Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

ASK  haqqında

5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Respublikasında işəgötürənlərin ictimai birliyi olaraq, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onlara ölkədə və xaricdə tərəf-daşlar tapmağa kömək edən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, Konfederasiya üzvlərinin biznesini müxtəlif risklərdən qoruyan, özünü idarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
ASK ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında respublikanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, yüksək səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə müvəffəqiyyətli inteqrasiyası, ölkədə mövcud problemlərin həlli və əhalinin maddi rifahının yaxşılaşdırılması üçün özəl sektorun inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.
Konfederasiya Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 2001-ci ildən başlayaraq üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar Ittifaqları Konfederasiyası və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir;

ASK Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Asosiyasiyasının, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin və digər beynəlxalq təşkilatlarının üzvüdür.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İran, Türkiyə, Misir, Koreya, Yunanıstan, Macarıstan, Hindistan, Latviya, Rumıniya, Rusiya, İtaliya və İsrailin Azərbaycandakı səfirlikləri, Dünya Bankı, Avropa birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatlarla, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq edir.

ASK-nın üzvlərə göstərdiyi xidmətlər:

-Sahibkarların məhkəmələrdə, mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında hüquqlarının müdafiəsi;

-Biznes forumlarda sahibkarların iştirakını təmin etmək;

-Treninq və seminarların təşkili;

-Menecerlərin Avropa ölkələrində pulsuz təhsili;

-Xarici ölkələrdən ekspertlərin dəvəti;

-Xarici ölkələrə biznes səfərlərin təşkili;

-Analitik informasiyaların hazırlanması;

-Maliyyə institutları haqqında məlumatlar;

-Hüquq məsləhət xidmətləri;

-Ölkə daxilində və xaricində sahibkarların güzəştli şərtlərlə iştirakı;

-Sahibkarların hüquqi maarifləndirilməsi;

-Biznes təkliflərinin  yayılması; 

-“Biznes Həyatı” jurnalında reklamların yerləşdirilməsi.