Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanın biznes dairələri üçün təqdimatı keçirilib


"Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankındakı sərmayə payı 5%-dir, kreditlərimizdəki payı isə 7,2%-dir. Bu rəqəm bizim üçün kifayət deyil, bu payın daha da artırılmasını istəyirik. Bu məqsədlə özümüzü Azərbaycanın biznes mühitinə daha da tanıdıb, Azərbaycanda daha çox investoru əhatə edən bir bank olmaq niyyətindəyik". Bu sözləri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlı “Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycanın biznes və bank dairələri üçün təqdimatı”nda deyib. "Azərbaycan yeganə ölkədir ki, biz buradakı bankların birində paya sahibik. Bu, bizim Azərbaycanın maliyyə sisteminə olan etibarımızın göstəricisidir", - deyə o bildirib. QDTİB Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə də qatılmaq niyyətindədir: “İlk növbədə, burada Azərbaycan hökuməti bizə yardım etməlidir. Maliyyələşmənin dəyəri hələlik bəlli deyil. Bu, bizdən istəniləcək rəqəmdən asılıdır. Bu layihə bir neçə ölkəni əhatə edən nəhəng bir layihə olduğu üçün biz bu layihənin tərkib hissəsi olmaq istəyirik".

"Yarandığı 1999-cu ildən Azərbaycanın da iştirakı ilə təsis edilən və beynəlxalq maliyyə institutu olan Qara Dəniz Ticarət və İnkişaf Bankının məqsədi üzv ölkələrdə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləməkdir".

QDTİB-in Azərbaycan üzrə rəhbəri Samir Şərifov  bildirib ki, bank bu məqsədlə üzv ölkələrdə müxtəlif layihələrin və ticarətin maliyyələşdirilməsi üçün kreditlər ayırır, dövlət və özəl müəssisələrin kapitalında iştirak edir və zəmanətlər təklif edir: "Xüsusilə vurğulamaq lazımdır ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının əsas tərəfdaşları özəl sektorun nümayəndələridir". Nazir əlavə edib ki, indiyədək QDTİB 11 üzv ölkəyə 4,3 mlrd. avro kredit ayırıb. Hazırda bankın nizamnamə kapitalı 3,45 mlrd. avro, səhm kapitalı isə 2,29 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 360 mln. avro məbləğində kredit ayırıb ki, bu da bankın əməliyyatlar portfelində 8,3% təşkil edir. Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankında 5%-lik paya malik olmaqla, 11 üzv ölkə arasında 7-ci ən böyük səhmdar ölkədir. S.Şərifov qeyd edib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi sarsıntılar və çağırışlar Qara Dəniz regionuna, eləcə də Azərbaycana təsirsiz ötüşməyib: "Yaranmış yeni makroiqtisadi vəziyyət uyğun dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitliyin bərpası üçün struktur və institusional islahatlar həyata keçirilməkdədir. Bu məqsədlə milli iqtisadiyyatın inkişafını özündə əks etdirən Strateji Yol Xəritələrində uzunmüddətli inkişaf yolları müəyyən edilib. Belə ki, pul və fiskal siyasətin əlaqələndirilməsi, maliyyə bazarlarında dayanıqlı inkişafın təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artması əsas məqsədlərdəndir. Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinə böyük əhəmiyyət verir. Ümid edirəm ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulmuş məqsədlər üçün Qara Dəniz Ticarət və İnkişaf Bankı da öz töhfələrini verəcək", - deyə nazir vurğulayıb.

Öz növbəsində QDTİB prezidenti İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində rəhbərlik etdiyi maliyyə institutunun bundan sonra da hökumətlə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirib.