Azərbaycan nümayəndə heyəti “2-ci Məkkə Halal Forumu”nda iştirak edib

Fevralın 25-dən 27-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində “2-ci Məkkə Halal Forumu” keçirilib.
İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə üç gün davam edən foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar. Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və şirkətlər də iştirak edirlər.
Forum çərçivəsində Məkkədə iştirakçı şirkətlərin məhsullarını təqdim etməsi üçün sərgi təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, AZPROMO-nun dəstəyi, KOBİA-nın tərəfdaşlığı ilə sərgidə “Azərbaycan pavilyonu” qurulub. Pavilyonda Azərbaycan bayrağı altında kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərib.
“Azərbaycan pavilyonu” sərgi iştirakçılarının böyük marağına səbəb olub. Xüsusən də Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara geniş məlumat verilib. Şirkətlər halal sənaye üzrə idxalçı şirkət və qurumlarla görüşlər keçiriblər və yeni əməkdaşlıqlarla bağlı niyyətlər ifadə olunub.
Eyni zamanda forum böyük rezonansa səbəb olub. Tədbirdə dayanıqlı halal qida və içki sənayesi üçün innovasiyalar, dayanıqlı halal biznesin inkişafında şəriətin rolu, qlobal halal əməkdaşlıq üçün imkanlar, halal biznesdə qadının rolunun gücləndirilməsi, halal təchizat zəncirinin idarə edilməsi və digər mövzular ətrafında geniş panel müzakirələri və “dəyirmi masa”lar keçirilib.
İslam Ticarət və İnkişaf Palatasının Direktorlar Şurasının üzvü Məmməd Musayev tədbir çərçivəsində bir neçə əhəmiyyətli görüşlər keçirib. Bunlardan Türkiyənin Isparta Ticarət və Sənaye Palatasının (ITSO) sədri Metin Çelik, Böyük Britaniya Müsəlman Ticarət Forumunun sədri Sir İqbal Sacranie OBE-nin rəhbərlik etdiyi nümayəndə heyəti, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Davronbel Kadambayeviç Kurbanov, İndoneziya Ticarət və Sənaye Palatası, Səudiyyə Ərəbistanı üzrə ikitərəfli komitənin sədri Mohamad Bavazi, Nigeriya Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palataları Assosiasiyasının vitse-prezidenti Jani Abdulqaniyyu İbrahim ilə görüşləri xüsusi qeyd etmək olar.
Görüşlərdə ikitərəfli əməkdaşlıq, halal sənayesi üzrə idxal-ixrac əməkdaşlığı və bu sahədə Azərbaycan sahibkarlarının potensialı, ölkəmizin biznes, investisiya imkanları, bu sahədə təşviq alətləri müzakirə edilib.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında, dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən “Məkkə Halal Forumu” artıq ikinci ildir ki, keçirilir. Forum qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlığı yüksəltmək məqsədi daşıyır. Forum çərçivəsində “dəyirmi masa” və müzakirələr, B2B görüşlər və canlı aşpazlıq şouları iştirakçıların marağına səbəb olub.