Azərbaycan Sahibkarlar Konfederasiya ilə Hindistanın Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Hindistanın PHD Ticarət və Sənaye Palatasının və Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib. Tədbirdə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri və digər müxtəlif sektorları təmsil edən şirkətlərin nümayəndələri və Azərbaycanın dövlət orqanlarının rəsmiləri iştirak ediblər.
Əvvəlcə Hindistanın Ticarət-Sənaye Palatasının fəaliyyətindən və tarixindən bəhs olunan video çarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev bildirib ki, Hindistan-Azərbaycan əlaqələri dərin tarixi kökə malikdir, hər iki ölkə ərazi bütövlüyü, suverenlik prinsiplərinə hörmət edir: “Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyə böyük imkanlar yaranıb. Bu gün keçirilən biznes forumu hər iki tərəfin iş adamlarını daha fəal əməkdaşlığa həvəsləndirəcək və uğurlu nəticələrə gətirib çıxaracaq. İnanırıq ki, bu tədbir yeni əməkdaşlıq sahələrinin inkişafına da zəmin yaradacaq”,- deyə nazir müavini bildirib ki, Azərbaycan Hindistanla neft, əczaçılıq sahələrində də uğurla əməkdaşlıq edir. Azərbaycanda dərman istehsalı ilə bağlı Hindistanın əczaçılıq şirkətləri ilə birgə müəssisələrin yaradılmasına dair razılıq əldə olunub. Qeyd olunub ki, Hindistanın neft şirkətləri Xəzərin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft-qaz yataqları blokunun işlənməsi layihəsinə də investisiya yatırıb. Nazir müavini bildirib ki, iki ölkə arasında birbaşa çarter reyslərinin fəaliyyətə başlaması üçün hazırlıq işləri aparılır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirdi ki, Konfederasiya Hindistanın daha bir qədim və böyük ticarət palatası olan Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamaq və əməkdaşlığın ilk uğurlu nümunəsi kimi “Hindistanın ən yaxşıları” sərgisinin tərəfdaşı olmaqdan məmnundur: “Bu sərgi Hindistan şirkətlərinin öz yeni məhsul və xidmətlərini nümayiş etdirməsi, Azərbaycandan olan potensial biznes tərəfdaşlar və istehlakçılarla üzbəüz görüşməsi üçün gözəl fürsətdir. İnanıram ki, bu tədbir Azərbaycan və Hindistanın biznes sektorları arasında əlaqəni daha da gücləndirəcək, iki ölkə arasında qarşılıqlı ticarət və investisiya üçün yeni imkanların yaranmasında böyük rol oynayacaqdır”- deyə M.Musayev bildirib.
Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsinin davamlı şəkildə artığını deyən ASK-nın prezidenti qeyd edib ki, 2015-ci ildə ticarət dövriyyəsi 50 milyon dollar idisə, 2017-ci ildə bu rəqəm 460 milyon dolları ötüb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Hindistan şirkətləri üçün çox gözəl şərait yaradılıb. Hindistan Azərbaycanın 15 ən böyük tərəfdaşından biri olduğunu deyən AZPROMO rəhbəri bildirdi ki, Hindistan Azərbaycana 200 milyon dollar dəyərində investisiya yatırıb. O, qeyd edib ki, ölkəmizdə şirkətləri qeydiyyatdan keçirmək olduqca rahatdır, xidmətlərin elektronlaşması sahibkarların işini xeyli asanlaşdlırıb:
“Azərbaycanda sənaye parklarında xarici investorlar üçün güzəştli şərtlər təklif olunur. Onlar istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən, gömrük rüsumlarından, torpaq vergisindən azad olunur. Bundan başqa, investisiya təşviqi sənədinin sahibləri mənfəət vergisini 50% güzəştlə ödəyirlər”.
Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Hindistanın Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb. ASK tərəfindən sənədi Məmməd Musayev, qarşı tərəfdən Palatanın baş katibi Saurabh Sanya imzalayıblar.