Hindistanın peşəkar inşaatçıları Azərbaycana gələcək

Hindistanın peşəkar inşaatçıları Azərbaycana gələcək


Hindistanın İnşaat Peşəkarları Asossiasiyasının nümayəndələri Azərbaycanın tikinti sektoru ilə maraqlanırlar. Ölkəmizdə həyata keçirilən layihələr və qarşılıqlı investisiya imkanları ilə tanış olmaq üçün böyük bir nümayəndə heyəti ilə gələn ay Bakıya gələcək Asossiasiya üzvləri dünən səfər öncəsi planlarını bölüşmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçiriblər.

Cənab Patil Pramod Puruşottam və Kolatkar Sandeep Mukund görüşün məqsədi barədə bildirib ki, məqsəd 7-9 sentyabr tarixlərində Bakıya  gələcək   bu asossiasyanın 40-a yaxın üzvünün intensiv görüşlər keçirmək və faydalı nəticələr əldə etməsi üçün bütün hazırlıqları həyata keçirməkdir.

Patil Pramod Puruşottam qeyd edib ki, səfər öncəsi təşkilatı məsələlərlə bağlı Azərbaycan sahibkarlarının ən böyük təşkilatı olan ASK ilə məsləhətləşmələr aparmağı qərara alıblar. Onun sözlərinə görə, ölkəmizin inşaat sektorunda və daşınmaz əmlak bazarında olan yeniliklərlə və layihələrlə tanışlıq, eyni zamanda qarşılıqlı əməkdaşlıq və birgə investisiya layihələrini dəyərləndirmək kimi hədəflər də gündəmdədir. Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov ASK haqqında məlumat verərək Azəbaycannın tikinti sektorundakı inkişaf trendlərindən söhbət açıb. O, hindistanlı iş adamları ilə azərbaycanlı sahibkarların görüşlərinin səmərəli olması üçün təşkilatı işlərdə qurumun onlara dəstək verəcəyini söyləyib. Qeyd edib ki, ASK-nın Tikinti Komissiyası fəaliyyət göstərir.

Hindistanın İnşaat Peşəkarları Asossiasiyasının nümayəndələri həmçinin Azərbaycanın tanınmış tikinti şirkətlərinin rəhbərləri və Bakı Şəhərsalma Agentliyi, eləcə də Bakı şəhərinin baş memarı ilə görüş keçirməyi, hər iki tərəfin iştirakı ilə dəyirmi masa və şirkətlər arasında B2B biznes kontaktlarının qurulmasını arzuladıqlarını xüsusi vurğulayıblar. Səfər çərçivəsində Hindistanın tikinti şirkətlərinin Bakının məşhur inşaat simaları olan Crystal Holl, Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionunu ziyarət etmək istəkləri də açıqlanıb. Qonaqlar bildiriblər ki, Hindistanda tikinti sektoru sürətlə inkişaf edir və yeniliklərdən qarşılıqlı faydalanmaq üçün əməkdaşlıq əlaqələrinin qurulması hər iki ölkə üçün müsbət nəticələr verə bilər.