SOS: Azərbaycan şərabçıları vitrinləri bəzəyən ucuz məhsullardan kənar gəzməyi tövsiyyə edir

SOS: Azərbaycan şərabçıları vitrinləri bəzəyən ucuz məhsullardan kənar gəzməyi tövsiyyə edir


2016-cı il ərzində respublikada yaranan onlarla yeni istehsal müəssisələrindən biri də olsun şərab istehsalçısı deyil. Əksinə, əvvəllər şərab və konyak spirti istehsalı ilə məşğul olanlar da artıq bu gün vodka (araq) istehsalına başlayıblar. Çünki ölkənin alkoqollu içki bazarında bəzi problemlər yaşanır və bu problemlər şərabçılığın inkişafına ciddi şəkildə mane olur.

2016-cı il yanvar ayının 1-dən etibarən alkoqollu içkilərin  istehsalına, satışına və idxalına xüsusi razılıq (lisenziya) tələb edilmir. Bundan istifadə edən bir çox işbazlar az xərcləyib çox qazanmaq həvəsinə düşüblər. İllərdir şərab istehsalı ilə məşğul olan, müasir avadanlıqlarla təhciz olunmuş, xarici bazarlara məhsul istehsal edən iri potensiallı zavodların fəaliyyəti isə müəyyən problemlərlə üz-üzə qalıb.

2015-ci ilin sonunadək respublikada lisenziya əsasında “vodka” və tünd içki adı altında 8 araq istehsalçısı var idisə, artıq bu gün təkcə araq istehsalçılarının sayı respublika ərazisində 37-yə çatıb. Bu işlə məşğul olan fiziki şəxslərin sayı isə 20-dir. Bunlardan yarıdan çoxu ötən illərdə qeyri-leqal şəkildə fəaliyyət göstərirdilərsə, hazırda onlar öz fəaliyyətlərini leqallaşdırıblar. Bu rəqəmlər ölkədə özəl sektorun, xüsusilə də alkoqollu içki istehsalı sahəsində inkişafın bir göstəricisi hesab edilə bilər. Amma reallıq bir qədər başqadır. Bəzən 20-30 nəfərin çalışdığı müəssisələrdə mənbəyi məlum olmayan xammaldan istifadə edilməklə keyfiyyətsiz, insan səhhətinə təhlükəli araq məhsulları istehsal edilərək   ucuz  qiymətlərlə bazara yerləşdirilir. Mütəxəssislər hesab edirlər ki, bütün istehsal standartlarına riayət etməklə, belə ucuz qiymətə məhsul istehsal etmək mümkün deyil. Deyilənə görə, bu sahədə  yeni bir ənənə də  formalaşır. Ayrı-ayrı işbazlar bu və ya digər sexlərdə müxtəlif adlarda 30-50 min butulka süzdürüb özləri mağazalara yenə ucuz qiymətə paylayırlar. Bu cür içkilər isə insan orqanizmi üçün təhlikəli olduğundan gələcəkdə böyük fəsadlara yol aça bilər.

Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının ətrafında birləşən bir sıra müəssisə rəhbərləri bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında keçirilən görüşündə onları narahat edən bu və s. məsələlər ətrafında geniş fikir mübadiləsi  apardılar. Görüşdə iştirak edən rəsmilər problemlərə çözüm yolları axtardılar. Aksiz markalarının rənginin dəyişdirilməsi, lisenziyaların təkmilləşdirilmiş formada  geri qaytarılması, bu sahəyə nəzarət müxanizmlərinin daha da gücləndirilməsi, yeni qaydaların işlənib hazırlanması və s. kimi təkliflər  vəziyyətdən çıxış yolu kimi göstərildi. Sahibkarlar bildirdilər ki, alkoqollu içkilər bazarında baş verən və getdikcə də dərinləşən xaosun qarşısını almaq məqsədi ilə alkoqollu içkilərin istehsalı və idxalı fəaliyyəti əvvəllər olduğu kimi Lisenziya əsasında həyata keçirilsin. İstehsal olunan vodka (araq) məhsullarına minimal satış qiyməti tətbiq olunsun (MDB dövlətlərində olduğu kimi).

Belə olan halda sexlərdə istehsal olunan mənşəyi və mənbəyi bilinməyən keyfiyyətsiz məhsulların ucuz qiymətlərlə mağazalarda satışına son qoyula bilər.