Sahibkarların təklifləri dinlənilib

Sahibkarların təklifləri dinlənilib


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  “Kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında”  Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə edilib. Müzakirələrdə Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul şəxsləri ilə yanaşı, Auditorlar Palatası, Azad İstehlakçılar Birliyi, bır sıra assosiasiyaların rəhbərləri iştirak ediblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov bildirib ki, “Kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında”  Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsinə ehtiyac yaranıb, assosiasiya rəhbərlərinin təklifləri ASK üçün olduqca əhəmiyyətlidir. Vüqar Zeynalov qeyd edib ki, yanaşmalar fərqli ola bilər, hər hansı sistemliliyin olması isə  təqdirəlayiqhaldır.

ASK-nın Hüquq və əmək münasibətləri şöbəsinin müdiri Xəqan Hümmətzadə  bildirib ki, hazırlanmış qanun layihəsində sahəvi assosiasiyaların təmsilçilik kriteriyaları da öz əksini tapmalıdır. Belə ki, bu kriteryalar yaradılacaq təşkilatların daha geniş üzvlük əhatəsinə malik olmasına və  dayanıqlı mövcudluğuna səbəb  olacaqdır.

Daha sonra assosiasiya rəhbərləri  bir sıra təkliflər səsləndiriblər. Bildiriblər ki, fəaliyyətlər sahələrinə uyğun onlara səlahiyyətlər versələr daha səmərəli fəaliyyət göstərmiş olarlar. Hal-hazırda mövcud olan sahəvi assosiasiyaların fəaliyyəti də nəzərə alınsın. Həmçinin  sahibkarlar (hüquqi şəxs) tərəfindən  assosiasiyalara ödənilən üzvlük haqqlarının gəlirdən çıxılan  xərclərə daxil edilməsi təklif olunub.

Müzakirələr davamlı xarakter daşıyacaq, təkliflər toplanaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə  təqdim olunacaq.