Azərbaycanda əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması layihəsinin icrasına başlanılıb


Avropa İttifaqının maliyyələşdirdiyi və Latviya Ticarət və Sənaye Palatası tərəfindən həyata keçiriləcək "Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması" layihəsinin icrasına başlanılıb.

Bununla bağlı sentyabrın 20-də keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu layihənin icrasının ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə təkan verəcəyini deyib. Nazir müavini dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib. Qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur.

Layihə barədə məlumat verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Jeroen Villems qeyd edib ki, məqsəd Azərbaycan Respublikasında emal sənayesi sahələrinin rəqabət qabiliyyətinin artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə dəstək göstərilməsidir. Layihədə, həmçinin emal sənayesinin bir sıra sahələrində professional biznes assosiasiyalarının yaradılması, emal sənayesinin pilot sektorları ilə bağlı ilkin iqtisadi əsaslandırmanın həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Ceyhun İsayev özəl sektorun inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərdən danışıb, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin artırılması, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Latviya Respublikasının Azərbaycandakı səfiri Juris Maklakovs Azərbaycan və Latviya arasında əlaqələrin inkişaf etdiyini deyib, "Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması" layihəsinin ölkəmizdə emal sənayesinin inkişafında əhəmiyyətli olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığın genişlənməsində önəmli olacağını diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin,Azərbaycan Sahibkarlar Konfederasiyasının, aidiyyəti qurumların nümayəndələrinin və sahibkarların iştirak etdikləri tədbirdə layihənin icrası, qeyri-neft emalı sahələrinin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.