Azərbaycan Sahibkarlar Konfederasiyası daha bir beynəlxalq tədbirə dəvət alıb

Azərbaycan Sahibkarlar Konfederasiyası daha bir beynəlxalq tədbirə dəvət alıb


Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Olqa Kulayeva Bakı səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüşüb. Görüşdə gələcək əməkdaşlıq imkanlarını müzakirə olunub.

Olqa Kulayeva “Sosial partnyorların birgə qərarı ilə yaradılmış Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətə başlamasını və bu yaxınlarda Azərbaycanın  Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsi münasibətilə Məmməd Musayevi  təbrik edib. Bu platforma çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının gələcəkdə daha fəal təmsil olunacağına ümid etdiyini qeyd edib. Beynəlxalq Əmək Təşkilatının  yeni əməkdaşlıq imkanlarından söhbət açıb. Onun sözlərinə görə, cari ilin oktyabr ayında  BƏT-ın 10-cuAvropa Regional İclasının Türkiyənin İstanbul şəhərində keçirilməsi nəzərdə tutulur. Konfransda məşğulluq və əmək münasibətlərinin tənzimlənməsi sahəsində mövcud  təcrübələr, o cümlədən Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar nümunə kimi göstəriləcək. ASK-nın prezidenti Məmməd Musayevi konfransa dəvət edən qonaq, daha sonra bu toplantı ilə bağlı mövcud vəziyyəti müzakirə edib. Olqa Kulayeva bildirib ki, gələn ilin may ayında BƏT-in Baş Direktoru Qay Rayderin ilk dəfə olaraq Azərbaycana səfəri nəzərdə tutulur. Səfər zamanı Davamlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı region üzrə mövcud vəziyyət müzakirə ediləcək.

Görüşdə  ölkədə işəgötürən – işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərin sosial-müdafiəsinin gücləndirilməsi və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirən Məmməd Musayev mütəmadi görüşlərin səmərəli işbirliyinə səbəb olacağını vurğulayıb. M.Musayev  Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ölkədə sivil sosial tərəfdaşlığın qurulmasında önəmli rol oynadığını qeyd edib, əmək bazarına səmərəli nəzarət sisteminin formalaşması üçün sosial dialoq müstəvisində aparılan işlərin önəmindən danışıb.

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi,  əmək bazarına dövlət nəzarətinin profilaktik tədbirlərə üstünlük verilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan islahatların BƏT tərəfindən dəstəkləndiyini bildirib. Azərbaycan tərəfinin, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyasının  ötən dövr ərzində  BƏT-lə əmək,  sosial hüquqların təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu, növbəti illərdə də bu müstəvidə fəaliyyət göstərəcəklərini istisna etməyib.

Görüş zamanı gələcəkdə hər iki təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə xüsusi diqqət çəkilib və bu istiqamətdə geniş  müzakirələr aparılıb.