Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Yunnan Bölməsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanmışdır


Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Yunnan Əyaləti Bölməsi (CCPİT) və Çin Beynəlxalq Ticarət Palatasının (CCOİC) nümayəndələri Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşlar. Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan Əyaləti Bölməsinin sədri Liu Quangxinin rəhbərlik etdiyi nümayəndə heyəti 4 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə  görüşmüşdür. Görüş zamanı  Çinlə Azərbaycan arasında iqtisadi-ticari, sərmayə, gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu gün Azərbaycan və Çin arasında çoxtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında əməkdaşlıq münasibətlərində iqtisadi-ticari əlaqələr xüsusi yer tutur. Son vaxtlar ölkə  iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə bir sıra mühüm addımlar atıldığını deyən Məmməd Musayev bu istiqamətdə həyata keçirilən konkret layihələrdən söhbət açmışdır. O, bildirmişdir ki, baramaçılığın inkişafı üçün bu yaxınlarda Çindən Azərbaycana 1 mln.dan çox tut tingi gətirilmişdir. Bu tinglər yaxın gələcəkdə  ipək istehsalının inkişafında  xüsusi əhəmiyyətə malik olacaqdır. 

Bu günədək Çinin müxtəlif təşkilatları ilə əməkdaşlıq etdiklərini deyən Məmməd Musayev vurğulayıb ki, yerli iş adamları üçün yeni biznes imkanlarının əldə edilməsi,  iki ölkə arasında sahibkarlığın və biznesin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsində Konfederasiya maraqlıdır.Odur ki, ipəkçiliyin inkişafı və digər istiqamətlərdə Çinlə əməkdaşlıq  Azərbaycan iqtisadiyyatı, o cümlədən özəl sektorun canlanmasında  əhəmiyyətli olacaqdır.

Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan Əyaləti Bölməsinin sədri Liu Quangxi bildirib ki, Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Yunnan Bölməsi 1980-ci ildə yaradılmışdır. Hal-hazırda isə  Çinin iqtisadi və ticarət sektorlarını təmsil edən ən iri təşkilat və müəssisələri öz ətrafında birləşdirən qurum hesab olunur. Şuranın əsas məqsədi  hökumət və özəl müəssisələrə xidmət göstərmək, xarici ticarəti, xarici sərmayələrin cəlbini və özəl sektorun və iqtisadi əməkdaşlığın beynəlmiləlləşməsini təşviq etməkdir. 3000-ə yaxın müəssisəni öz ətrafında birləşdirən Yunnan Əyaləti Bölməsi dünyanın 70-dən çox ölkəsində biznesə dəstək təşkilatları  ilə əməkdaşlıq edir.

Liu Quangxi Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığı genişləndirmək üçün böyük imkanların olduğunu qeyd edib. Qonaq  gələn ilin aprel ayında Yunnan əyalətində təşkil ediləcək Çin-Cənubi Asiya beynəlxalq sərgisinə ASK-nın nümayəndə heyətini dəvət etmişdir.

Nümayəndə heyətinin tərkibində Çin Beynəlxalq Ticarət Palatasının  Baş Katibi Yu Jianlong bildirmişdir ki, ilk dəfə olaraq ölkəmizə səfət edir, Bakı şəhərinə isə valeh olmuşdur. O, gələn ilin iyun ayında “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Beynəlxalq Ticarət Palatası ilə birlikdə Çində təşkil ediləcək konfransa ASK-nın rəhbərini sahibkarlarla birgə dəvət etmişdir.

Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan Bölməsi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Müqaviləni Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və  Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan Əyaləti Bölməsinin sədri Liu Quangxi imzalamışlar.

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan Əyaləti Bölməsi arasında imzalanan Əməkdaşlıq barədə Anlaşma Memorandumu gələcəkdə hər iki təşkilat arasında əməkdaşlığın genişlənməsinə zəmin yaradacaq və ölkələr arası iqtisadi, ticari əlaqələrin, infrastruktur layihələrin inkişafına rəvac verəcəkdir.

Qeyd edək ki, Çinli nümayəndə heyətini maraqlandıran əsas sahələr ticarət, kənd təsərrüfatı, turizm, İKT və beynəlxalq sərgilərin keçirilməsi olmuşdur.