tədbirlər görəcəyini açıqlayıb.

Tədbirdə qərara alındı ki,  SME.market ilə Azərbaycanda fəaliyyət göstərən e-ticarət platforması “Azexport” arasında əlaqə yaradılsın. Bununla da yerli məhsullarımızın xarici bazara çıxış imkanları bir qədər də genişlənəcək. Nəticədə sahibkarlar daha böyük həcmdə sifarişlər ala və vaxt itirmədən satışı həyata keçirə  biləcəklər. Kiçik və orta sahibkarların bu proqramdan rahatlıqla istifadə edilməsi   üçün tezliklə e-ticarətdən istifadə qaydalarına dair hər üç ölkədə təlimlərə start veriləcək.

Qeyd edək ki, bu platforma inkişaf etməkdə olan ölkələrdəki KOS-ların çox asanlıqla elekton ticarətə qoşulmasını təmin edir. Platformada qeydiyyat çox sadədir, heç bir xüsusi İKT bilikləri tələb etmir. Bununla yanaşı, platforma bütün əsas elektron ticarət platformaları ilə əlaqəlidir. Bu isə SME.market platformasına qoşulmuş KOS-ların rahatlıqla dünya elektron ticarət bazarına daxil olmasını təmin edir.