ASK Baş katibinin müavini Tallində Aİ Şərq Tərəfdaşlığı Biznes Forumunda iştirak etmişdir

ASK Baş katibinin müavini Tallində Aİ Şərq Tərəfdaşlığı Biznes Forumunda iştirak etmişdir


 Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov bu ilin oktyabr ayının 26-27-də Estoniyanın paytaxtı Tallin şəhərində təşkil edilmiş Aİ  Şərq Tərəfdaşlığı Forumunda iştirak etmişdir.  Sayca dördüncü olan bu forumda Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-nin üzv dövlətlərindən 450-dən çox biznes rəhbəri, siyasətçi və dövlət rəsmisi iştirak etmişdir. Bu tədbir, 24 noyabr 2017-ci il tarixində Brüsseldə keçiriləcək 5-ci Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq çərçivəsində keçirilmiş əsas tədbirlərdən biridir.

 Forumu giriş sözü ilə Estoniya Respublikasının prezidenti xanım Kersti Kaljulaid açmışdır. O, iştirakçıları eston xalqı adından salamlamış, tədbirin əhəmiyyəti, Aİ ölkələrinin Şərq Tərəfdaşlığı dövlətləri ilə əməkdaşlığa böyük önəm verməsi barədə bəhs etmişdir. Xanım Kaljulaid bildirmişdir ki, bir zamanlar kiçik Estoniyanın Aİ sıralarına qəbulu zamanı bu ölkədə qısa müddətdə iqtisadi yüksəlişin, xüsusən yüksək texnologiyalar, avtomatlaşdırma, İT sahəsində sıçrayışın baş verəcəyi heç kimin ağlına gələ bilməzdi. Hazırda qeyd olunan sahələr üzrə gəlirlər ölkə büdcəsinin əsas hissəsini formalaşdırır. Buna görə də, Estoniya prezidenti əminliklə vurğulamışdır ki, hazırda Aİ Şərq Tərəfdaşlığı ölkələri arasında elələri vardır ki, onlar növbəti on ildə bütün Aİ ölkələri arasında, ümumən dünyada ən uğurlu iqtisadi nəticələrə imza atacaqlar.

 Forum zamanı Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Yohannes Hahn,  Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallas, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak, Avropa İnnovasiya Akademiyasının prezidenti Alar Kolk və digərləri çıxış etmişlər.

Rəsmi hissədən sonra rəsmi və biznes görüşlər baş tutmuşdur. ASK Baş katibinin müavini Fuad Hümbətov 50-dən artıq biznesə dəstək təşkilatı nümayəndələri, rəsmi şəxslər və işadamları ilə görüş keçirmişdir. Hazırda qeyd olunan bir sıra biznesə dəstək təşkilatları ilə gələcək əməkdaşlıq əlaqələri barədə memorandumun imzalanması üzərində iş həyata keçirilir.

Bundan əlavə, F.Hümbətov tədbiri işıqlandıran yerli televiziya kanallarına son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, strateji yol xəritələrinin icrası, xüsusən kiçik və orta sahibkarlığın inkişafı barədə müsahibə vermişdir.