Turizmçilər Zəngilana səfər ediblər

Aprelin 5-6-da turizm şirkətlərinin və media nümayəndələrinin iştirakı ilə Azərbaycanın Zəngilan rayonuna və burada fəaliyyətə başlayan “Ağalı Hotel”ə tanışlıq turu keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Skal İnternational” turizm peşəkarları təşkilatının Bakı klubunun rəsmi dəstəyi, “Premier Qroup” MMC-nin təşəbbüsü ilə reallaşan infotur maraqlı təqdimatlarla yadda qalıb.
Ruslan Quliyev infotur iştirakçıları ilə görüşü zamanı bildirib ki, ilk dəfədir Zəngilana tanıtım turu təşkil olunur. “Bu tədbir dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir”, – deyən assosiasiya sədri qeyd edib ki, əsas məqsəd Şərqi Zəngəzur, o cümlədən bölgənin turizm baxımından ən potensiallı rayonu olan Zəngilanın turizm imkanlarının təbliği, buraya turistlərin cəlbidir: “Zəngilan turizm sahəsinin əksər istiqamətlərinin inkişafı baxımından unikal imkanlara malikdir. Eyni zamanda Zəngəzur dəhlizinin üzərində yerləşməklə, onun mühüm qolunu təşkil edir. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması burada alternativ turizm növlərinin inkişafına da mühüm zəmin yaradacaq”.
Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin sektor müdiri Fəqan Hüseynovun sözlərinə görə, “Böyük qayıdış” proqramında Qarabağ İqtisadi Rayonunda turizmin inkişafı prioritet məqsədlərdən biri kimi qarşıya qoyulub.
İnfotur iştirakçılarına Ağalı kəndi haqqında məlumat verilib. Bildirilib ki, Ağalı Azərbaycanda “Ağıllı kənd” konsepsiyası əsasında tikilən birinci kənddir. 2021-ci ildə ölkə Prezidenti tərəfindən əsası qoyulub, 2022-ci ilin yayında buraya artıq köç başlayıb. BMT-nin 17 dayanıqlı inkişaf məqsədindən bir neçəsinə Ağalıda əməl olunub. Kəndin ən ucqar nöqtəsindən mərkəzinə piyada 15 dəqiqəyə çatmaq olur. Kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən meyvəçilik, heyvandarlıq, əkinçilik inkişaf edir. Horadiz-Ağbənd dəmir və şose yolları kəndin yaxınlığından keçir. Bu yollar həm də Zəngəzur dəhlizinin tərkib hissəsidir.