skip to Main Content

Məmməd Musayev

Aqrarkredit QSC-nin İdarə Heyətinin sədri, ASK-nın prezidenti

 

Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur.

1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.

1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır.

Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Zilaat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.

Hazırda onun rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.

İşlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.

Ailəlidir, üç övladı var.

Back To Top