Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb


25 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi  Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar.

Müqavilənin imzalanmasında əsas məqsəd Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının  üvlərinə və azərbaycanlı sahibkarlara ticarət və investisiyanın təşviqi üçün geniş imkanları tanımaq, müvafiq biznes icmaları arasında qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək, ticarət və sənaye əlaqələrinin qurulması istiqamətində birgə əməkdaşlıq etməkdir.

Mərasimdə ASK-nın prezidenti Məmməd Musayev öz çıxışında imzalanan Memorandumun gələcəkdə hər iki tərəf üçün faydalı olacağını vurğulayaraq, Azərbaycanda hazırda körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərdiyini, Körfəz ərəb ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə 300 mln. dollar investisiya yatırılmasını, 2016-cı ildə isə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi 86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollardan çox olduğunu bildirib.

Daha sonra Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi  Abdülrahim Naqi çıxış edərək bildirib ki, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərinin daxil olduğu Körfəz Əməkdaşlıq Şurası (KƏŞ)  25 may 1981-ci il tarixində qurulmuş hökumətlərarası regional siyasi və iqtisadi birlikdir.  Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının isə 14 oktyabr 1979-cu ildə Səudiyyə Ərəbistanda əsası qoyulmuş, 6 ölkənin 40 müxtəlif Sənaye və Ticarət Palatasının üzv olduğu Körfəz ölkələrinin ticarət və sənaye palatalarını və federasiyalarını birləşdirən ən böyük təşkilat hesab olunur.

Tərəflərin çıxışlarından sonra  Anlaşma Memorandumunun imzalanma mərasimi keçirildi.

 

Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən hər iki tərəf  bundan sonrakı fəaliyyətində müvafiq biznes icmaları arasında ticarət, investisiya, o cümlədən, iqtisadi, elmi və texnoloji əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək KƏŞ ölkələri və Azərbaycan Respublikasının sahibkarları arasında ticarət və iqtisadi əlaqələrin təşviqi və genişləndirməsi istiqamətində tədbirlər görülməsində birgə əməkdaşlıq edəcək, mütəmadi olaraq qarşılıqlı maraqlar əsasında informasiya mübadiləsi  aparacaqdır.

Birgə Əməkdaşlığın istiqamətlərinə, o cümlədən, Körfəz Əməkdaşlıq Şurası ölkələri və Azərbaycandan olan sahibkarlarla birgə investisiya müqavilələri bağlamaq, həmçinin üçüncü dünya ölkələrinin layihələrində müştərək iştirak etmək üçün yardım etmək və s. kimi məsələlər də daxil edilib.

Memorandumda iqtisadi əməkdaşlığı inkişaf etdirmək və genişləndirmək məqsədi ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri və Azərbaycanda keçirilən milli, beynəlxalq və ixtisaslaşmış sərgilər, informasiya bürosu, simpozium, konfransların keçirilməsi, o cümlədən, hər iki regionda təlim kurslarının təşkil olunması zamanı tərəflərin qarşılıqlı öz zəruri dəstəyin göstərilməsi də nəzərdə tutulub.