Sahibkarlara ödənişsiz listinq xidmətləri təklif edilir


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda marifləndirici görüş keçirilib. Görüşdə Bakı Fond Birjasının (BFB) nümayəndələri ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov kapital bazarları vasitəsilə maliyyəşmənin üstünlüklərindən danışıb. V.Zeynalov bildirib ki, əksər hallarda sahibkarlar vəsait cəlb etmək üçün banklara üz tuturlar, halbuki qiymətli kağızlar emissiya etməklə də maliyyə problemlərini həll edə bilərlər. V.Zeynalov əlavə edib ki, Azərbaycanda şirkətlərin listinqə marağının artırılması, maliyyə bazarlarının inkişafı 2016-cı ildə təsdiq olunmuş Strateji Yol Xəritəsində də öz əksini tapıb.
Bakı Fond Birjasının İdarə Heyətinin sərdi Vüqar Namazov bildirib ki, sahibkarların bu sahəyə marağının artırılması üçün davamlı olaraq marifləndirici tədbirlər keçirilir və əvvəlki illərlə müqayisədə bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. 
MBNP-nın İdarə Heyətinin üzvü cavid Nəzərov bildirilib ki, BFB bu məqsədlə sahibkarlar üçün ödənişsiz Listinq Məsləhət Proqramı həyata keçirir.Proqramın məqsədi şirkətləri kapital bazarının üstünlükləri və buradan vəsait cəlb etməyin yolları barədə məlumatlandırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Samir İsamayılov qeyd etdi ki, səhm və istiqraz bazarlarının səmərəli fəaliyyəti, şirkətlərin listinqə daxil olması üçün onlar maliyyə şaffaflığı və hesabatlılıq kriteriyalarına uyğun fəaliyyət göstərməlidirlər. Vurğulanıb ki, kapital bazarının inkişafında məqsəd maliyyə resurslarının səmərəli bölüşdürülməsini təmin etməkdir. 
Daha sonra tədbirdə kapital bazarlarında maliyyələşmə, sahibkarların listinqə çıxışı, qiymətli kağızların emissiyası mövzuları üzrə təqdimatlar keçirilib və iş adamlarının sualları cavablandırılıb.