BƏT-in 106-cı sessiyasında Məmməd Musayev çıxış edib


Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirdə çıxış edib. Çıxışın tam mətni aşağıdakı kimidir.

Hörmətli sessiya iştirakçıları,

            İlk öncə burada olmaqdan və sizin qarşısınızda çıxış etməkdən öz məmnunluğumu bildirmək istəyərdim. Beynəlxalq Əmək Təşkilatı artıq yüz ilə yaxındır ki, dünyada sülhün bərqərar olmasına, yoxsulluğun azaldılmasına, sosial problemlərin danışıqlar yolu həll edilməsinə əvəzsiz töhfələr verməkdədir. Beynəlxalq Əmək Təşkilatı özünün spesifik strukturu ilə bütün dünyanı narahat edən məsələlər barədə yalnız hökumətlərin deyil, eləcə də, yaradılan dəyərin əsas 2 tərəfinin - işəgötürənlərin və əməkçilərin də öz təmsilçiləri vasitəsi ilə ən yüksək səviyyədə münasibət bildirməsinə, həll yollarının, inkişaf proqramlarının hazırlanmasında iştirakına şərait yaradır. Bəlkə də, elə buna görədir ki, BƏT Millətlər Liqası sistemindən bu günə qədər yaşayan yeganə qlobal təşkilatdır.

            Bizim bu günlərdə iştirak etdiyimiz BƏT-in 106-cı sessiyasının gündəliyi bir daha sübut edir ki, BƏT-in qarşısında hazırda da kifayət qədər ciddi məsələlər durur. Bu gün dünya kütləvi miqrasiya, əhali qrupları arasında artan sosial bərabərsizlik, , dünya iqtisadiyyatında yaranan staqnasiya ilə əlaqədar işsizlik, xüsusilə də,   gənclərin işsizlik problemləri, iqlim dəyişikliyi kimi çətinliklərlə qarşılaşmışdır.

            Qaçqınlar məsələsi düşünürəm ki, hər birimizi narahat edən ən önəmli problemdir. Bu məsələni doğuran əsas səbəb regional münaqişələr və dərinləşən sosial bərabərsizlikdir. Hamımız anlamalıyıq ki, regional münaqişələr təkcə həmin bölgənin, ölkənin problemi deyil, əgər dünya ictimaiyyəti tərəfindən bu münaqişələrə vaxtında ədalətli yanaşma olmazsa, bütün dünya bu vəziyyətdən əziyyət çəkəcəkdir. Azərbaycan Respublikası da müstəqillik qazandığı ilk illərdən etibarən müharibə kimi böyük bir sosial bəla ilə üzləşmiş, Ermənistanın ölkəmizə təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində  bir milyona qədər soydaşımız qaçqın və məcburi köçkün həyatı keçirərək öz torpaqlarından didərgin düşmüşlər. O dövrdə Azərbaycan siyasi və iqtisadi cəhətdən nə qədər çətin vəziyyətdə olsa da, qaçqın və məcburi köçkünlərin, eləcə də bütün ölkə əhalisinin sosial təminatını həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə aparılan uğurlu iqtisadi siyasət sosial sferaya da öz töhfəsini vermiş, yoxsulluğun və işsizliyin azaldılması sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Bu baxımdan düşünürük ki, Qarabağ məsələsi də daxil olmaqla regional münaqişələrə daha həssas yanaşma olmalı, müharibələr nəticəsində bütün əmlakını, yaşadığı yeri itirən insanlara humanitar yardım göstərilməlidir. Ən önəmli məsələ isə qaçqınların öz torpaqlarına geri dönüşünün təmin edilməsidir. Bunun üçün isə gərək bu münaqişələr ədalətli həll olunsun, sülh bərpa edilsin. Bu istiqamətdə BMT-nin, BƏT-in üzərinə düşünürük ki, çox ciddi məsuliyyət düşür.

            Əmək miqrasiyasını və qaçqınlığı doğuran digər bir səbəb isə ölkələr, müxtəlif əhali qrupları arasında dərinləşən iqtisadi bərabərsizlikdi. Bu məsələnin həlli üçün də beynəlxalq təşkilatlar istiqmətverici rol oynamalıdır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində yoxsul ölkələrin təhsil və səhiyyə sahələrinə investisiya edilməli, normal yaşayış üçün minimum infrastruktur təmin edilməlidir. Bu sahədə milli  dövlətlərlə yanaşı beynəlxalq təşkilatlar, digər dövlətlər, transmilli şirkətlər, aparıcı beyin mərkəzləri birlikdə fəaliyyət göstərməlidirlər. Ticarətin və iqtisadi əlaqələrin qarşısında duran manelər aradan götürülməli, bəşəriyyətin gələcəyi üçün effektiv əməkdaşlıq mexanizmləri yaradılmalıdır.

            Yoxsulluğun azaldılması, sosial bərabərsizliyin dərinləşməsinin qarşısının alınması istiqamətində düşünürük ki, BƏT inkişaf etməkdə olan ölkələrdəki biznes təşəbbüslərinə, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə qlobal mənada dəstək olmalıdır. BƏT öz mandatı daxilində milli hökumətləri və TMK-ları biznesə dəstək olmağı səsləməli, bunun üçün uğurlu modellər hazırlamalıdır.

            Əhalinin məşğulluğunun təmin olunması, qarşımızda duran ən önəmli mövzulardan biridir. Ölkəmizdə aparılan uğurlu iqtisadi-sosial siyasət nəticəsində Azərbaycanda müstəqilliyin ilk illərində çox yuxarı səviyyədə olan işsizlik hazırda 5 faiz həddindədir.   Bu, hökumətin, işəgötürənlərin və işçilərin qarşılıqlı əməkdaşlığı nəticəsində mümkün olmuşdur. Dünyada, xüsusilə də, Avropada gənclər arasında artan işsizlik bu gün bizim təhsil siyasətimizə yenidən baxmağımıza zərurət yaradır. Azərbaycanda da gənclər arasında işsizlik ümumi işsizlikdən 2 dəfə yüksəkdir. Bunu yaradan əsas səbəb isə ixtisaslar və əmək bazarı arasında mövcud uyğunsuzluqdur. Düşünürük ki, bu problem bütün dünyada mövcuddur və bunun həlli əmək bazarı tələblərinin daha yaxşı öyrənilməsidən, təhsilin buna uyğun olaraq təkmilləşdirilməsindən keçir.

            Biz təhsilin və gender bərabərliyinin multiplikator, sürətləndirici effektlərindən istifadə etməliyik. Bununla bağlı Azərbaycan biznesi olaraq istənilən beynəlxalq və milli təşəbbüsə dəstək verdiyimizi söyləmək istəyərdim. Belə ki, məhz qadınların iqtisadi fəaliyyətə cəlb olunması və insanlara layiqli təhsilin verilməsi yoxsulluqla, münaqişələrlə, uşaq ölümləri ilə mübarizədə ən güclü vasitədir. Təhsil və qadınların iqtisadiyyata cəlbi bizim sabit və dayanıqlı inkişafa nail olmağımıza səbəb olacaqdır.

            İqlim dəyişikliyi də zamanımızın ən önəmli məsələlərindən biridir. Gərək həm milli dövlətlər, həm biznes ictimaiyyəti, həmçinin də adi vətəndaşlar bu məsələnin fərqində olsunlar, alternativ enerji mənbələrdən istifadədən tutmuş təmiz suya qənaətə qədər çox geniş spektri əhatə edən bu mövzuya məsuliyyətlə yanaşsınlar. İqlim dəyişikliyi yuxarıda qeyd etdiyimiz məsələlər kimi qlobal bir problemdir və buna qarşı mübarizə də qlobal xarakter daşımalıdır. Azərbaycan biznesi bu gün “yaşıl iqtisadiyyatla” əlaqədar təşəbbüsləri dəstəkləyir, istehsalatda “təbiətin dostu” texnologiyalardan, innovativ yanaşmalardan istifadə edir.

            İndi isə qısa olaraq təşkilatımız və onun Azərbaycanda sosial-iqtisadi siyasətin həyata keçirilməsində rolu barədə məlumat vermək istəyərdim. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası Azərbaycanda işəgötürənlərin ümumrespublika birliyidir. Təşkilatımız ölkədə sosial-iqtisadi siyasətin müəyyən edilməsi və əmək münasibətlərinin tənzimlənməsi məsələlərini özündə ehtiva edən 3 tərəfli Baş Kollektiv Sazişin tərəflərindən biri olub, burada işəgötürənləri təmsil edir. Baş Kollektiv Sazişdə iqtisadi siyasət, sosial siyasət, əmək münasibətləri, əməyin təhlükəsizliyi, məşğulluğun təmin olunması və s. məsələlər barədə müddəalar öz əksini tapır. Artır 1 ildir ki, Baş Kollektivin Sazişin icrasının koordinasiyası məqsədi ilə ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir. Komissiyanın ərsəyə gəlməsində BƏT çox yaxından iştirak etmişdir. Tam məsuliyyətimlə deyə bilərəm ki, Komissiyanın fəaliyyəti keçən dövr ərzində çox məhsuldar olmuşdur. Bu Komissiya bizə üçtərəfli müzakirələr üçün yaxşı bir platforma yaradır.

            Təşkilatımız Azərbaycan Respublikasının baş nazirinin müavinlərinin yanında yaradılmış həm biznes mühitin əlverişliyinin artırılması, həmçinin də əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi üzrə Komissiyaların faəliyyətində iştirak edir. Bu mexanizmlər bizə ölkəmizdə aparılan sürətli iqtisadi reformlar prosesində iştirak etməyə, investisiyanın təşviq və qorunması, ticarət qarşısında duran manelərin aradan qaldırılması, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması, peşə təhsilinin inkişaf etdirilməsi və s. sahələrdə biznesin, işəgötürənlərin səsini hökumətə çatdırmağımıza imkan yaradır. ASK əmək, sosial müdafiə, vergi, investisiyaların qorunması və s. kimi sahələrdə qanunvericiliyə bir sıra dəyişikliklərin təşəbbüskarı kimi çıxış etmiş və uğurlu olmuşdur.

            Təşkilatımız çoxsaylı beynəlxalq təşkilatların üzvü kimi bütün regional və beynəlxalq əməkdaşlıq platformalarını dəstəkləyir, ixracın, xarici investisiyaların önəmini bütün ictimaiyyətə çatdırır.

            Təsadüfi deyil ki, faəliyyətimiz nəticəsində ASK bu gün ölkənin ən böyük işəgötürənlər (sahibkarlar) birliyidir. Bununla belə, biz öz fəaliyyətimizi təkmilləşdirməyə, üzvlərimizə təklif etdiyimiz xidmətlərin sayını və keyfiyyətini artırmağa, ictimai vəkillik fəaliyyətimizi daha da genişlənmdirməyə, beynəlxalq əlaqələrimizi daha gücləndirməyə ehtiyac duyuruq. Bu sahədə isə BƏT-in və Beynəlxalq İşəgötürənlərin Təşkilatının dəstəyinə, texniki yardımlarına, təşkil etdiyi beynəlxalq seminarlarda, təlimlərdə iştirakımızın təmin olunmasına çox böyük ümid bəsləyirik. Məhz, BƏT-in dəstəyi ilə biz ölkəmizdəki mövcud üçtərəfli məsləhətləşmələr mexanizmini daha da təkmilləşdirə, layiqli əməyin təmin olunmasına nail ola bilərik.

            Bir daha hər kəsə təşəkkür edir, Konfransın işinə uğurlar arzu edirəm.